Məhkəmə qərarları › İş №e-2(004)-2656/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2656/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2656/2025 07.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16000 (on altı min) manat və 44550 ABŞ (qırx dörd min beş yüz əlli) dolları məbləğində (ödəniləcək günün bank məzənnəsinə uyğun olaraq) borc pulun və 372,96 (üç yüz doxsan iki manat doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra – iddiaçı) iş üzrə Cavabdeh (bundan sonra – cavabdeh) Bakı Baş Gömrük İdarəsində birlikdə işlədikləri vaxtdan tanıyır. Onunla iş yoldaşı kimi münasibətləri yaşxı olmuş, bir-birlərinə etibarları olmuşdur. Bu etibardan istifadə edən iş üzrə cavabdeh iddiaçıdan anasının müalicəsi üçün 2022-ci ilin aprel ayından 1000 (min) manat, daha sonra isə hissə-hissə olmaqla, 2022-ci ilin sentyabr ayına kimi ümumilikdə 16000 (on altı min) manat pul borc olaraq almışdır. Bundan başqa iş üzrə cavabdeh iddiaçıdan borclarının qaytarılmasına köməklik edilməsi üçün 2022-ci ilin sentyabr aylarında 44550 (qırx dörd min beş yüz əlli) ABŞ dolları məbləğində pulu borc alaraq almış, özünə məxsus mənzilini satıb həmin günə qədər olan pulları tam şəkildə geri qaytaracağına söz versədə, sonradan o verdiyi sözünə əməl etməmişdir. İddiaçı ailədə iki bacıdırlar. O, böyük bacı olmaqla 1993-cü il təvəllüdlü, X2 isə 2003-cü il təvəllüdlü olmaqla kiçik bacısıdır. Bacısının böyrək çatışmazlığından əziyyət çəkməklə dialez xəstəsidir və 2-ci qrup əlildir. Onun müalicəsi və əməliyyatları üçün yardımsevər insanlar tərəfindən 44.550 ABŞ dollarının bir hissəsi olmaqla 2021-ci ildən başlayaraq anası Mənsurə Balaməmmədovanın adına açılan karta yığılan həmin pullardır, digər hissəsi isə anası ilə iddiaçının özünün əmək haqlarından yığıb saxladıqları pullardır. Hal-hazırda iş üzrə iddiaçı cavabddehdən 16000 (on altı min) manat və 44550 ABŞ (qırx dörd min beş yüz əlli) ABŞ dolları məbləğində borc verdiyi pulları geri istəsədə, o müxtəlif bəhanələr gətirərək borcunu verməkdən yayınmışdır. Odur ki, iş üzrə iddiaçı məcburiyyət qarşısında qalıb, iş üzrə Cavabdeh 16000 (on altı min) manat və 44550 ABŞ (qırx dörd min beş yüz əlli) ABŞ dolları məbləğində borc verdiyi pulların alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, Cavabdeh iş yoldaşı olmuşdur. Onunla olan dostluq münasibətindən suiistifadə etmiş, anasının xəstə olmasını səbəb göstərərək borc pul istəmişdir. İddiaçı isə ona inanaraq, əvvəlcə 2022-ci ilin aprel ayından sentyabr ayına kimi 30000 manat, 2022-ci ilin sentyabr ayında isə 44550 ABŞ dolları borc pul vermişdir. Cavabdehə verdiyi 44550 ABŞ dolları pulu bacısının xəstəliyi ilə əlaqədar yığılan puldan vermişdir. Sədrlik edənin saulına cavab olaraq bildirir ki, 44550 ABŞ dollarını cavabdehə birdəfəyə vermişdir. Bugünə kimi verdiyi borcdan ödəniş olunmamışdır. Mənzili sataraq borcunu ödəyəcəyini bildirmişdir. Digər şəxsdən faizə pul götürərək vermişdir. Həmin yazışmalardakı faiz ifadəsi onunla əlaqədardır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı Cavabdeh işlədikləri Bakı Baş Gömrük İdarəsində birlikdə işlədikləri vaxtdan tanıyır. Onunla iş yoldaşı kimi münasibətləri yaxşı olmuş, bir-birlərinə etibarları olmuşdur. Bu etibardan istifadə edən cavabdeh iddiaçıdan anasının müalicəsi üçün 2022-ci ilin aprel ayından 1000 manat, daha sonra isə hissə-hissə olmaqla, 2022-ci ilin sentyabr ayına kimi ümumilikdə 16000 manat pul borc olaraq almışdır. Bundan başqa cavabdeh iddiaçıdan borclarının qaytarılmasına köməklik edilməsi üçün 2022-ci ilin sentyabr aylarında 44550 ABŞ dolları məbləğində pulu borc alaraq almış, özünə məxsus mənzilini satıb həmin günə qədər olan pulları tam şəkildə geri qaytaracağına söz versədə, sonradan o verdiyi sözünə əməl etməmiş, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Cavabdehə verilən borc pul iddiaçının da qeyd etdiyi kimi bacısının müalicə xərcləri üçün 2021-ci il tarixdən başlayaraq Emiliya xanımın anasının adına açılan karta yığılan pullar imiş. Məhkəməyə təqdim etdikləri müxtəlif tarixlərdə olan yazışmalardan da, görünür ki, cavabde borcunun olduğunu qəbul edir, hətta 13 yanvar 2023-cü il tarixli mesajda da deyir ki, 53000 ABŞ dolları pul qaytaracaq. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, cavabdeh Emiliya xanımın zənglərinə, mesajlarına cavab vermədiyi üçün iddiaçı məcbur olub anasının telefonu ilə əlaqə saxlamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, 16000 manat pul hissəsində iddianı qismən qəbul edir, 44550 ABŞ dolları hissəsində isə qəbul etmir. Cavabadeh iddiaçıdan borca 2022-ci ildə 30000 manat pul götürmüşdür, amma borcunun 14000 manatını qaytarmışdır və hazırda cavabdehin iddiaçıya olan borcu 16000 manat təşkil edir. Həmçinin bildirmək istəyir ki, iddiaçı tərəf məhkəməyə 44550 ABŞ dolları borc pulun verilməsi ilə bağlı kifayət qədər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə ABŞ dolları ilə hər hansı məbləğdə borc pul verilməmişdir. İndi isə verdiyi pulu isə faiz hesablayaraq tələb edir. Təqdim olunan yazışmalardan isə görünür ki, cavabdeh iddiaçı ilə yox, onun anası Mənsurə xanım ilə, yəni başqa İİİ şəxslə danışıqlar aparmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, cavabdehin iddiaçıdan götürdüyü 30 000 manat puldan 14000 manatı qaytardığına dair sübutları yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Vatssap platfoması vasitəsilə göndərilən mesajlardan və flaş kartda olan səs yazılarından müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin anasının istifadəsində olan mobil nömrəsi ilə aparılan danışıqlara əsasən Cavabdeh İddiaçı borcunun olduğunu etiraf etmişdir. Belə ki, mesajda və səs yazılarında cavabdeh dəfələrlə borcunu ödəyəcəyini, 30000 manat pulu verəcəyini bildirmişdir. - Azərbaycan Respublikası Yasamal Rayon Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 53/2-26056 saylı məktuba əsasən, İddiaçı müraciəti əsasında Yasamal RPİ-nin İŞdə materialı olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406-cı maddəsinə əsasən, 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.[394] 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.[ Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında yaranan münasibətlər borc münasibətləri olsa da, qanunvericiliyin tələbinə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsin əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 30000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, cavabdeh iddiaçının borc olaraq 30000 manat pul verdiyini etiraf etmişdir. Ona görə də, tərəflər arasında bağlanmış 30000 manat pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 30000 manat məbləğində pulu ona geri qaytarılmalıdır. Məhkəmə cavabdehin iddiaçıdan 30 000 manat pul götürməsi barədə qismən etirafını işin mübahisəsiz halı kimi qiymətləndirir. Belə ki, iddiaçı tərəf cavabdehdən 16000 (on altı min) manat və 44550 ABŞ (qırx dörd min beş yüz əlli) dolları məbləğində pul tələb etsə də, bu barədə təqdim etdiyi vatsap yazışmalarında 18 oktyabr 2022-ci il tarixdə 44500 $ 17260 m 3000 – 900 m %, 21 dekabr 2022-ci il tarixdə 13760 m, 3000 m+ 1000%, 13 yanvar 2023-cü il tarixdə “sabah mütləq bankdan götürəcəm 53000 dollar”, 01 sentyabr 2023-cü il tarixdə saat 5 üçün 30.000 AZN sizə gətirəcəm” kimi fərqli vaxtlarda fərqli məbləğlər və faiz ifadələri qeyd edilmişdir. Göründüyü kimi iddia tələbində qeyd edilən məbləğdən sonra müxtəlif məbləğlər qeyd edilmiş və son olaraq isə 30 000 manat qaytarılacağı bildirilmişdir. Belə olan halda məhkəmə sözügedən yazışmaları işin faktiki halını müəyyən edən mötəbər sübut kimi qəbul etmir və cavabdehin nümayəndəsi və vəkilinin 30000 manat borcun verilməsi barədə izahatını qismən etiraf olaraq qəbul edir. Eyni zamanda cavabdeh tərəf borc məbləğindən 14000 manat qaytardığını bildirsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir, halbuki həmin hissədə sübutetmə cavabdeh tərəfin üzərindədir. Beləliklə də, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh 30000 (otuz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 370 (üç yüz yetmiş) manatın 122 (yüz iyirmi iki) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30000 (otuz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 370 (üç yüz yetmiş) manatın 122 (yüz iyirmi iki) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar