Məhkəmə qərarları › İş №e-2(004)-2597/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2597/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2597/2023 16.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Əliyev Mikayil Nizami oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Əliyev Mikayil Nizami oğluna qarşı "borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əliyev Mikayil Nizami oğluna qarşı "borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı xeyrinə kredit borcuna görə 19.000 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulması, hüququ yardıma görə ödənilmiş 200 manatın, dövlət rüsumuna görə ödənilmiş 187 manatın, etibarnaməyə görə ödənilmiş 20 manatın, eyni zamanda borcun qaytarılmasının gecikdirilməsinə görə 2020-ci ilin sentyabr ayından başlayaraq illik 5 faizin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin gecikdirilmiş illik faiz borcuna görə 5%in tutulması hissəsində nəzərə alınmamasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda nikahları pozulmuş İddiaçı keçmiş əri X1 2019-cu ilin dekabr ayında ona müraciət edərək tanışı Cavabdeh 12.000 manat məbləğində borc verməsini və sonuncunun ona hər ay qazanc olaraq 1200 manat ödəməsini bildirməklə ona "xxxx" ASC-də olan əmanətini Cavabdeh qazanc əldə etmək məqsədi ilə borc verməsini təklif etmiş və o, həmin təkliflə razılaşaraq, gələcəkdə ipoteka yolu ilə mənzil almaq üçün bankda saxladığı əmanətinin 10000 ABŞ dollarını 2019-cu ilin dekabr ayında, 15.000 ABŞ dollarını isə 2020-ci ilin yanvar ayında Cavabdeh vermişdir. Arıqladıcı çay məhsullarının satışı ilə məşğul olan Cavabdeh həmin məbləğdən ona 6000 ABŞ dolları qaytarsa da, qalan məbləği qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Cavabdeh aldığı borcu İddiaçı ilk tələbi üzrə qaytaracağını vəd etsə də, dəfələrlə müraciət etməsinə baxmayaraq hər dəfə yaxın günlərdə qaytaracağını bildirməklə vədinə əməl etməmişdir. Cavabdehə inandığı üçün İddiaçı onunla borc müqaviləsini notariatda rəsmiləşdirməmişdir. Növbəti dəfə borcun qaytarılmasını tələb etdikdə Cavabdeh ondan 25.000 ABŞ dolları məbləğində borc almasını etiraf edən qəbz yazmaqla həmin borcu 2020-ci ilin sentyabr ayının sonuna kimi qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Həmin qəbzin verildiyi 21 iyul 2020-ci il tarixdən üç ilə yaxın müddətin keçməsinə baxmayaraq Cavabdeh hər dəfə borcu bir-neçə günə qaytaracağını bildirməklə onu aldadır. Hazırda cavabdehin İddiaçı qaytarılmamış 19.000 ABŞ doları məbləğində borcu vardır. Cavabdeh Əliyev Mikayil Nizami oğlu xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı iddiasını qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əliyev Mikayil Nizami oğlu iddia tələbini qəbul edərək bildirmişdir ki, iddiaçıdan borc almış və borcun bir hissəsini ödəmişdir. Odur ki, iddia tələbinin təmin olunmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdeh Əliyev Mikayil Nizami oğlu isə izahatlarında iddia tələbini qəbul etdiyini bildirmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən məhkəmə tərəfindən araşdırılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəzedilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarınımüvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Əliyev Mikayil Nizami oğlundan kredit borcuna görə 19.000 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla, hüququ yardıma görə ödənilmiş 200 manat, dövlət rüsumuna görə ödənilmiş 187 manat, etibarnaməyə görə ödənilmiş 20 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəisnə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, və Mülki Məcəllənin 739-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh kredit borcuna görə 19.000 (on doqquz min) ABŞ dollarının (ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla), hüququ yardıma görə ödənilmiş 200 manat, dövlət rüsumuna görə ödənilmiş 187 manat, etibarnaməyə görə ödənilmiş 20 manat. Cəmi 407 (dört yüz yeddi) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar