Məhkəmə qərarları › İş №e-2(004)-2600/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2600/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2600/2022 22.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X14 oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ondan borc aldıqları 3850 manat pulu, daha sonra ondan borc aldığı 800 manat pulu, cavabdehin əvəzinə ödədiyi 400 manat lotoreya pulu, ondan nisyə aldıqları ətə görə 200 manat pulu və məhkəmə üçün ödədiyi 73 manat rüsum pulunu toplamaqla, ümumilikdə ona 5323 manat məbləğində dəymiş maddi ziyanın cavabdehlərdən tutularaq ona geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1 və onun əri Cavabdeh2 onun qonşularıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə onlara gələrək iddiaçıya demişlər ki, Leylanın İbadın xalasına 5000 (beş min) manat borcu vardır və həmin pula görə hər ay 20 (faiz) ödəyir. Bu səbəbdən borc olaraq iddiaçıdan pul istəmişlər. İddiaçı onlara pulunun olmadığını desə də cavabdehlər ondan təkidlə ona kömək etməyini istəmişlər. Əslində evilərində evin təmiri üçün 2100 (iki min yüz) manat var idi, onu vermək olmazdı. Belə olan halda iddiaçı əri X3 xəbərsiz olaraq evdə olan 2100 (iki min yüz) manatı cavabdehlərə vermişdir. Daha sonra isə həmin gün lotoreya pulunu, 1750 (min yeddi yüz əlli) manatı da cavabdehlərə vermişdir. Cavabdehlərdən Leyla isə öz növbəsində pulu qaytaracağına əmin etmək üçün anası X1 məxsus mənzilin çıxarışının surətini saxlamaqdan ötrü iddiaçıya təqdim etmiş və həmin tarixdə iddiaçıdan aldıqları 2100 (iki min yüz) manat və 1750 (min yeddi yüz əlli) manat, ümumilikdə cəmi 3850 (üç min səkkiz yüz əlli) manat borcu 5 (beş) ay müddətinə qayataracağı barədə iltizam yazmışıdır. Bundan əlavə 2021-ci ilin iyul ayında Cavabdeh1 ona müraciət edərək bildirmışdir ki, ikinci əri türkdür, onun yanına Türkiyə Respublikasına getməlidir və oradan qayıtdıqdan sonra ondan borc aldığı 3850 (üç min səkkiz yüz əlli) manatı qaytaracaqdır. Lakin yol pulu yoxudur. Ona görə də iddiaçıdan 800 (səkkiz yüz) manat borc olaraq pul istəmiş və özünə məxsus kurkunu (şuba) və notbukunu girov olaraq iddiaçıya vermiş. O da Leylaya inanaraq 800 (səkkiiz yüz) manat borc pul vermişdir. Həmin vaxtlarda iddiaçı Leylanı qonşular arasında lotoreya oynadıqları qrupa daxil etmişdir ki, borclarını qaytara bilsin. Cavabdeh hər ay 100 manat olmaqla 6 ay lotoreya pulu versə də, son 4 ayı verə bilmədi. Cavabdehin məsuliyyətini o daşıdığı üçün 4 ay onun əvəzinə 100 manat olmaqla 400 (dörd yüz) manat pul vermişdir. Halbuki, 10 nəfərdən ibarət lotoreya qrupunda cavabdeh 3-cü növbə 1000 (min) manat götürmüşdü. Qeyd etdiyi kimi əri 2-ci qrup əlildir və əmək qabiliyyətsizdir. Bu səbəbdən ailəni çətin də olsa o saxlayır, hər ay Ağcabədi rayonunda yaşayan qohumları ona bir miqdar ət göndərir və o da yaxın tanışa və ya qohuma sataraq pul qazanır. O cümlədən cavabdehlər Cavabdeh1 və onun əri Cavabdeh2 da ondən həmin vaxtlarda nisyə olaraq 200 (iki) yüz manat dəyərində ət almışdı. Həmin 200 (iki yüz) manatı da iddiaçıya qaytarmayıblar. Beləliklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona 5250 (beş min iki yüz əlli) manat borcu yaranmış oldu. Daha sonra cavabdehlər onun telefonlarına cavab vermədilər. Belə olan halda o cabadehlərdən pulunu almaq üçün qızı X5 və baldızının qızı X6 ilə onların yaşadıqları ünvana getmişdir. Orada cavabdehlər onunla belə razılığa gəldilər ki, özlərinə məxsus iki otaqlı həyət evini 10000 (on min) manata satırlar. İddiaçı da onlar üçün müştəri tapsın, satıldıqdan sonra onların iddiaçıya borclu olduqları 5250 (beş min iki yüz əlli) manatı həmin puldan iddiaçıya qaytarsınlar. İddiaçı razılaşmış və ertəsi gün qonşusu İbrahimi müştəri olaraq cavabdehlərə təqdim etmişdir. Lakin cavabdehlər ona demişlər ki, başqa bir adama 10000 (on min) manat borclu olub və evi həmin borclu olduqları adama pul əvəzinə vermişlər. Daha sonra cavabdehlər özlərinə məxsus avtomobili 4000 manata satmaq istədiklərini bildirdilər və yenə ondan müştəri tapmağını xahiş etmişlər. Ərinin dostu Ağdam rayonu, Məzirli kənd sakini X10 (əlaqə: 050 869-26-27) həmin avtobilə baxmaq və almaq üçün Bakı şəhərinə gəlmişdir. Avtomobilə baxdıqdan sonra məlum olmuşdur ki, həmin avtomobil həm xarabdır, həm də bankda girovda və axtarışdadır . Bu səbəbdən Aşur əliboş geri qayıtmışdır. Daha sonra cavabdehlər onun telefon zənglərinə yenə də cavab vermədikləri üçün oğlu Ülvi ilə onların evlərinə getmişdir. Bu dəfə Leyla onun üzərinə mətbəx bıçağı ilə gəlmiş, lakin oğlu aranı sakitləşdirmişdir. Sonradan Leyla ilə yenə razılığa gəlmişlər ki, pulunu hər ay lotoreya oynayaraq ödəyəcək. Lakin bu dəfə də onu aldatmışdır. Daha sonra, o əri Mahirlə yenə də onların evinə getmiş, ona izah etmişdir ki, lombarda borcu var, xahiş etmişdir ki, borcu qaytarsın. O, yenə də borclarını qaytaracağına söz versə də, əməl etməmişdir. Bir dəfə də qonşusu Mehparədən xahiş etmişdir ki, onunla cavabdehlərin evinə getsin, şahid olsun ki, ona olan borclarını qaytarmırlar. Fikirləşmişdir ki, Leylaya desin ki, pul Mehparənindir, bəlkə belə olan halda borcu qaytarsın. Həmin vaxt İbad və anası evdə imiş. İddiaçı onlara ona borclu olduqları pulun əslində Mehparəyə aid olduğunu demişdir. Onlara demişlər ki, gedin Leyla gələndə, qış palatları gətirəcək sizə verər, satarsız, pulunuzu götürərsiz. Lakin, yenə də sözlərinə əməl etməmişlər. Lombarddan hər dəfə borca görə evilərinə zəng daxil olanda söz-söhbət yaranmiş, bir dəfə də belə söz-söhbət zamanı, əri Mahir öz qarın nahiyyəsini bıçaqla kəsmiş, onu güclə sakitləşdirmişlər. İddiaçı Mahirin xəsarət aldığı qarın nahiyyəsinin şəklini çəkib Leylaya votsap vasitəsi ilə ötürmüşdür ki, baxıb görsün ki, onların ucbatından ailələrində vəziyyət nə yerə çatmışdır, əgər onlar borclarını vaxtında qaytarsaydılar, lombardın kredtini verərdi və evilərinə zəng daxil olmazdı, əri də özünə xəsarət etməzdi, onun psixi pozğuntusu vardır. Həmin xx.xx.2021-ci il tarixdə Mahiri borc pul taparaq Maştağadakı ruhi-əsəb dispanserinə yerləşdirmişdir. Sonra da Leylanın əri İbad onlara zəng edərək demişdir ki, narahat olma, Mahiri sakitləşdir, biz sənə həm pul, həm satmağa mal verəcəyik, satıb pulunuzu götürərsən. O da əlacsız qalıb yenə də razılaşmışdır. Daha sonra cavabdehlərdən Cavabdeh2 onların evinə hər biri 50 manat dəyərində olan 3 ədəd yataq ləvazimatı (pastel) və ümumi dəyəri 250 manat olan yay paltarları gətirmişdir. Halbuki, həmin vaxt qış fəsli idi, o isə yay paltarı gətirirdi. Təbii ki, iddiaçı həmin paltarları sezon olamdığı üçün sata bilməmişdir, evindədir. Daha sonra bir dəfə Leyla onlara zəng eləmiş və demişdir ki, girovda qoyduyğu şubanı baldızı Əfsanəyə 500 manata satır, hər ay 50 manat iddiaçıya verər, ümumi borcdan çıxar. O, isə razılamamış və demişdir ki, pulunu bütov gətir əmanətini də apar. Daha sonra 2021-ci ilin dekabr ayında dayı və qardaşı rəhmətə getdiyinə görə İmişli rayonuna getmiş, həmin vaxt həyat yoldaşı ilə aralarında münasibətləri pisləşmişdir. Bundan istifadə edən Cavabdeh1 onların evinə gələrək sərxoş vəziyyətdə olan əri Mahirlə razılığa gəlmişdir. Belə ki, onda girov saxladığı kürkü (şubanı) 500 manat dəyərində qiymətləndirmiş, Mahirə 50 manat verərək, həmin kürkü götürmüş və qalan 450 manat pulu isə hər ay 50 manat ödəməklə bitirəcəyini söz vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, izahatının iddia ərizəsinin məzmununa uyğun olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o pulunu tələb edirəm. Öz qızıllarını Lombarda qoymuşdur. Cavabdeh ona pulu versin, faizlərini özünün ödəyəcəyini bildirmişdir. Komputeri və şubasını o girov olaraq götürmüşdür. Şubasını yoldaşının içkili olmasından istifadə edərək yoldaşından geri götürmüşdür. İlk dəfə yoldaşı Leylanın qaynanasına 1000 manat pul verib. Həmin 1000 manatdan 200 dollar pul qaytarıb. Qalan məbləği o özü faizə pul götürərək yoldaşına qaytarmışdır. Daha sonra evində 5000 manat məbləğində pul olmuşdur. Həmin məbləğdən 3850 manat yenidən borc vermişdir. O, Leylanı lotoreyaya da qoşmuşdur ki, pulunu qaytarsın. 200 manatdan başqa heç bir pul qaytarmamışdır. Cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, 800 manat qarşılığında komputer və şubanı girov götürmüşdür, 400 manat isə lotoreya pulunu vermiş, qaytarmamışdır. Kompüter, şuba və iddia ərizəsində qeyd etdiyi yataq dəstlərinin qiymətini o dəyərləndirməmişdir, 3 ədəd 50 manatdan yataq dəsti verib ki borcdan çıxsın. 250 manat dəyərində də paltarlar onun evindədir. Leylanın qaynanası bildirmişdir ki, ona pul verirsənsə əvəzində girov götür. Şubanı və komputeri 800 manat məbləğində o qiymətlədirməmişdir. Şuba özünə qaytarılmışdır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 1000 manatdan sonra 13 may 2021-ci il tarixdə 3850 manat borc vermişdir. 5 aylıq 3850 manatı 10 faizlə vermişdir. 1000 manatı o, Leylanın yerinə yoldaşınına qaytardıqdan sonra, onun əvəzində Leyla 200 dollar qaytarmış qalan məbləğ də qızılla qaytarılmışdır. 800 manatı Leyla Türkiyəyə getdiyi üçün istəmişdir. İş materiallarına əlavə olunan diskin içərisindəki səslər ona məxsusdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçıdan borc pul aldığını qəbul edir, lakin o pulu artıqlaması ilə ödəmişdir. İddiaçı faizə pul verməklə məşğuldur. İddiaçı onun ödədiyi məbləğləri faiz borcu olaraq hesablamış əsas məbləği saxlamışdır. O, iddiaçıdan 1000 manat və 1500 manat məbləğlərində borc almışdır. İddiaçı 1000 manatı 15 faizlə vermiş və 5 aya görə faizi hesabalayaraq 1750 manat borc aldığına dair, 1500 manatı 12 faizlə verərək 5 aya görə hesablamış və aralarında olan razılaşmaya görə 2100 manat məbləğində borc aldığına dair iltizam imzalatmışdır. Bunun əvəzində 250 manat dəyərində paltarı, 150 manat dəyərində yataq dəstini iddiaçıya vermiş, 200 manat pulu iddiaçının dediyi karta göndərmiş, həmçinin iddiaçı cavabdehə məxsus şubanı və noutbuku 800 manat dəyərində qiymətləndirərək götürmüşdür. 1400 manatın qaytarılması ilə bağlı sübutları bunlardır, qalan pulu da artıqlaması ilə qaytarmışlar, lakin sübutları olmadığı üçün məhkəməyə təqdim edə bilmirlər. İddiaçı qəbul etməsə də o, faizə pul verir, həmin 1000 və 1500 manatı da faizə vermişdir, məhkəməyə təqdim edilən diskdəki səsdən də aydın görünür ki, ididaçı həmin pulları faizlə vermişdir və ondan həmin faizləri istəyir. Ona görə də həmin iltizamlar mötəbər sübut kimi qəbul edilməməlidir. Bu səbəbdən də iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddianə qəbul etmir, onun bu məsələlərlə heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. İddiaçının dedikləri həqiqətə uyğun deyil. Onlar iltizamları qəbul edirlər amma borc olaraq 3850 manat yox 2500 manat götürülüb. Qalan məbləğlər faiz olaraq üstünə gəlmişdir. 1500 manatı 12 faizlə, 1000 manatı isə 15 faizlə vermişdir. 2500 manatdan 200 manat ödəniş edilmişdir, qəbz var, biri 50 manatdan 3 ədəd yataq dəsti, 250 manatlıq paltar iddiaçıya verilmişdir, 800 manat dəyərində qiymətləndirdiyi cavabdehə məxsus şuba və notbuku girov olaraq götürmüşdür. Bildirmək istiyir ki, faizlərlə birlikdə məbləği artıqlaması ilə qaytarmışlar. Faizlərlə birlikdə qarşı tərəfə 4310 manat pul ödənilib. Lotoreya pulunu da qarşı tərəf götürmüş amma pulu hüquqlarını müdafiə etdiyi şəxs ödəmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, sübutları yoxdur. Amma əllərində 200 manat qəbz, qarşı tərəfin özünün təsdiq etdiyi 400 və 800 manat və iş materiallarına əlavə etdikləri diskin içərisinə əlavə olunmuş “Whatsapp programında olan danışıqlar” var. 1000 manatı ödəməkləri ilə bağlı sübut yoxdur. İş materiallarında olan xx.xx.2022-ci tarixli iltizamlardan görünür ki, Cavabdeh1 İddiaçı 2100 və 1750 manat məbləğində pul götürdüyünü və 5 ay müddətinə qaytaracağını bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 200 manat məbləğində pul X4 məxsus kart hesabına ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının Cavabdeh1 1500 və 1000 manat məbləğində pulu faizlə verməsi, cavabdehin 2500 manat məbləğində borc alması, həmin borcdan 200 manat pulu nəğd şəkildə qaytarması, iddiaçıya 150 manat dəyərində yataq dəsti və 250 manat dəyərində paltar verməsi, həmçinin iddiaçının cavabdehə məxsus şubanı və noutbuku 800 manat dəyərində qiymətləndirərək götürməsi iş materialları və tərəflərin izahatı ilə müəyyən olunmuşdur. Cavabdeh qalan məbləği qaytardığını bildirsə də həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, 2500 manat borc məbləğindən 1400 manatı cavabdeh tərəfindən qaytarıldığından Cavabdeh1 1100 manat borc tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 iddiaçıdan borc alması iş materialları ilə sübuta yetirilmədiyindən iddia tələbi ona münasibətdə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi cavabdehlərin ondan borc aldığı 800 manat pul, cavabdehin əvəzinə ödədiyi 400 manat lotoreya pulu, ondan nisyə aldıqları ətə görə 200 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində sübuta yetirilmədiyindən rədd edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1100 manat pul və 31 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar