Məhkəmə qərarları › İş №e-2(004)-2507/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2507/2022

08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2507/2022 08.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər X4 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər X4 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 1638,61 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 1966,09 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 384,79 ABŞ dolları borcunun, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış 1296,02 ABŞ dolları cərimə borcunun, cəmi 5285,51 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 135 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Təbriz filialı tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqaviləni pozmuşdur. Digər cavabdeh X4 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bugünədək borcu ödənilməsi üçün heş bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 135 saylı istehlak kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 18 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 1900 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən LPO Atrabank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 mart 2015-ci il tarixli 11-1- ******************** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu xx.xx.2021-ci il tarixə 1638,61 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 1966,09 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 384,79 ABŞ dolları borc, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış 1296,02 ABŞ dolları cərimə borcu, cəmi 5285,51 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 2346 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və X4 müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı xəbərdar olunmuşlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1. maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır:. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə onu da qeyd edir ki, tələb digər cavabdeh X2 münasibətdə təmin edilməməlidir. Belə ki, zaminlik müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Müvafiq kredit razılaşması üzrə icra müddəti xx.xx.2016-cı il tarixdə başa çatmışdır. Hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə ilk dəfə zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göstərilən normaların tələbi baxımından zaminə qarşı öhdəliyin icrası vaxtından bir il ərzində iddia irəli sürülmədiyindən xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməlidir. Zaminlik müqaviləsi üzrə zaminliyə xitam verildiyindən iddia tələbi cavabdeh X2 münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, bank zamin X2 qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə cavabdeh X2 qarşı iddia tələbi ona aid hissədə rədd edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər borcları iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını və digər borcları ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 1638,61 ABŞ dolları əsas borc, 1966,09 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 384,79 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4039,49 ABŞ dolları pul vəsaiti və 79 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimə pulunun 1296,02 ABŞ dolları məbləğində deyil, 50 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 110 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 79 manat məbləğində cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 1638,61 (min altı yüz otuz səkkiz dollar altmış bir sent) ABŞ dolları əsas borc, 1966,09 (min doqquz yüz altmış altı dollar doqquz sent) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 384,79 (üç yüz səksən dörd dollar yetmiş doqquz sent) ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4039,49 (dörd min otuz doqquz dollar qırx doqquz sent) ABŞ dolları pul vəsaiti və 79 (yetmiş doqquz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar