Məhkəmə qərarları › İş №e-2(004)-2547/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2547/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2547/2023 26.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, FN-00698-05/22A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-ü il tarixinə ödənilməmiş 6581,68 manat əsas borc, 1264,02 manat faiz borcu, 984,41 manat dəbbə borcu olmaqla, ümumilikdə 8830,11 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 108,31 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsalandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədilə 36 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəlikləri dəfələrlə pozaraq krediti və ona hesablanmış faizləri müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə və məbləğdə ödəməmişdir. Borcluya və zaminə dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək əmlak vəziyyəti ilə bağlı borcu ödəyə bilmədiyini bildirmiş və məhkəmə tərəfindən borcun məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli, FN-00698-05/22A saylı kredit müqaviləsinə əsasən, borc verən (iddiaçı "xxxx" ASC) borc alana (Cavabdeh1) illik 23 faiz hesablanmaq şərti ilə 36 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək 7000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən, Borcalan müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğlərinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən kredit gecikmədən çıxanadək ödənilməsi gecikdirilmiş məbləğin 0,5%-i məbləğində gündəlik cərimə hesablanır. xx.xx.2022-ci il tarixli FNZ-00698-05/22A saylı zaminlik müqaviləsinə əsasən, zamin (Cavabdeh2) xx.xx.2022-ci il tarixli, FN-00698-05/22A saylı kredit müqaviləsinə əsasən borc alan (Cavabdeh1) tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinə hər-hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri borc verənə (iddiaçı "xxxx" ASC) tam şəkildə ödəməyi öz öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh borcalan Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri əhəmiyyətli dərəcədə pozulmuş, müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə və məbləğdə kredit və ona hesablanmış faizlər ödənilməmiş və ya az miqdarda ödənilmişdir. xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun ən qısa müddətdə ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin ləğv olunacağı və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçı Cavabdeh1 bildiriş göndərməklə tərəflər arasında kredit müqaviləsi məhkəmədən kənar ləğv edilmişdir. Odur ki, Yasamal Rayon Məhkəməsinin mülki iş üzrə 26 iyul 2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, FN-00698-05/22A saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən həmin tələbə məhkəmədə baxılmalı olmaması səbəbindən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyindən, Cavabdeh2 isə ona zamin durduğundan iddiaçı haqlı olaraq cavabdehlərə qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddia kredit müqaviəsi üzrə əsas və faiz borcunun ödənilməsi hissəsində təmin olunmalıdır. Bundan əlavə iş materiallarından görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmədiyi nəticəsində kredit verən müqavilə şərtinə əsasən 985,41 manat məbləğində cərimə hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, hesablanmış dəbbə pulunun götürülmüş kreditə münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulu azaldılaraq 460,72 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 101,81 manat məbləğində dövlət rüsumu və 0,38 manat bank xidməti haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 6581,68 (altı min beş yüz səksən bir manat altmış səkkiz qəpik) manat, faiz borcu üzrə 1264,02 (min iki yüz altmış dörd manat iki qəpik) manat, dəbbə borcu üzrə 460,72 (dörd yüz altmış manat yetmiş iki qəpik) manat olmaqla, ümumilikdə 8306,42 (səkkiz min üç yüz altı manat qırx iki qəpik) manat məbləğində borc, və 101,81 (yüz bir manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumu və 0,38 (otuz səkkiz qəpik) manat bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar