Məhkəmə qərarları › İş №e-2(004)-2616/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2616/2024

14.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2616/2024 14.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Renault Tondar” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı NAPSLSRALDD1191046 ban nömrəli qara rəngli avtomobili 2013cü ildə "xxxx" MMC-dən 15000 manata kreditlə almışdır. Həmin avtomobil üçün 4800 manat ilkin ödəniş etmiş, qalan 10200 manatı isə “Nikoyl” İKB-nin 6 saylı filialı ilə xx.xx.2013-cü il tarixli 17-A-1-0-2622-13 saylı kredit müqaviləsi bağlayaraq 36 ay müddətinə illik 21% olmaqla kredit götürmüşdüm. "xxxx" MMC həmin kredit müqaviləsi üzrə 27 iyun 2013-cü il tarixdə 17-A-1-0-2622-13 saylı zaminlik müqaviləsi ilə iddiaçıya zamin durmuşdur. Daha sonra iddiaçı qeyd olunan avtomobili daha yaxşı avtomobil almaq üçün satmaq qərarına gəlmiş və onu etibarnamə əsasında satmışdır. Razılaşmaya əsasən, həmin şəxs ilkin ödənişi iddiaçıya ödəmişdir. Bundan sonra həmin şəxs avtomobilin kredit müqaviləsi üzrə borcları ödəməli və avtomobil yüklülükdən azad olduqdan sonra etibarnamə əsasında öz adına keçirməli idi. Lakin, həmin şəxs kredit borcunu ödəməmişdir. Buna görə də zamin "xxxx" MMC iddiaçının əvəzinə 7954 manat məbləğində pulu banka ödəməli olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 02 may 2014cü il tarixli, 2(010)-1916/2014 saylı qətnaməsinə əsasən, ipoteka predmeti olan “Renault Tondar” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması qət edilmişdir. Bundan sonra Yasamal Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-13134-14/12- 923 saylı, 12 yanvar 2018-ci il tarixli məktubuna əsasən, ipoteka predmeti olan “Renault Tondar” markalı, 99-ET904 dövlət qeydiyyat nişanlıavtomobil 15 fevral 2018-ci il tarixində saat 11:00-da “X3” MMC tərəfindən ünvan 1 ünvanında keçirilən hərraca çıxarılmışdır. “X3” MMC tərəfindən hərracın keçirilməsi barədə iddiaçıya qanunvericiliyin tələbinə uyğun olaraq məlumat verilməmişdir. “X3” MMC-nin hərracın yekunları barədə 15 fevral 2018-ci il tarixli, 30 saylı protokolundan görünür ki, “Renault Tondar” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil son satış qiyməti 2830 manat olmaqla X1. Hərrac zamanı Cavabdeh MMC-nin QR 326 nömrəli, xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyi ilə əmlakın bazar qiymətini 2800 manat olaraq müəyyən etmişdir. Aşağıda qeyd olunan dəlillər Cavabdeh MMC tərəfindən sözügedən əmlakın bazar dəyərinin yanlış qiymətləndirildiyini, həmin qiymətləndirmənin iddiaçının əmlak vəziyyətinin ağırlaşmasına səbəb olaraq hüquq pozuntusuna şərait yaratdığını və buna görə də iddiaçıya dəymiş maddi zərərin "xxxx" MMC-dən tutulmalı olduğunu ortaya qoyur. Həmin hərracda sözügedən əmlakın qiyməticavabdeh tərəfindən bazar dəyərindən ən azı 5 dəfə az qiymətləndirilmişdir: Belə ki, Cavabdeh MMC-nin QR 326 nömrəli, xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, “Renault Tondar” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2017-ci il tarixə bazar qiyməti cəmi 2800 manat olaraq müəyyən edilmişdir. Bundan sonra mən cavabdehlər "xxxx" MMC (əvvəlki “X3” MMC) və Cavabdeh MMC-yə qarşı “hərracın nəticələrinin və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, e-2(005)-55/2023 saylı qətnamə ilə əmlakın hərrac dəyərindən dəfələrlə aşağı qiymətləndirilməsi barədə arqument əsaslı hesab edilmişdir. Belə ki, ipoteka predmetinin hərraca çıxarılması proseduru çərçivəsində (icra icraatı zamanı) keçirilmiş mübahisələndirilən qiymətləndirmə rəyi ilə “Renault Tondar” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2017-ci il tarixi üçün 2800 manat bazar qiyməti qoyulmuş, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən təyin edilən qiymətləndirici "xxxx" MMC isə həmin avtomobilin xx.xx.2017-ci il tarixinə real bazar dəyərini 14720 manat, likvid dəyərini isə 12800 manat kimi müəyyən etmişdir. Bu səbəbdən məhkəmə tərəfindən təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və əldə edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7147 saylı ekspert rəyi ilə “Renault Tondar” markalı 2013-cü il buraxılışlı avtomobilin 2017-ci ilin dekabr ayına nəzəri orta bazar qiymətinin 14000 manat, likvid dəyərinin isə 13500 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. Məhkəmə əldə olunmuş qiymətləndirici rəylərinə əsasən qət etmişdir ki, Cavabdeh MMC avtomobili qiymətləndirərkən həmin vaxt təşəkkül tapmış qiymətləri araşdırmamış, qiymətləndirməni səthi aparmış, avtomobilə dair zəruri sənədlərlə tanış olub onun dəyərinə təsir edən amilləri nəzərə almamış, analoji əmlakların bazar dəyərini təhlil etməmiş, bənzər əmlakların müqayisəli təhlilini həyata keçirməmiş, nəticədə əmlakı real dəyərindən aşağı qiymətləndirməklə iddiaçının hüququnun pozuntusuna şərait yaratmış və nəticədə, əmlak real dəyərindən dəfələrlə aşağı qiymətlə hərraca çıxarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sözügedən xx.xx.2023-cü il tarixli, e-2(005)-55/2023 saylı qətnaməsi isə artıqqanuni qüvvəyə mindiyinə görə sözügedən əmlakın qiymətinin cavabdeh tərəfindən bazar dəyərindən azı 5 dəfə az dəyərləndirilməsi faktı artıq öz təsdiqini tapmış sayılır və preyudisial əhəmiyyət daşıyır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-55/2023 saylı qətnaməsi əlavə edilmişdir. Həmin qətnaməyə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan avtomobilin dəyərindən dəfələrlə aşağı qiymətləndirilməsi və hərrac prosedurasının pozulması əsası ilə keçirilmiş müvafiq hərracın yekun protokolu etibarsız hesab edilmişdir. Həmçinin, müəyyən edilir ki, sözügedən avtomobil vicdanlı üçüncü şəxs tərəfindən əldə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti (hər üçü eyni vaxtda mövcud olmalıdır) vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. İddia tələbi üzrə 1-ci dispozitiv şərt yerinə yetirilmir. Belə ki, qiymətləndirmə fəaliyyəti haqqında müvafiq qanunvericiliyin (rəy verilmiş müvafiq dövrdə qüvvədə olmuş) təhlili nəticəsində cavabdeh qiymətləndirici hüquqi şəxsin məsuliyyətinin (təqsir) hüquqi əsası müəyyən edilmir. Belə ki, müvafiq qanunvericiliyə əsasən qiymətləndiricinin məsuliyyətinin əsasları (konkret hərəkətlər), həddləri müəyyən edilməmişdir. Məhkəmə məsuliyyətin (öhdəlik) yükləyici olması xüsusatını nəzərə almaqla anologiya üzrə tətbiq edərək cavabdehin təqsirini müəyyən etməyi əsaslı hesab etmir. Məhkəmə özünü digər məhkəmə (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi) qətnaməsindən tam asılı etməyi əsaslı hesab etmir. Məhkəmə həmçinin nəzərə alır ki, müvafiq rəy sifariş vermiş orqan tərəfindən mötəbər hesab edildikdə hüquqi əsas kimi nəzərdən keçirilə bilər. Yəni, hər hansı qiymətləndirmə rəyi imperativ xarakter daşımır, sifariş tərəfindən yenidən qiymətləndirmənin həyata keçirilməsi yolveriləndir. Məhkəmə mülki iş üzrə faktiki vəziyyəti nəzərə alır. Lakin, məhkəmə əsas olaraq qanunun tələblərini götürür. Məhkəmə qərarının ədalətliliyi yalnız qanunun ədaləti çərçivəsində mümkündür. Hakim də yalnız qanundan asılı olmaqla qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 124 manat məhkəmə xərci iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar