Məhkəmə qərarları › İş №e-2(004)-2545/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2545/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2545/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh mülkiyyətində olan və idarə etdiyi **-DY-*** dövlət nömrə nişanlı “BMW 530İ” markalı avtomobil İddiaçı məxsus **-VV-*** dövlət nömrə nişanlı “Audi A8L” markalı avtomobili vurmuş və iddiaçıya məxsus **-VV-*** dövlət qeydiyyat nişanlı, “Audi A8L” markalı avtomobilə 27503 manat maddi zərər vurulmuşdur. Vurulmuş zərərin 4350 manat hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir. Qalan 23153 manat məbləğin və dövlət rüsumuna görə ödənilmiş 159,46 manat olmaqla, ümumilikdə 23312,46 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş olunur. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin qismən, yəni 613 manat hissədə təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin qismən, yəni 613 manat hissədə təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərara əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinin tələblərinə əsasən cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına xx.xx.2024-cü il tarixli qüsur aktı əlavə edilmişdir. Sözügedən akta əsasən müəyyən edilir ki, **-VV-*** dövlət qeydiyyat nişanlı, “Audi A8L” markalı avtomobilə vurulmuş zərərin təmir-bərpa xərci ümumilikdə 6750 manat təşkil edir. İş materiallarına əlavə olunmuş "xxxx" tərəfindən tətbiq edilmiş 129163 nömrəli, xx.xx.2024-cü il tarixli sığorta aktına əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus **-VV-*** dövlət qeydiyyat nişanlı, “Audi A8L” markalı avtomobilə dəymiş zərər ekspertiza keçirilməklə 6750 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzə əsasən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən İddiaçı 4567 manat sığorta ödənişi edilmişdir. İş materiallarına İddiaçı yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə 6750 manat məbləğində zərər dəyməsi ilə bağlı razılığını ifadə edən məktub əlavə olunmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/4306 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən olunur ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixində tərtib olunmuş qüsur aktına əsasən “**-VV- ***” dövlət qeydiyyat nişanlı, “Audi A8L” markalı avtomobilin təmir-bərpa xərci 27503 manat təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/6991 nömrəli xx.xx.2024-cü il tarixli tərkar ekspertiza rəyinə əsasən müəyyən olunur ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixində tərtib olunmuş qüsur aktına əsasən “**- VV-***” dövlət qeydiyyat nişanlı, “Audi A8L” markalı avtomobilin təmir-bərpa xərci 5180 (beş min yüz səksən) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Belə ki, MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 (qırx) manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlərin hər üçü yerinə yetirilir, mübahisə üzrə MM-in 1108-ci maddəsində göstərilən əsaslar müəyyən edilir. Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi üzrə təqsirli bilinməsi mülki işin mübahisəsiz halıdır. Vurulmuş zərərlə bağlı məhkəmə müvafiq ekspertiza rəyini əsas götürür. Belə ki, ekspert rəyi ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş sığorta aktında vurulmuş zərərin məbləği ilə bağlı müəyyən fərq (1570 manat) vardır. Lakin, məhkəmə hesab edir ki, xüsusi biliklərə malik şəxslər olan ekspertin müəyyən etdiyini rəy daha əsaslı və mötəbərdir. Yəni, iddiaçıya məxsus **-VV-*** dövlət nömrə nişanlı “Audi A8L” markalı avtomobilin təmir-bərpa xərci təxminən 5180 (beş min yüz səksən) manat təşkil etməsi xüsusatını məhkəmə qəbul edir (ağlabatanlıq prinsipinə əsasən avtomobilin fotoşəkilləri də nəzərə alınmaqla). Mülki iş üzrə keçirilmişi lkin və təkrar ekspertiza rəyi üzrə məhkəmə 2-cisini (təkrar) ədalətli və obyektiv nəticəyə gəlmək üçün əsaslı hesab edir. Belə ki, ilkin rəy iddiaçının özü tərəfindən təqdim edilən qüsur aktı, təkrar rəy isə xx.xx.2024-cü il tarixli 203652 nömrəli ilkin qüsur aktına əsasında tərtib edilmişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qüsur aktları arasında kəskin fərqin olması və ilkin rəy tərtib edilərkən iddiaçının rəyə etiraz etməməsi, əksinə rəydəki məbləğlə razılaşması sonrakı, yəni, xx.xx.2024-cü il tarixli qüsur aktının şişirdilmiş əsaslarla tərtib edilməsinə inam yaradır. İddiaçının vəkili məhkəmə iclasında iddiaçının avtomobilə həqiqətən yüksək məbləğdə xərc çəkdiyini, bunun həqiqət olmasına məhkəməni inandırmağa çalışsa da, məhkəmə izah edir ki, qətnamə hakimin və ya vəkilin inamı ilə deyil, qanun və işdə olan sübutlar əsasında qəbul edilməlidir. Bundan əlavə, məhkəmə iclasında deyilən yüksək məbləğin konkret olaraq hansı məbləğ olması da qeyri-müəyyəndir (“yüksək məbləğ” öz-özlüyündə nisbi anlayışdır). İddia ərizəsində tələb edilən məbləğin isə faktiki və hüquqi əsasları mövcud deyildir. Məhkəmə qərar qəbul edərkən formal əsaslarla deyil, mahiyyəti üzrə ədalətli qərar qəbul etməyi zəruri hesab edir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh mülkiyyətində olan və idarə etdiyi **-DY-*** dövlət nömrə nişanlı “BMW 530İ” markalı avtomobil İddiaçı məxsus **-VV-*** dövlət nömrə nişanlı “Audi A8L” markalı avtomobili vurmuş və iddiaçıya məxsus **-VV-*** dövlət qeydiyyat nişanlı, “Audi A8L” markalı avtomobilə maddi zərər vurulmuşdur. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində tərtib edilmiş rəyə əsasən avtomobilə vurulmuş zərərin həcmi 5180 manat müəyyən edilmişdir. Vurulmuş zərərin 4567 manat hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 613 (altı yüz on üç) manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertizalar üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərcinin 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 613 (altı yüz on üç) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə aparılmış ekspertiza üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərcinin 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar