Məhkəmə qərarları › İş №e-2(004)-2569/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2569/2025

15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2569/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbin dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 50.000 (əlli min) manat məbləğdə zərərin əvəzinin, ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun Cavabdeh onu xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən ona maddi zərər vurulmuş, bu isə öz növbəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etməyimi şərtləndirmişdir. O, İddiaçı artıq dörd ilə yaxın müddətdir ki, kriptovalyutalar üzərində həyata keçirilən əməliyyatlar, onların tətbiqi təcrübəsi ilə maraqlanır. Eyni zamanda bu yaxınlarda təsis edilmiş "xxxx" MMC-nin təsisçisi və direktorudur. Cavabdeh bu istiqamətdə fəaliyyət göstərdiyini öyrəndikdən sonra ona müraciət etmiş, sonda ona 50.000 (əlli min) AZN məbləğində zərər vurulmasına gətirib çıxaran hərəkətlərə yol vermişdir. Cavabdeh 29 mart 2024-cü il tarixində saat 15 radələrində “Votsap” tətbiqi üzərindən qardaşı Səftər Hüseynova mesaj yazaraq əlaqə nömrəsini “Teleqram” kanalından əldə etdiyini bildirərək kripto valyuta ilə əlaqəli bir məsələdə ona kömək etməyinin mümkün olub-olmadığını soruşdu. Səftərlə o həmin vaxt birlikdə olduğuna görə məsələnin nə olduğu ilə maraqlanmışdır. O, çinli bir iş adamının 50.000 (əlli min) manat dəyərində və müqabilində 28571 (iyirmi səkkiz min beş yüz yetmiş bir) USDT kriptovalyuta almaq istədiyini, buna görə ona müraciət etdiklərini, özünün çin dili tərcüməçisi olduğunu bildirərək onların qeyd olunan kripto-valyutanı təmin etməyinin mümkün olub-olmadığı ilə maraqlandı. Məlumat üçün bildirir ki, USDT (Tether) birinin dəyəri 1 ABŞ dollarına uyğun gələn ən populyar blokçeyn mərkəzli kriptovalyutalardan biri hesab olunur. Həmin tarixdə, onlar məsələni ətraflı müzakirə etmək üçün Babaxanı ofislərinə dəvət etsələr də o, çinlilərin çəkindiyi üçün başqa yerə getmək istəmədiyini, axşam saatlarında Səbail rayonu, Puşkin küçəsində yerləşən çin restoranlarından birində görüş təklif etdi və onlar görüşmüşlər. Görüşdən öncə də Babaxan Çin dili tərcüməçisi olduğunu, görüşəcəhləri şəxsləri tanıdığını, dəfələrlə çinlilərlə iş gördüyünü və onlarla birbaşa dialoqa girməməli olduqlarını bildirərək həmin vaxt çinlilərin USDT kriptovalyutası almaq istədiklərini bir daha vurğuladı. Görüşdə o, qardaşı Səftər, Cavabdeh və iki Çin vətəndaşı iştirak edirdi. Babaxan həmin şəxsləri onlara USDT almaq istəyən çinli iş adamları kimi təqdim etdi və onlardan 50.000 manat pulu alıb ona saymaq üçün verdi. Onlar pulu sayaraq tam məbləğin təqdim olunduğundan əmin oldular. Bundan sonra Babaxan pulu stolun üstündə saxlamalı olduqlarını, kriptovalyutanı göndədikdən sonra pulu götürüb gedə biləcəklərini bildirdi. Bundan sonra Babaxan ona “Votsap” tətbiqi vasitəsilə USDT kriptovalyutasını göndərməyi üçün TRC20 ünvanını göndərdi və bütöv şəkildə pulu bura köçürməli olduğunu bildirdi. O, bir daha hesabın həmin çinlilərə məxsus olduğunu, eləcə də, iş gördükləri çinliləri Babaxanın tanıdığını dəqiqləşdirdikdən sonra ona məxsus “Trust Wallet” kriptovalyuta pul kisəsindən Babaxanın ona vermiş olduğu adresə 28571 USDT göndərdi. Kriptovalyutanı göndərdikdən sonra, Babaxan USDT-nin qeyd olunan ünvana çatmadığını bildirib, çinlilərlə uzun-uzadı müzakirələr etdi. O, kriptovalyutanı göndərdiyini desə də, Babaxan pulun hesaba çatmadığı üçün pulu götürdüklərini bildirdi. Çinlilər masanın üzərinə qoyduqları 50.000 (əlli min) manat məbləğində pulu götürərək restoranı tərk etdilər. Həmin vaxt Babaxan qaçıb oradan uzaqlaşmaq istəyəndə o onun dalınca düşdü, o isə siqaret almaq üçün restoranı tərk edəcəyini bildirdi. o bu barədə polisə məlumat verəcəyini, məhz Babaxanın özünü tanıdığını və ona qarşı olunan bu hüquqazidd əmələ görə birbaşa onun məsuliyyət daşıyacağını dedikdən sonra o başqa çarəsi olmadığı üçün onunla gözləyərək çinlilərlə danışıqlar apardı. Daha sonra o ona çinliləri şikayət etməli oldqlarını bildirdi və onu əsas gətirdi ki, ona pulu onlar verib aldadıb geri götürüb, o ona səhv çinliyə kriptovalyutanı göndərtdirmişdir. Bundan sonra ona məxsus kriptovalyutaları mənimsəmək üçün Cavabdeh çin vətəndaşları ilə əlbir olmasından şübhələnmiş və hadisənin araşdırılması məqsədilə Səbail Rayon Polis İdarəsinə yazılı ərizə ilə müraciət etmişdir. Aparılmış ilkin araşdırma tədbirləri nəticəsində törədilmiş əməldə AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olduğuna görə 03 may 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin tarixdən iki gün sonra 05 may 2024cü il tarixli qərarla mən həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İstintaq zamanı dindirilmiş Cavabdeh öz ifadəsində qeyd etmişdir ki, 2018-ci ildən etibarən çin dili tərcüməçisi kimi fəaliyyət göstərir. 28 mart 2024-cü il tarixində günorta saat 12 radələrində “Viçat” sosial şəbəkəsi üzərindən çinli bir şəxs tərəfindən sorğu qəbul etmişdir. Həmin gün başqa bir tərcüməçi də Babaxanla əlaqə saxlayaraq çinlinin onunla da əlaqə saxladığını, tərcüməçi tələb olunduğunu bildirmişdir. Nigar adlı həmin tərcüməçi özünün vaxtı olmadığını, əgər ona maraqlı olarsa, çinli ilə işləyə biləcəyini Babaxana bildirdi. Ardınca “Viçat” tətbiqi üzərindən çinli Babaxanı profilinə əlavə etdi. Bundan sonra çinli Babaxanla əlaqə saxlayaraq ona çin dili tərcüməçisinin lazım olduğunu, mebel fabriki quracağını və işin 8 gün sonra başlayacağını bildirmişdir. Bütün şərtlər barədə tərəflər razılığa gəldikdən sonra birlikdə iş görməyə başlamışlar. Ardınca çinli Babaxandan avadanlıq almaq üçün USDT ehtiyacı olduğunu, USDT satan şəxs tapmasının mümkün olub-olmadığını soruşmuşdur. Bundan sonra Babaxan “Teleqram” tətbiqi üzərindən USDT alqı-satqısı ilə bağlı qrup tapmış və əlaqə saxlamaq üçün onlara yazmışdır. Tərəflərlə razılıq əldə etdikdən sonra çinliyə görüşün harada və hansı tarixdə olacağı barədə sual vermiş, sonda 29 mart 2024-cü il tarixində onlarla görüşmüşdür. Görüşün keçiriləcəyi yeri Çində olan çinli “Viçat “ tətbiqi üzərindən Babaxana göndərmişdir. Babaxan restorana çatandan sonra çinli Babaxana görüşəcəkləri digər çin vətəndaşı olan sonradan adını bildikləri Ahaiti Aisatinin telefon nömrəsini vermişdir. Çində olan onun tanımadığı, Babaxanın ondan gizlətdiyi həmin çinli özünün daha əvvəl Sumqayıta getdiyini, 50.000 manat pulu həmin dostu Ahaitiyə verdiyini, pulu Ahatinin onlara verəcəyini bildirmişdir. Babaxan restoranın qaşısında o və qardaşı Səftərlə görüşmüş və daha sonra onlar restorana daxil olub ikinci mərtəbədə Ahaiti ilə görüşmüşlər. Ahaiti razılaşdırılmış məbləğdə pulu çıxarıb ona təqdim edərək saymaqlarını xahiş etdi. O, qardaşıyla birlikdə pulu götürüb saymışlar. Pulu saydıqdan sonra on 28571 ədəd USDT-nin hansı hesaba köçürüləcəyini soruşduqda Babaxan “Viçat” tətbiqi üzərindən onun tanımadığı çinliyə pulun hara köçürülməli olduğu barədə sual ünvanladı. Həmin şəxs Babaxana link göndərdi. Babaxan da həmin linki ona göndərdikdən sonra o da razılığa uyğun olaraq 28571 ədəd USDT-ni həmin linkə göndərmişdir. Babaxan Ahaitiyə USDT-nin göndərilən hesaba köçürüldüyünü dedikdən sonra o hesabına Yuanın oturnadığını bildirərək pulu götürdü. Bundan sonra Babaxana aydın oldu ki, çində oturan şəxs Ahaitini ona USDT almaq üçün pulu verəcək dostu kimi tanıtsa da, həqiqətdə Ahaitiyə onların yuan köçürəcəklərini , buna görə də Ahaitinin onlara 50000 manat verməli olduğunu bildirib. Qeyd olunan cinayət işi üzrə Babaxanın ona dəymiş 50000 manat zərərlə bağlı məbləğdən hər hansı hissəni mənimsəyərək maddi mənfəət əldə etməsi, çinlilərlə əl-bir olması sübutların məcmusu ilə öz təsdiqini tapmadığından Cavabdeh şübhəli şəxs vəziyyətindən azad edilmişdir. Birinci instansiya məhkəməsinin nəzərinə çatdırmaq istəyir ki, işin faktiki halları hissəsində qeyd olunanlardan göründüyü kimi Cavabdeh davranışları sonda ona 50.000 (əlli min) manat məbləğdə əmlakından məhrum olmaqla zərər dəyməsinə gətirib çıxarmış, sonuncunun cinayət işinin gedişi zamanı şübhəli şəxs vəziyyətinin azad edilməsinin əsasında isə sadəcə olaraq həmin əmlakdan maddi mənfəət götürməsinin sübuta yetirilməməsi dayanmışdır. Şəxsin əməlində cinayət tərkibi əlamətləri olmaması bu mənada onun mülki hüquqi məsuliyyətini istisna etməməklə mənə vurulmuş zərərin əvəzinin Babaxandan xeyrimə tutulmasını şərtləndirir. Çünki Babaxanın davranışları (USDT almaq üçün ona müraciət edən şəxsi məndən gizlətməsi, Ahaitini yalandan mənə USDT almaq istəyən çinli biznesmen kimi təqdim etməsi) ona zərər vurulması ilə nəticələnən şəraiti yaratmış, vurulmuş zərərlə cavabdehin hərəkətləri arasında birbaşa səbəbli əlaqə olmuşdur. Əgər cavabdeh USDT almaq istəyən şəxsin ölkə xaricində olduğunu, Ahaitinin isə sadəcə olaraq pulu təqdim edəcək üçüncü şəxs olduğunu ona bildirsə idi, o baş verməsi ehtimal olunan riskləri hərtərəfli qiymətləndirər, USDT-ni həmin hesaba göndərməzdi. O aralarında şifahi müqavilə münasibətləri yaranacaq kontragentin Ahaiti olduğundan əmin olduqdan sonra, baş verəcək hər hansı problenin əyani formada həll olunacağının, dələduzluq kimi xoşagəlməz halın baş verəcəyi təqdirdə Ahaitini hüquq-mühafizə orqanlarına şikayət verməyinin mümkün olacağını nəzərə almış, əminlik yarandıqdan sonra 50.000 manat dəyərində USDT-ni Babaxanın ona dediyi hesaba göndərmişdir. Bu mənada Babaxanın USDT almaq istəyən real kontragentimin ondan gizlətməsində ifadə olunan vicdansız davranışı sonda ona xeyli miqdarda əmlak zərərinin vurulması, əmlak vəziyyətimin ağırlaşması ilə nəticələndiyindən zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki qanunvericiliyin qüvvədə olan müddəalarının hazırki işin hallarına tətbiq olunması zəruridir. Cavabdeh xx.xx.2025-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə müraciət edərək maddi zərərin əvəzi kimi ondan 50.000 (əlli min) manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. İddiaçı ərizəsinin əvvəlində göstərmişdir ki, kriptovalyuta əməliyyatları, onların tətbiqi, təcrübəsi ilə maraqlanır, eyni zamanda Azərbaycan Kriptoçuları Birliyinin təsisçisi və direktorudur. Cavabdeh bu istiqamətdə fəaliyyət göstərdiyimi öyrəndikdən sonra ona müraciət etmiş, sonra ona 50.000 azn məbləğində zərər vurulmasına gətirib çıxaran hərəkətlər etmişdir. Bildirir ki, xx.xx.2024-cü il tarixdə tərcüməçisi olduğu Çin Xalq Respublikasının vətəndaşına kriptovalyuta lazım olduğu üçün telegram kanallarının birində kriptovalyuta almaq istəyi ilə bağlı sosial şəbəkədə etdiyi müraciətinə iddiaçı deyil onun qardaşı Hüseynov Səftər özü onunla əlaqə saxlayaraq həmin müraciət etdiyi qrupun admini olduğunu və kriptovalyuta satışı ilə məşğul olduğunu bildirib və istənilən miqdarda satış həyata keçirə biləcəyəni qeyd etmişdir. Bəli görüşdən öncə o iddiaçı və onun qardaşına Çin dili tərcüməçisi olduğunu, çinlilərlə onların iş adamları arasında dəfələrlə tərcüməçi kimi fəaliyyət göstərdiyini və normalda heç bir neqativ halın baş vermədiyini bildirmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, həmin kriptovalyutanı yanındakı Çin vətəndaşına yox Çin Xalq Respublikasında yaşayan başqa Çin vətəndaşının hesabına vurmağından xəbəri olmayıb. Tam əksinə olaraq bildirmək istəyir ki, ilkin tanışlıqlarında iddiaçı özünü hüquqşunas, kriptovalyuta alqı-satqısı üzrə mütəxəssis kimi təqdim etmiş, hətta bildirmişdir ki, uzun müddətdir sosial şəbəkə üzərindən xarici dövlətlərlə kriptovalyuta alqı-satqısı ilə məşğuldur, eyni zamanda onun illik maliyyə dövriyyəsi 1 milyonu keçir. O, iddiaçı ilə söhbətində alınacaq USDT-nin Çin Xalq Respublikasında yaşayan biznesmenə göndəriləcəyini bildirmişdir. Uzun müddət USDT alqı-satqısı ilə məşğul olan şəxs kimi iddiaçı baş verə biləcək riskləri əvvəlcədən qiymətləndirilməli idi. İddiaçı bildirmişdir ki, kriptovalyutanı göndərdikdən sonra, o USDTnin qeyd olunan ünvana çatmadığını bildirib çinlilərlə uzun-uzadı müzakirələr etmişdir. Bəli 50.000 manat pul vəsaitini Guonun dostu deyə təqdim etdiyi və restoranda onları gözləyən Ahatı Aısaıtı adlı çin vətəndaşı çantasından çıxararaq iddiaçıya vermişdir, iddiaçı isə adını bilmədiyi proqram üzərindən həmin məbləğ dəyərində kriptovalyutanı çin vətəndaşına göndərdiyini bildirmişdir lakin ardınca Ahatı Aısaıtı adlı çin vətəndaşı yuan çin valyutasının onun hesabına oturmadığını bildirdikdən sonra Ahati Aisaıtı pulu iddiaçıdan geri götürmüşdür. Bununla bağlı yanındakı Ahatı Aısaıtı adlı çin vətəndaşı ilə uzun uzadı mübahisə etmiş, o isə təkidlə bildirmişdirki pul hesaba oturmayıb. İddiaçı bildirmişdirki, həmin vaxt o guya restoranı tərk etmək istəmiş, əksinə iddiaçıya DİN-in 102 xidmətinə zəng etməyi təkidlə bildirdikdən sonra o 102 xidmətinə zəng vurmuşdur. İddiaçı Ahatı Aısaıtı adlı çin vətəndaşı və o 50.000 manat pul məbləği ilə birlikdə Səbayıl RPİ-nə dəvət edilmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, ona məxsus kriptovalyutaları mənimsəmək üçün Cavabdeh Çin vətəndaşları ilə əlbir olmaqlarından şübhələnmişdir və hadisənin araşdırılması məqsədi ilə Səbayıl RPİ-nə yazılı ərizə ilə müraciət etmişdir. İddiaçının bu fikirləri həqiqəti əks etdirmir. Çünki onlar həmin gün 102 xidmətinə zəng etdikdən sonra onlarla birlikdə olan Çin vətəndaşı Ahatı Aısaıtı və onda olan 50.000 manat pul vəsaiti ilə birlikdə Səbayıl RPİ-nə dəvət olunmuşlar və orada izahatları alındıqdan sonra sərbəst evlərinə getmişlər.Qeyd edir ki, 2016-2017-ci illərdə Çin Xalq Respublikasında Çin dili üzrə kurs təhsili almış və eyni zamanda Azərbaycan Respublikasında çin dili üzrə tərcüməçilik kursunu bitirərək sertifikat almışdır. Vöenlə Aqrolizing ASC Norm zavodunda və maaşla Vanhong keramika zavodunda Çin dili üzrə tərcüməçi kimi çalışmışdır. 2018-ci il etibarən çin dili tərcüməçisi kimi fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixdə hazırda tərcüməçi kimi fəaliyyət göstərən Nigar adlı həmkarı özünün vaxtı olmadığını, əgər ona maraqlı olarsa çinli iş adamının tərcüməçi axtardığını bildirdi və o zamanının olduğunu, maraqlı olduğunu bildirmişdir və Nigar onun VeChat profilini Guo deyə özünü təqdim edən şəxsə göndərdi və sonra onlar Guo ilə tətbiq üzərindən yazışmışlar. Bundan sonra həmin çinli iş adamı onunla əlaqə saxlamış və Azərbaycanda mebel zavodu quracağını bildirərək ona USDT lazım olduğunu bildirmişdir və aylıq əməkhaqqı müqabilində o onunla işləməyə razılıq vermşdir. USDT barədə anlayışı olmadığı üçün maraqlanacağını söz vermiş və sosial şəbəkədə USTD almağıyla bağlı müraciətindən sonra iddiaçının qardaşı onula əlaqə saxlamışdır..İddiaçı iddia ərizəsinin əsaslandırma hissəsində göstərmişdir ki, cavabdehin davranışları sonda iddiaçıya 50.000 manat məbləğində əmlakdan məhrum olmaqla zərər dəyməsinə gətirib çıxarmış, sonuncunun cinayət işinin gedişi zamanı şübhəli şəxs vəziyyətinin azad edilməsinin əsasında isə həmin əmlakdan maddi mənfəət götürülməsinin sübuta yetirilməməsi dayanmışdır. Xeyr, həmin istintaq araşdırması zamanı iddiaçının maddi ziyana düşməsi ilə bağlı onun günahı olduğu sübuta yetirilməmiş və ona görə də onun şübhəli şəxs vəziyyətindən azad edilməsı haqqında qərar qəbul edilmişdir. Eyni zamanda istintaq araşdırması zamanı iddiaçı Guo adlı Çin vətəndaşının hesabına 50.000 manatlıq pul vəsaiti məbləğində kriptovalyutanın oturtduğunu sübuta yetirə bilməmiş və buna dair lazımi sübutlar təqdim edə bilməmişdir. Çünki respublikada kriptovalyuta virtual pul vahidi olaraq bank vasitəsilə deyil, internet üzərində aparılan əməliyyatdır. Qanunvericilikdə kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla võen əldə etməli, əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14% gəlir vergisi ödəməlidir. Maddi zərərin ödənilməsi ilə bağlı iddia qaldıran ərizəçi zərərin mövcudluğunu sübut etmək üçün müvafiq sübutlar təqdim etməlidir.Bildirmək istəyir ki, nə iddiaçını nə onun qardaşını nə də çin vətəndaşını qabaqcadan tanımamış və kiməsə ziyan vurmaq niyyətində olmamış və iddiaçıya ziyan vura biləcək heç bir hərəkətə yol verməmiş və əməkhaqqı müqabilində tərəflər arasında tərcüməçi kimi fəaliyyət göstərmişdir. İstər Guo adlı çin vətəndaşı ilə və İddiaçı və onun qardaşı ilə bütün danışıqlarını sosial şəbəkə üzərindən aparmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində bildirmişdir ki, cavabdeh “Telegram” sosial şəbəkəsində, daha sonra whatsappla əlaqə saxlayaraq 50000 manatlıq USTD lazım olduğunu bildirmişdir. Cavabdehi ofisə dəvət etsə də, cavabdeh alıcıların xarici investor olduqlarını və çəkindiklərini qeyd edərək, cəmiyyət arasında, restoranda alqı-satqı etməyi təklif etmişdir. Bu barədə iddiaçıya da məlumat vermişdir. Onlar həmin təkliflə razılaşmışlar. Onlar çin restoranına getmişlər. Ahaiti onlara 50000 manat pul vəsaitini vermişdir. O qardaşı ilə pulu saymışlar. Cavabdeh ödəniş olunacaq hesabı ona göndərmişdir. Cavabdeh həmin hesabın Ahaitiyə məxsus olduğunu bildirmişdir. Daha sonra cavabdeh çinlilərlə çin dilində nəsə danışdıqdan sonra Ahaiti 50000 manatı qarşılarından tez götürmüşdür. Onlar etiraz etdikdə, cavabdeh məsələni həll edəcəyini bildirmişdir. Daha sonra qardaşı polis idarəsinə zəng etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Səbail RPİ-nin xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı şikayəti üzrə CM-nin 178.2.4-cü maddəsi ilə ********** nömrəli cinayət işi başlanılmış cə icraata qəbul edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Səbail RPİ-nin İŞ-nin xx.xx.2024-cü il tarixli qərarına əsasən ********** nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Bakı Şəhəri Səbail RPİ-nin İŞ-nin xx.xx.2024-cü il tarixli qərarına əsasən ********** nömrəli cinayət işi üzrə Cavabdeh şübhəli şəxs vəziyyətindən azad edilmişdir. İş materiallarında olan Kriptovalyutalar üzrə mütəxəssis Cyrpto Cosulting MMC-nin icraçı direktoru X2 xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, blokçeyn texnologiyasının əsas xüsusiyyətlərindən biri –məlumatların dəyişdirilə bilməzliyi və hər bir əməliyyatın rəqəmsal izinin daimi şəkildə saxlanılmasıdır. Belə ki, beynəlxalq təcrübədə blokçeyn əməliyyatlarının təsdiqi təhlükəsizlik, şəffaflıq və etibarlılıq baxımından tam hüquqi sübut qüvvəsinə malikdir. Bu baxımdan əməliyyat birbaşa göndərən şəxsin ünvanından qarşı tərəfin verdiyi alış ünvanına göndərilmişdir. İş materiallarında olan email fotoşəklindən müəyyən edilir ki, TueaYcjkaGUyterrphkseJqmch7NBGjq1S ünvanından 28571 USDT TJFcTpWzULimKgKgZu6tPo4441aYuBv4pr ünvanına uğurla (successful) göndərilmişdir. İş materiallarında olan whatsapp yazışmalarınnını tərcüməsindən müəyyən edilir ki, Cavabdeh çinli şəxsin tərcüməçisi və sürücüsü kimi fəaliyyət göstəmişdir. İş materiallarında olan Konfutzi İnstitutunun Baş İdarəsi/Milli Çin Dili İdarəsinin (Hanban) sertifikatınını tərcüməsindən müəyyən edilir ki, Cavabdeh xx.xx.2017-ci ildə çin dili üzrə imtahandan 180 bal toplayaraq imtahanı keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, cavabdehin iddiaçı qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin, iddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu, cavabdeh tərəf isə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olubolmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdehin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 29 mart 2024-cü il tarixində saat 15 radələrində “Votsap” tətbiqi üzərindən qardaşı Səftər Hüseynova mesaj yazaraq əlaqə nömrəsini “Teleqram” kanalından əldə etdiyini bildirərək kripto valyuta ilə əlaqəli bir məsələdə ona kömək etməyinin mümkün olub-olmadığını soruşdu. Səftərlə iddiaçı həmin vaxt birlikdə olduğuna görə məsələnin nə olduğu ilə maraqlanmışdır. cavabdeh çinli bir iş adamının 50.000 (əlli min) manat dəyərində və müqabilində 28571 (iyirmi səkkiz min beş yüz yetmiş bir) USDT kriptovalyuta almaq istədiyini, buna görə iddiaçıya müraciət etdiklərini, özünün çin dili tərcüməçisi olduğunu bildirərək onların qeyd olunan kripto-valyutanı təmin etməyinin mümkün olub-olmadığı ilə maraqlanmışdır. USDT (Tether) birinin dəyəri 1 ABŞ dollarına uyğun gələn ən populyar blokçeyn mərkəzli kriptovalyutalardan biri hesab olunur. İddiaçı da 28571 (iyirmi səkkiz min beş yüz yetmiş bir) USDT kriptovalyutanı sata biləcəyini bildirmişdirş. Daha sonra olar çin retoranında görüşmüşlər. Cvabdeh USDT almaq istəyən şəxsləri çinli iş adamları kimi təqdim etmiş və onlardan 50.000 manat pulu alıb iddiaçıya saymaq üçün vermişdir. İddiaçı pulu sayaraq tam məbləğin təqdim olunduğundan əmin olmuşlar. Bundan sonra cavabdeh pulu stolun üstündə saxlamalı olduqlarını, kriptovalyutanı göndədikdən sonra pulu götürüb gedə biləcəklərini bildirmişdir. Bundan sonra cavabvdeh iddiaçıya “Votsap” tətbiqi vasitəsilə USDT kriptovalyutasını göndərməyi üçün TRC20 ünvanını göndərmişdir və bütöv şəkildə pulu bura köçürməli olduğunu bildirmişdir. İddiaçı bir daha hesabın həmin çinlilərə məxsus olduğunu, eləcə də, iş gördükləri çinliləri cavabdehin tanıdığını dəqiqləşdirdikdən sonra iddiaçıya məxsus “Trust Wallet” kriptovalyuta pul kisəsindən cavabvdehin ona vermiş olduğu adresə 28571 USDT göndərdi. Kriptovalyutanı göndərdikdən sonra, cavabdeh USDT-nin qeyd olunan ünvana çatmadığını bildirib, çinlilərlə uzun-uzadı müzakirələr etmişdir. İddiaçı kriptovalyutanı göndərdiyini desə də, cavabdeh pulun hesaba çatmadığı üçün pulu götürdüklərini bildirmişdir. Çinlilər masanın üzərinə qoyduqları 50.000 (əlli min) manat məbləğində pulu götürərək restoranı tərk etmişlər. Həmin vaxt cavabdeh qaçıb oradan uzaqlaşmaq istəyəndə iddiaçı onun dalınca düşmüş, cavabdeh isə siqaret almaq üçün restoranı tərk edəcəyini bildirmişdir. İddiaçı bu barədə polisə məlumat verəcəyini, məhz cavabdehin özünü tanıdığını və iddiaçıya qarşı olunan bu hüquqazidd əmələ görə birbaşa cavabdehin məsuliyyət daşıyacağını dedikdən sonra cavabdeh başqa çarəsi olmadığı üçün iddiaçı ilə gözləyərək çinlilərlə danışıqlar aparmışdır. Lakin bir nəticə verməmişdir. Hazırda iddiaçı ona vurulmuş 50.000 (əlli min) manat məbləğdə zərərin əvəzinin, ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun Cavabdeh onu xeyrinə tutulmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir və etiraz edir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh tərəfindən ona ziyan vurulması, səbəbli əlaqə və s. bu kimi halların mövcudluğu sübuta yetirilmədiyindən, bununla da cavabdehin hərəkəti nəticəsində iddiaçıya maddi zərər vurulması halı müəyyən olunmadığından cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, cavabdeh yalnız tərcüməçi olmuşdur. Cavabdehin tərcüməçi olması onun çin dili üzrə sertifikatı, whatsapp yazışmaları ilə öz təsdiqini tapır. Həmçinin iddiaçının TueaYcjkaGUyterrphkseJqmch7NBGjq1S ünvanından TJFcTpWzULimKgKgZu6tPo4441aYuBv4pr ünvana 28571 ABŞ dolları məbləğində kriptovalyutanın köçürülməsi uğurla həyata keçirilmişdir. Lakin TJFcTpWzULimKgKgZu6tPo4441aYuBv4pr ünvanın kimə məxsus olduğunu müəyyən ertmək qeyri mümkündür. Qeyd olunan vəsait də həmin ünvana köçürülmüşdür. Bundan başqa cavabdehin çinli AAA X5 ilə whatsapp yazışmasından müəyyən edilir ki, cavabdehin kriptovalyuta ilə bağlılığı yoxdur, yalnız tərcüməçi qismində fəaliyyət göstərib çinli ilə iddiaçının kriptovalyuta alınıb-satılmasında tərcümə xidmətini həyata keçirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi zərər vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar