Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2511/2022 16.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 1286,46 (bir min iki yüz səksən altı manat, 46 qəpik) AZNbundan 523,66 (beş yüz iyirmi üç manat, 66 qəpik) AZN əsas, 394,02 (üç yüz doxsan dörd, 02 qəpik) AZN faiz, 295,56 (iki yüz doxsan beş manat, 56 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73,22 (yetmiş üç manat, 22 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 32,87 (otuz iki manat, 87 qəpik) AZN dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2014-cü il tarixli 857893 SSUDA hesablı Kredit Kartın verilməsi və İstifadəsi üzrə Müqaviləyə əsasən bank müştəriyə 36 (otuz altı) ay müddətinə 1300 (bir min üç yüz) manat məbləğində kredit xətti açılmışdır. Kredit Müqaviləsi üzrə bağlanmış 19.04.2017-ci il tarixli Əlavə Sazişə əsasən Müqaviləyə dəyişikliklər edilmişdir. Əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit Müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 1297,58 (bir min iki yüz doxsan yeddi manat, 58 qəpik) AZN edən qalığı kreditə çevrilmişdir. Kreditin müddəti 19.04.2019-cu il tarixinə kimi uzadılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdehmüəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 28.02.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1286,46 (bir min iki yüz səksən altı manat, 46 qəpik) AZN təşkil edir. Bundan 523,66 (beş yüz iyirmi üç manat, 66 qəpik) AZN əsas, 394,02 (üç yüz doxsan dörd, 02 qəpik) AZN faiz, 295,56 (iki yüz doxsan beş manat, 56 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73,22 (yetmiş üç manat, 22 qəpik) AZN faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********226 saylı 14.02.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh həmin müqavilə üzrərinə düşən öhdəliri yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13.11.2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqavilənin məzmunundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 (otuz altı) ay müddətinə, 1300 manat məbləğində kredit xətti açmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.04.2017-ci il tarixli, 1 saylı Əlavə Sazişdən görünür ki, 857893-saylı, kredit kartı üzrə 1297.58 manat təşkil edən qalıq məbləğ kreditə çevrilir və kreditin müddəti 19.04.2019-cu il tarixinədək uzadılır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 30.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 19.04.2017-cü il tarixli Sazişə əsasən 523,66 manat əsas, 394.02 manat faiz, 295,56 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73.22 manat faiz borcu olmaqla, cəmi 1286,46 manat məbləğində borcu vardır. Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 14.02.2022-ci il bildirişdən müəyyən olunur ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 19.04.2017ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borc məbləğinin tam olaraq 3 (üç) iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə, bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. 07.04.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 33,27 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13.11.2014-cü il tarixli kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh 36 (otuz altı) ay müddətinə, 1300 manat məbləğində kredit xətti açmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.04.2017-ci il tarixli, 1 saylı Əlavə Sazişə əsasən kredit kartı üzrə 1297.58 manat təşkil edən qalığı kreditə çevrilmiş və kreditin müddəti 19.04.2019-cu il tarixinədək uzadılmışdır. İş üzrə İddiaçı ASC qeyd olunan məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini pozmuş və 523,66 manat əsas, 394.02 manat faiz, 295,56 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73.22 manat faiz borcu olmaqla, cəmi 1286,46 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, müqavilə üzrə yaranmış 526,66 manat məbləğində əsas borc və 394,02 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 295,56 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən ödəməli olduğu məbləğləri ödəmədiyi və kredit müqaviləsi qüvvədə olduğu müddətdə deyil, müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra iddia müddətini gözləyərək məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 73.22 manat məbləğində faiz məbləğinin cavabdehdən tutulmasını xahiş etsə də, hal-hazırda ləğv prosesində olduğu vəziyyətdə, onun kredit vermək (əldən çıxmış faydanı yenidən tədavülə buraxaraq gəlir əldə etmək) imkanı olmadığı halda, əldən çıxmış faydanın nədən ibarət olmasına dair sübutlar təqdim edə bilməmişdir. Bu səbəbdən iddia tələbi gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 73.22 manat məbləğində faiz məbləği hissəsində əsassızdır və rədd edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 32,87 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 523,66 (beş yüz iyirmi üç manat altmış altı qəpik) manat məbləğində əsas borc, 394,02 (üç yüz doxsan dörd manat iki qəpik) faiz borcu, 50 (əlli) manat cərimə, cəmi 967,68 (doqquz yüz altmış yeddi manat altmış səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 32,87 (otuz iki manat səksən yeddi qəpik) manat dövlət rüsumu iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2511/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2511/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver