Məhkəmə qərarları › İş №e-2(004)-2548/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2548/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2548/2023 12.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun xeyrinə Cavabdeh 40.000 ABŞ dolları məbləğində əsas borc, 480 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 40.480 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh arasında arasında 11 avqust 2021-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən borcverən - iddiaçı Borcalanın – cavabdehin mülkiyyətinə 40000 ABŞ dolları məbləğində pul verir. Müqavilənin 2-ci bəndinə əsasən borc 31 mart 2022-ci il tarixədək aşağıdakı qrafik üzrə verilmişdir: • xx.xx.2021-ciilə qədər 8000 (səkkiz min) ABŞ dolları; • xx.xx.2021 -ci ilə qədər 8000 (səkkiz min) ABŞ dolları; • xx.xx.2022-ciilə qədər 8000 (səkkiz min) ABŞ dolları; • xx.xx.2022-ciilə qədər 8000 (səkkiz min) ABŞ dolları; • xx.xx.2022-ciilə qədər 8000 (səkkiz min) ABŞ dolları. Borcalan hazırki müqavilənin 1-ci bəndində qeyd olunan bütün borc məbləğini qeyd olunan müddətdə qaytarmalıdır. Pul vəsaitlərinin verilməsi borcalanın borcu almasına dair iltizamnamə ilə rəsmiləşdirilir. Müqavilənin 5-ci bəndinə əsasən borcalan hazırki müqavilənin 2-ci bəndində qeyd olunan borcun qaytarılması müddətini pozduqda borcalan borcverənə hər gecikdirilən ay üçün qaytarılmamış borc məbləğinin 0.1 % məbləğində cərimə ödəməlidir. Müqavilənin 6-cı bəndinə əsasən borc məbləği borcverənə verildiyi andan etibarən qaytarılmış hesab olunur. Qaytarılan borc məbləğini aldığı zaman borcverən borcalana iltizamnamə verməlidir. Müqavilənin 8-ci bəndinə əsasən bu müqavilə üzrə bütün məhkəmə mübahisələri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun borcalanın olduğu yer üzrə məhkəmədə həll olunur. 11 avqust 2021-ci il tarixli Borc müqaviləsi üzrə pulun alınması haqqında iltizamnaməyə əsasən məzmun üzrə qeyd olunmuşdur: "Mən... sonradan "Borcalan" adlandırılacaq Cavabdeh... sonradan “Borcverən " adlandırılacaq İddiaçı 11 avqust 2021-ci il tarixli borc müqaviləsinə uyğun olaraq 40000 ABŞ dolları məbləğdə pul aldım və həmin pulu 31 mart 2022ci il tarixədək qaytarmağı öhdəmə götürürəm" və həmin İltizamnaməni hər iki tərəf imzalamışdır. Sözügedən borc məbləği hal-hazıradək cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Belə ki, əsas borcla yanaşı xx.xx.2022-ci il tarixdən bu günə - 20 aprel 2023-cü il tarixədək hər gecikdirilmiş ay üçün qaytarılmalı məbləğin 0.1% məbləğində cərimə hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil4 izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyillər. Sənədlərin əsilləri məhkəməyə təqdim olunmayıbdır. Sənədlərin sürəti əsasında rəy qəbul olunmuşdur. Eyni zamanda 28 aprel tarixində İddiaçı hüquqlarını müdafiə etdiyi şəxsə mal göndərmişdir. Əgər borcu var idisə, mal göndərməsi nə dərəcədə məntiqlidir. Borcu var idisə onu ödəməmiş kim kimə mal verər? Sənədlər saxtadır. Müqavilə rus dilində tərtib olunmuşdur. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyildir. İddiaçı müqavilə ilə mal vermir. Kimin pulu var pulunu verir və malı alır. İndi mağazası iflas olub. Bu səbəbdən də vətəndaşları məhkəməyə verir və pul əldə etmək istəyir. Həmçinin onlar pulu TL ilə qəbul edirlər. O, cavabdehdən mal alır. Nə üçün borc pul alsın ki? Odur ki, sadalananlara əsasən məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında Türkiyə Respublikasının İstanbul şəhərində rus dilində tərtib olunaraq 11 avqust 2021-ci il tarixdə bağlanmış və Azərbaycan dilinə tərcümə və təsdiq olunmuş borc müqaviləsinin surətindən görünür ki, borcverən - İddiaçı borcalan - Cavabdeh mülkiyyətinə 40000 ABŞ dolları məbləğində pul vermişdir. Borc xx.xx.2022-ci il tarixədək aşağıdakı qrafik üzrə verilməlidir: • xx.xx.2021-ciilə qədər 8000 (səkkiz min) ABŞ dolları; • xx.xx.2021 -ci ilə qədər 8000 (səkkiz min) ABŞ dolları; • xx.xx.2022-ciilə qədər 8000 (səkkiz min) ABŞ dolları; • xx.xx.2022-ciilə qədər 8000 (səkkiz min) ABŞ dolları; • xx.xx.2022-ciilə qədər 8000 (səkkiz min) ABŞ dolları. Müqavilənin 5-ci bəndinə əsasən borcalan hazırki müqavilənin ikinci bəndində qeyd borcun qaytarılması müddətini pozduqda borcalan borcverənə hər gecikdirilən ay üçün qaytarılmamış borc məbləğinin 0.1 % məbləğində cərimə ödəməlidir. İddiaçı ilə Cavabdeh arasında Türkiyə Respublikasının İstanbul şəhərində rus dilində tərtib olunaraq 11 avqust 2021-ci il tarixdə bağlanmış və Azərbaycan dilinə tərcümə və təsdiq olunmuş borc müqaviləsi üzrə pulun alınması haqqında iltizamnamənin surətindən görünür ki, borcalan - Cavabdeh xx.xx.2021-ci il tarixli borc müqaviləsinə uyğun olaraq 40000 ABŞ dolları məbləğində pul aldığını və həmin pulu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürdüyünü bildirmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1180 saylı, xx.xx.2023-cü il tarixli ekspert rətindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı və Cavabdeh adlarından olan Türkiyə Respublikasının İstanbul şəhərində, 11 avqust 2021-ci il tarixdə bağlanmış olunduğu göstərilən borc müqaviləsinin kserosurətində “заемшик" qrafasında əks olunmuş imza və 11 avqust 2021-ci il tarixli borc müqaviləsi üzrə pulun alınması haqqında iltizamnamənin kserosurətində “заемшик” qrafasında əks olunmuş imza - Cavabdeh tərəfindən icra olunmuşdur. “Qrafo-Loqos” müstəqil ekspertizalar, psixofizioloji tədqiqatlar və texniki sınaqlar üzrə Ekspert-Konsultasiya Mərkəzi MMC-nin 23-024 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh adından xx.xx.2021-ci il tarixli borc müqaviləsinin surətində təsvir olunan imza ehtimalla imza nümunələri müqayisəli tədqiqat üçün təqdim olunan Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən edilmişdir. Cavabdeh adından 11 avqust 2021-ci il tarixli borc müqaviləsinə əsasən pulun alınması haqqında xx.xx.2021-ci il tarixli qəbzin surətində təsvir olunan imza ehtimalla imza nümunələri müqayisəli tədqiqat üçün təqdim olunan Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən edilmişdir. Hazırki nəticə, orijinallardakı imzalara deyil, təsviri sənədlərin təqdim olunan surətlərində olan imzalara münasibətdə verilmiş, çünki onların icra edilməsi zamanı texniki vasitələrdən və üsullardan istifadə edilməsi, habelə sənədlərin rekvizitlərinin montaj edilməsi ehtimalını istisna etmək olmaz. “X4” MMC-nin xx.xx.2023-cü il tarixli, İEM-04/09/23 saylı mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə (sənədlərin əsli olmadığından tədqiq olunan imzaların tam öyrənilməsi mümkün olmadığından) - hər ikisi kiril qrafikalı əlifba ilə rus dilində olmaqla Gülay Təpə və X1 adlarından 40.000 ABŞ dollarına dair tərtib olunmuş 11 avqust 2021-ci il tarixli “MÜQAVİLƏ” (“ДОГОВОР 3AЙMA”) və həmin məbləğin alınmasına dair tərtib olunmuş 11 avqust 2021-ci il tarixli “İLTİZAM” (“PACПИCKA”) adlı sənədlərin kserosurətlərinin imzalara olan hissəsində “заемшик (X2)” yazılarından sonrakı imzalar tədqiqata yararsız olduğundan - həmin imzaların sənədlərə birbaşa əllə və ya hər-hansı texniki vasitənin köməkliyi ilə icra olunması ehtimalının olub-olmaması və onların Cavabdeh tərəfindən və ya başqa şəxs (şəxsləri) tərəfindən icra olunub-olunmaması barədə suallar üzrə tədqiqat aparıb rəy verilməsi mümkünsüz hesab edilmişdir. “Azemis” Elektron Məhkəmə Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə X3 Aeraportundan çıxış edərək Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına giriş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 439.2-cu maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında 40.000 ABŞ dolları məbləğində pulun borc verilməsinə dair müqavilə bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin borc müqaviləsinin onun tərəfindən imzalanmaması ilə bağlı izahatında qeyd etdiklərinə münasibətdə məhkəmə bildirir ki, bu onun şəxsi mülahizələrdən ibarətdir. İş materialında olan sənədlərlə, ekspertiza rəyi ilə sübuta yetirilmişdir ki, qeyd olunan imza cavabdeh tərəfindən icra olunmuşdur. Həmçinin elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan da görünür ki, cavabdeh, Cavabdeh xx.xx.2021-ci il tarixdə X3 Aeraportundan çıxış edərək Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Odur ki, məhkəmə sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən iş üzrə ödənilmiş 295.46 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 40.000 ABŞ dolları məbləğində əsas borc, 480 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 40.480 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və 295.46 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 40.000 (qırx min) ABŞ dolları məbləğində əsas borc, 480 (dörd yüz səksən) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 40.480 (dörd min dörd yüz səksən) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və 295.46 (iki yüz doxsan beş manat qırx altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar