Məhkəmə qərarları › İş №e-2(004)-2553/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2553/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2553/2022 26.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh Tofik oğluna qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh Tofik oğluna qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 13.04.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Tofik oğlundan 21.06.2018-ci il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsi üzrə 442,73 manat əsas, 3,42 manat faiz borcu olmaqla, 446,15 manat borcu və bank xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştiak edən iddiaçının nümayəndəsi Nümayəndə3 izahat verərək bildirir ki, "xxxx" ASC-nin Xətai filialı ilə X4 arasında bağlanmış BPM**********90 nömrəli, 21.06.2018-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 29 % olmaqla 1000 manat məbləğində kredit verilmişdir. X4 25.10.2019-cu il tarixdə vəfat etmiş və ölüm faktı 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınaraq, 02.11.2019-cu il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından bank tərəfindən sorğu verilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakışəhəri 36 saylı notariat ofisindən əldə edilən məlumata əsasən müəyyən edilmişdir ki, 25.10.2019-cu il tarixdə vəfat etmiş X1 qalmış mirasın qəbulu ilə əlaqədar 24.01.2020-ci il tarixdə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh ərizəsi əsasında vərəsəlik işi açılmış və 13.05.2020-ci il tarixdə o, miras qoyanın yeganə vərəsəsi kimi tanınmışdır. Borcalanın vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 442,73 manat əsas borc, 3,42 manat faiz borcu olmaqla, cəmi 446,15 manat məbləğində kredit borcu qaldığından, vərəsə olan cavabdehə öhdəliyin yerinə yetirilməsi haqqında bank tərəfindən 10.02.2022-ci il tarixdə bildiriş göndərilsə də, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin catdırılması mümkün olmamışdır. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışına əsasən borcalanın vəfat etdiyi, yəni 02.11.2019-cu il tarixə 442,73 manat əsas, 3,42 manat faiz borcu olmaqla, cəmi 446,15 manat məbləğində kredit borcu ödənilməmiş qalmaqdadır. İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış 21.06.2018-ci il tarixli, BPM**********90 saylı kredit müqaviləsinə əsasən bank borcalana istehlak məqsədləri üçün 24 ay müddətinə illik 29 % ödəmək şərtilə 1000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 04.04.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh X3 21.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə 442,73 manat məbləğində əsas, vəfat etdiyi tarixə hesablanmış 3,42 manat faiz borcu, 0 manat cərimə olmaqla, cəmi isə 446,15 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 38 Notariat Ofisinin 30.12.2021-ci il tarixli, 555 nömrəli məktubuna əsasən 25.10.2019-cu il tarixdə vəfat etmiş X2 qalmış mirasın qəbulu ilə əlaqədar 24.01.2020-ci il tarixdə xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, ev 12, 45 saylı mənzildə qeydiyyatda olan Cavabdeh Tofik oğlunun ərizəsi əsasında vərəsəlik işi açılmış və 13.05.2020-ci il tarixdə o, miras qoyanın yeganə vərəsəsi kimi tanınmışdır. İş materiallarında müəyyən olunur ki, iddiaçı ilə X4 arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. Onun miras əmlakı iş üzrə Cavabdeh Tofik oğlu tərəfindən qəbul edilmişdir və o, borclunun yeganə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 manat cavabdeh Cavabdeh Tofik oğlundan iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh Tofik oğlundan 21.06.2018-ci il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsi üzrə 442,73 manat əsas, 3,42 manat faiz borcu olmaqla, 446,15 manat borcu və bank xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Tofik oğlundan 21.06.2018-ci il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsi üzrə 442,73 manat əsas, 3,42 manat faiz borcu olmaqla, 446,15 (dörd yüz qırx altı manat on beş qəpik) manat borcu və bank xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar