Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2658/2022 31.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 iyul 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə nikahda olmuşdur. Onların birgə nikahından 18 iyul 2012-ci il təvəllüdlü X9 anadan olub. Tərəflər arasında nikah 2013-cü ildə pozulub və bu barədə 18 sentyabr 2013-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamə verilib. Abşeron Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsinə əsasən, 18 iyul 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilib. Alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən üç ildən çox müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Məhkəmənin diqqətinə çatdırırıq ki, iddiaçının övladı böyüyüb, onun xərcləri artıb, iddiaçı onun aylıq xərclərini ödəmək qabiliyyətində deyil. Buna görə də onun saxlanması üçün cavabdehdən 200 manat sabit pul məbləğində alimentin tutulması məqsədə müvafiqdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o, valideyn kimi məhkəmə tərəfindən müəyyən olunmuş aliment məbləğini vaxtında ödəyir, valideyn kimi öz vəzifələrini icra edir. Həmçinin qeyd etmişdir ki, o, 16 oktyabr 2014-cü ildə ikinci dəfə nikaha daxil olmuş, həmin nikahdan iki uşağı var. Evdə əmək fəaliyyəti ilə məşğul olan şəxs olaraq yalnız o işlədiyindən alimentin miqdarının artırılmasına razı deyildir. İddiaçının tələb etdiyi aliment məbləği cavabdehin hazırkı maddi vəziyyətinə uyğun deyildir. "xxxx" QSC-də çilingər işləyir, 373 manat əmək haqqı alır. İddiaçının tələb etdiyi məbləğdə alimentin ödəmək onun üçün mümkünsüzdür, hətta 154 manat məbləğində alimenti ödəməkdə çox çətinliklər çəkir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 18.09.2013-cü il tarixində verilmiş AZ-İ 180939 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X3 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 26.07.2013-cü il tarixdə 144 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 17.10.2012-ci il tarixində verilmiş AZ-İİ 970904 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 18.07.2012-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 oktyabr 2014-cü il tarixli AZ-İ seriyalı 984593 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 16 oktyabr 2014-cü il tarixdə nikaha daxil olmuş və bu barədə 666 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 27.11.2017-ci il tarixində verilmiş AZ-İV 046524 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 13 noyabr 2017-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası X8 qızıdır. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 08.02.2018-ci il tarixində verilmiş AZ-T 052213 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 04 oktyabr 2014-cü ildə anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. Azərbaycan Respblikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 24.02.2022-ci il tarixli A/61 saylı arayışdan müəyyən olunur ki, Cavabdeh həqiqətən 09.03.2021-ci il tarixindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Birləşmiş Emalatxanalarında elektrik çilingəri peşəsində işləyir. Cavabdeh orta aylıq əmək haqqı 373,54 (üç yüz yetmiş üç manat əlli dörd qəpik) manat təşkil edir. Azərbaycan Respblikasının İqtisadiyyat Nazirliyi yanlnda Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 11.03.2022-ci il tarixli **********120900 saylı məktubdan görünür ki, X1 vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilmımişdir. İş materiallarında olan Abşeron rayon icra və probasiya şöbəsinin icraata başlama haqqında qərarın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 18.07.2018-ci il tarixli, 2(012)-3815/2018 saylı icra sənədi üzrə 18.07.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulmalıdır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikahından 18.07.2012-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. 18.07.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 154 manat aliment sabit pul məbləğində tutulması qət edilmişdir. Hal-hazırda iddiaçı uşaq barəsində təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə, cəmi 370 manat aylıq əmək haqqı almasını, 2-ci dəfə nikaha daxil olmasını, həmin nikahdan 2 uşağının da olmasını, ailədə yeganə işləyən şəxs olmasını əsas gətirərək hər uşaq üçün 200 manat aliment ödəyə bilməyəcəyi üçün ərizənin rədd edilməsini xahiş etmişdir. İddia ərizəsindən göründüyü kimi, iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə və alimentin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan az olmasına əsaslanmaqla tələb edir. İddiaçı, müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etsə də, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddiaçını azyaşlı uşağa baxmaq və onların ehtiyaclarını ödəməyin çətin olması və alimentin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan az olması ilə əsaslandırmışdır. Cavabdeh iddiaya etirazını cəmi 370 manat aylıq əmək haqqı almasını, 2-ci dəfə nikaha daxil olmasını, həmin nikahdan 2 uşağının da olmasını, ailədə yeganə işləyən şəxs olması, maddi vəziyyətdən hal-hazırda çox çətinlik çəkməsi ilə əsaslandırmışdır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Həmçinin, qeyd edilən qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq vəvəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Bundan əlavə məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimumu ilə bağlı məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə və ya daha çox müəyyən edilməsinin mütləq şərti anlamına gəlmir. Yuxarıda qeyd olunan qanunvericilik normaların tələblərindən göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər və ya aliment ödəməkdən azad edə bilər. Bu dəyişikliklər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki iş üzrə isə cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim olunmamaqla, işin araşdırılmış halları ilə də müəyyən edilməmişdir. Uşaqların saxlanılması hər iki valideynin borcu olmasını nəzərə almaqla məhkəmə hesab edir ki, aliment ödəyicisi olan şəxsin (cavabdehin) ondan tələb olunan məbləğdə alimentin ödəməyə imkan verən maddi durumunun yaxşılaşmağa doğru dəyişiklərin olması ilə bağlı hallar müəyyən edilmədiyindən, cavabdehin yeni nikahından himayəsində iki azyaşlı uşağı olduğundan aliment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməz. Bundan başqa, iş izrə iddiaçı da əmək qabiliyyətlidir, uşağın saxlanması hər iki valideynin borcudur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair dair iddiası təmin edilməsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2658/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2658/2022
31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver