Məhkəmə qərarları › İş №e-2(004)-2626/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2626/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2626/2022 14.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı borclu Cavabdeh qarşı “borcun tutulması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü ildə doğulmuş Cavabdeh 1292 manat məbləğində əsas borcun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1392 (min üç yüz doxsan iki)manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nın hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ531BAZ********************) ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(004)- 2626/2022 saylı əmri ilə borclu Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1292 manat məbləğində əsas borcun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1392 (min üç yüz doxsan iki)manat məbləğində pul vəsaitinin tutulması barədə əmr verilmişdir. Borclu Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2626/2022 saylı, 19 aprel 2022-ci il tarixli məhkəmə əmrinə etiraz verərək məhkəmə əmrinin ləğv edilib iddia icraatına keçilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2626/2022 saylı, 16 may 2022-ci il tarixli tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(004)-2626/2022 saylı məhkəmə əmri ləğv edilmiş və həmin mülki iş iddia icraatına keçmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh kredit müqaviləsinə əsasən "Soliton LTD” MMC-dən dəyəri 1829 manat olan məişət avadanlığı əldə etmişdi. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1292(min iki yüz doxsan iki) manat borcu qalmışdır. Borcludan 1292 (min iki yüz doxsan iki) manat məbləğində əsas borcun və 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1392(min üç yüz doxsan iki) manat məbləğində pul vəsaitinin alınaraq "Soliton LTD” MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək, izahatında göstərmişdir ki, İddiaçı MMC-dən 12 may 2020-ci ildə nisyə olaraq 1829 manat məbləğində soyuducu almışdır. 6 ay işlədikdən sonra soyuducuda nasazlıq yaranmış, yüksək səslə işləməyə başlamışdır. Bununla bağlı onun müraciəti əsasında təmir üçün dəfələrlə servis xidməti gəlmiş, soyuducu təmir edildikdən sonra bir müddət işləmiş, sonra yenidən yüksək səs çıxarmağa başlamışdır. Borcu ümumi olaraq qəbul edir. Müqavilə onun tərəfindən imzalanmışdır. Lakin məişət əşyası nasaz olduğundan, əşyanın digəri ilə əvəz edilməsi ilə bağlı yeni iddia qaldıracaqdır. Hal-hazırda soyuducu onun bağ evindədir, lakin istifadə etmir. Məhkəmə iş materiallarını və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1292 (min iki yüz doxsan iki) manat pul məbləğində borc və 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AYK5906435 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 1829 (min səkkiz yüz iyirmi doqquz) manat məbləğində məişət avadanlığı əldə etmişdir və 24 ay müddətində aylıq 76 (yetmiş altı) manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəliyinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixində bağlanmış AYK5906435 saylı müqavilə üzrə ödənilməmiş 1292(min iki yüz doxsan iki) manat əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC-dən 1829 (min səkkiz yüz iyirmi doqquz) manat məbləğində məişət avadanlığı almış, 24 ay müddətində aylıq 76 (yetmiş altı) manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəliyinə götürmüşdür. İddiaçı öz öhdəliyini lazımınca yerinə yetirsə də cavabdeh öz öhdəliyini yerinə yetirməmiş və 1292 (min iki yüz doxsan iki) manat əsas borcu yaranmışdır. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1292 (min iki yüz doxsan iki) manat tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.2-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Mülki iş iddia icraatına keçdiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh AYK5906435 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1292 (min iki yüz doxsan iki) manat məbləğində əsas borc və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar