Məhkəmə qərarları › İş №e-2(004)-2684/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2684/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2684/2022 06.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 20.04.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.11.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10774,55 manat əsas, 239,47 manat faiz borcu olmaqla, cəmi 11014,02 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 123,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC 20.05.2022-ci il tarixdə ərizə göndərək bütün məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 istehlak məqsədləri üçün 60 altmış ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 10774,55 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh1 arasında 19.11.2019-cu il tarixli, ******* saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə 19.11.2019-cu il tarixli, 1022747/18303 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh2 bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit küqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 14.04.2022-ci il tarixə əsas borcu 10774,55 manat, faiz borcu 239,47 manat, cəmi 11014,02 manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunması, bank tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh1 götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər, krеdit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən krеdit müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа krеdit müqaviləsinə əsаsən "xxxx" ASC-yə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 11014.02 manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan bank - İddiaçı ASC, müştəri - Cavabdeh1 arasında bağlanmış 19.11.2019-cu il tarixli, ******* saylı kredit sazişinə əsasən bank borcalana restrukturizasiya məqsədilə 60 ay müddətinə illik 1% ödəmək şərtilə 10774,55 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə zamin qismində Cavabdeh2 arasında bağlanmış 19.11.2019-cu il tarixli, 1022747/18303 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış 19.11.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş maliyyə arayışına əsasən Cavabdeh1 19.11.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 14.04.2022ci il tarixə 10774,55 manat əsas, 239,47 manat faiz borcu olmaqla, cəmi 11014,02 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). MM-nin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında sübut olunur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş və nəticədə onun banka 10774,55 manat əsas, 239,47 manat faiz borcu olmaqla, cəmi 11014,02 manat məbləğində borcu yaranmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi 19.11.2019-cu il tarixli, 1022747/18303 saylı zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 123,4 manat cavabdehlərədən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.11.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10774,55 manat əsas, 239,47 manat faiz borcu olmaqla, cəmi 11014,02 manat və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 123,4 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.11.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10774,55 manat əsas, 239,47 manat faiz borcu olmaqla, cəmi 11014,02 manat (on bir min on dörd manat iki qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 123,4 (yüz iyirmi üç manat qırx qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar