Məhkəmə qərarları › İş №e-2(004)-27/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-27/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-27/2025 26.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı1 ASC-nin ilkin iddia üzrə Cavabdeh qarşı “kredit və ipoteka müqaviləsi üzrə pul” tələbinə dair, iddiaçı Cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizələri üzrə mülki iş (açar sözlər: kredit müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi X4, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı1 ASC-nin ilkin iddia üzrə Cavabdeh qarşı “kredit və ipoteka müqaviləsi üzrə pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İlkin iddia üzrə İddiaçı1 ASC ilkin iddia üzrə Cavabdeh qarşı “kredit və ipoteka müqaviləsi üzrə pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 52506,70 manat, bundan 51232,22 (əlli bir min iki yüz otuz iki manat, 22 qəpik) manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1274.48 (bir min iki yüz yetmiş dörd manat, 48 qəpik) manat və iş üzrə ödənilmiş 248 (iki yüz qırx səkkiz) manat dövlət rüsumunun Cavabdeh tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 16 mərtəbəli binada yerləşən, 158 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 74 saylı mənzilə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeharasında bağlanmış xx.xx.2008-ci il tarixli, 004 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə illik 12 (on iki) faiz dərəcəsi ilə 107440 (bir yüz yeddi min dörd yüz qırx) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 77/R saylı müqavilə əsasında Cavabdeh sərəncamında olanBakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 16 mərtəbəli binada yerləşən, 158 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 74 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 16 mərtəbəli binada yerləşən, 158 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 74 saylı mənzilin ipotekaya qoyulması barədə Bank iləCavabdeharasında xx.xx.2008-ci il tarixli, 004/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2023-cü il tarixə cəmi borcu 52506.70 (əlli iki min beş yüz altı manat, 70 qəpik) manat təşkil edir. Bundan 51232.22 (əlli bir min iki yüz otuz iki manat, 22 qəpik) manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 1274.48 (bir min iki yüz yetmiş dörd manat, 48 qəpik) manat faiz borcu təşkil edir.

3. İlkin iddia üzrə Cavabdeh ilkin iddiaya etiraz ünvanlayaraq ilkin iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, “Zamin Bank" Açıq Səhmdar Cəmiyyəti ilə xx.xx.2008-ci il tarixli, 004 saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən ona, yəni Cavabdeh 180 (bir yüz səksən) ay müddətinə illik 12 (on iki) faiz dərəcəsi ilə 107440 (bir yüz yeddi min dörd yüz qırx) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 77/R saylı müqavilə əsasında Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 16 mərtəbəli binada yerləşən, 158 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 74 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 16 mərtəbəli binada yerləşən, 158 kv.m ümumi sahədən ibarət 4 otaqlı 74 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh Əlihüesey qızı arasında xx.xx.2008-ci il tarixli, 004/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. 20.02 2008-ci ildə "xxxx" ASC-ə həyat yoldaşı ilə birlikdə getmişdilər Bankda təqdim edilən sənədlərin məzmunu ilə bağlı heç bir fikri yox idi. Həyat yoldaşından soruşduqda təqdim edilən sənədlər ev alqı-satqısı ilə bağlı olduğunu bildirdiyi üçün həmin sənədləri imzalamışdır. İmzaladığı sənədlərin ipoteka və Kredit müqavilələri olması ilə bağlı heç bir məlumatı yox idi. Həmçinin xx.xx.2008-ci il tarixli, 004 saylı kredit müqaviləsinə əsasən edilmiş aylıq ödənişlər də həyat yoldaşı tərəfindən edilmişdir. Belə ki, xx.xx.2008-ci il tarixli, 004 saylı kredit müqaviləsinə əsasən müəyyən edilmiş ödəniş cədvəlinə əsasən aylıq ödənişləri vaxtında və tam şəkildə ödənilmişdir. Belə ki, 20 fevral 2008-ci il tarixində 50560 manat "xxxx" ASC-ə ödənilmişdir. 19 mart 2008-ci il tarixində 8 075.6 manat "xxxx" ASC-yə ödənilmişdir. 18 aprel 2008-ci il tarixində 8000,00 manat “Zamin Bank'’ ASC-ə ödənilmişdir. 20 may 2008-ci il tarixində 12000,00 manat "xxxx" ASC-ə ödənilmişdir. 20 iyun 2008-ci il tarixində 11000.00 manat "xxxx" ASC-ə ödənilmişdir. 21 iyul 2008-ci il tarixində 873.55 manat "xxxx" ASC-ə ödənilmişdir. 28 avqust 2008-ci il tarixində 1650,00 manat "xxxx" ASC-ə ödənilmişdir. 16 oktyabr 2008-ci il tarixində 6000.00 manat "xxxx" ASC-ə ödənilmişdir. 24 oktyabr 2008-ci il tarixində 7000.00 manat "xxxx" ASC-ə ödənilmişdir. 21 noyabr 2008-ci il tarixində 3000,00 manat "xxxx" ASC-ə ödənilmişdir. 30 dekabr 2008-ci il tarixində 2200,00 manat "Zamin Bank” ASC-ə ödənilmişdir. 17 aprel 2009-cu il tarixində 4000.00 manat "xxxx" ASC-ə ödənilmişdir. 03 iyun 2009-cu il tarixində 2600,00 manat "xxxx" ASC-ə ödənilnrşdir. 28 avqust 2009-cu il tarixində 1650.00 manat "Zamin Bank” ASC-ə ödənilmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən də aydın olur ki, xx.xx.2008-ci il tarixli, 004 saylı kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən ümumi ödənilməli olan əsas və faiz məbləği 232102.80 manatdır. Həmin məbləğin 173838,55 manatı isə ödənilmişdir. Lakin daha sonralar həyat yoldaşının səhhəti ilə bağlı problemlərinin olmağı və 2016-cı ildə vəfat etməsi ilə bağlı ödənişləri ödəyə bilməmişdir. Həmçinin onun da kredit və ipoteka müqavilələrindən heç bir məlumatı olmadığı üçün ödənişləri həyata keçirə bilməmişdir. Bildirmək istəyir ki, Bakı şəhəri. Ə.Quliev küçəsi 1130-cu məhəllədə, 16 mərtəbəli binada yerləşən, 158 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 74 saylı mənzildə Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 16 mərtəbəli binada yerləşən, 158 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 74 saylı mənzilə baxış keçirdiyi zaman X5 həmin mənzildə yaşadığını gördülər. Həmin şəxs tərəfindən onlara mənzilin onun mülkiyyətinidə olması ilə bağlı müvafiq sənədlər də təqdim edildi. Təqdim edilən sənədlərdən – "xxxx" MTK ilə bağlanmış müqavilə, həmçinin texniki pasport, maliyyə arayışları, hüquqlarında Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, əmanətlərin sığortalanması Fonduna ünvanlanmış ərizə, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən, ünvana dair sənəd surətlərinin verilməsi haqqında sorğunun cavabından da göründüyü kimi mənzil X5 mülkiyyətinə keçmişdir. Həmin mənzilin başqasının istifadəsinə verilməsi ilə bağlı onlara hər hansı bir məhkəmə qərarı və ya rəsmi məlumat verilməmişdir.

5. Daha sonra iddiaçı Cavabdehlər İddiaçı1 ASC, Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli, 004 saylı kredit müqaviləsi əsasında tərəflərindən ödənilmiş 173838,55 manat məbləğindəki vəsaitin "xxxx" MTK, İddiaçı1 ASC və Əmanətlərin Sığortalanması Fondundan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək xx.xx.2008-ci il tarixli, 004 saylı kredit və xx.xx.2008-ci il tarixli 004/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və tərəflərindən ödənilmiş 173838,55 manat məbləğindəki vəsaitin "xxxx" MTK, İddiaçı1 ASC və Əmanətlərin Sığortalanması Fondundan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə xx.xx.2008-ci il tarixli, 004 saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən ona, yəni Cavabdeh 180 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 107440 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 77/R saylı müqavilə əsasında Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 16 mərtəbəli binaya yerləşən, 158 m2 ümumi sahədən ibarət 4 otaqlı, 74 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 16 mərtəbəli binada yerləşən, 158 m2 ümumi sahədən ibarət 4 otaqlı, 74 saylı mənzilin ipotekaya qoyulması barədə bank ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixli, 004/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. xx.xx.2008-ci ildə "xxxx" ASC-yə həyat yoldaşı ilə birlikdə getmişlər. Bankda təqdim edilən sənədlərn məzmunu ilə bağlı heç bir fikri yox idi. Həyat yoldaşından soruşduqda təqdim edilən sənədlər ev alqı-satqısı ilə bağlı olduğunu bildirdiyi üçün həmin sənədləri imzalamışdır. İmzaladığı sənədlərin ipoteka və kredit müqavilələri olması ilə bağlı heç bir məlumatı yox idi. Həmçinin xx.xx.2008-ci il tarixli, 004 saylı kredit müqaviləsinə əsasən edilmiş aylıq ödənişlər də həyat yoldaşı tərəfindən edilmişdir. Belə ki, xx.xx.2008-ci il tarixli, 004 saylı kredit müqaviləsinə əsasən müəyyən edilmiş ödəniş cədvəlinə əsasən aylıq ödənilməli olan 1289,46 manat məbləğində pul vəsaitini vaxtında və tam şəkildə ödənilmişdir. Belə ki, 20 fevral 2008-ci il tarixində 50560 manat "xxxx" ASC-ə ödənilmişdir. 19 mart 2008-ci il tarixində 8 075.6 manat "xxxx" ASC-yə ödənilmişdir. 18 aprel 2008-ci il tarixində 8000,00 manat “Zamin Bank'’ ASC-ə ödənilmişdir. 20 may 2008-ci il tarixində 12000,00 manat "xxxx" ASC-ə ödənilmişdir. 20 iyun 2008-ci il tarixində 11000.00 manat "xxxx" ASC-ə ödənilmişdir. 21 iyul 2008-ci il tarixində 873.55 manat "xxxx" ASC-ə ödənilmişdir. 28 avqust 2008-ci il tarixində 1650,00 manat "xxxx" ASC-ə ödənilmişdir. 16 oktyabr 2008-ci il tarixində 6000.00 manat "xxxx" ASC-ə ödənilmişdir. 24 oktyabr 2008-ci il tarixində 7000.00 manat "xxxx" ASC-ə ödənilmişdir. 21 noyabr 2008-ci il tarixində 3000,00 manat "xxxx" ASC-ə ödənilmişdir. 30 dekabr 2008-ci il tarixində 2200,00 manat "Zamin Bank” ASC-ə ödənilmişdir. 17 aprel 2009-cu il tarixində 4000.00 manat "xxxx" ASC-ə ödənilmişdir. 03 iyun 2009-cu il tarixində 2600,00 manat "xxxx" ASC-ə ödənilnrşdir. 28 avqust 2009-cu il tarixində 1650.00 manat "Zamin Bank” ASC-ə ödənilmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən də aydın olur ki, xx.xx.2008-ci il tarixli, 004 saylı kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən ümumi ödənilməli olan əsas və faiz məbləği 232102.80 manatdır. Həmin məbləğin 173838,55 manatı isə ödənilmişdir. Lakin daha sonralar həyat yoldaşının səhhəti ilə bağlı problemlərinin olmağı və 2016-cı ildə vəfat etməsi ilə bağlı ödənişləri ödəyə bilməmişdir. Həmçinin onun da kredit və ipoteka müqavilələrindən heç bir məlumatı olmadığı üçün ödənişləri həyata keçirə bilməmişdir. Bütün bu proseslərə "xxxx" ASC-nin rəhbəri X6 başçılıq etmiş, bütün sənədləşmə onun tapşırığı ilə aparılmışdır. Belə ki xx.xx.2008-ci il tarixli, 004 saylı kredit müqaviləsinə əsasən müəyyən edilmiş ödəniş ccədvəlinə əsasən hər ay ödənişləri həyata keçirmidir və bu müddət ərzində mənzildə təmir işlərini də həyata keçirmişdir. Belə ki, həmin dövr üçün mənzilin təmirinə 100000 manat məbləğində pul vəsaiti xərcləmişdir. Lakin mənzilin təmiri yekunlaşan ərəfədə "xxxx" MTK rəhbərliyinin cinayətkar fəaliyyəti və ona məxsus olan mənzilin başqa şəxslərə satılması məlum oldu. Onun bağladığı müqavilələr qüvvədə olduğu halda "xxxx" MTK –nın rəhbəri Tahir Həsənov və İddiaçı1 ASC-nin rəhbəri X6 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək başqa bir şəxslə də müqavilə bağlamış və onun mənzilini ona satmışdır. Daha sonra isə mənzil tamamilə başqa bir İİİ şəxsə satılmışdır. Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 16 mərtəbəli binada yerləşən, 158 m2 ümumi sahədən ibarət 4 otaqlı, 74 saylı mənzildə Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 16 mərtəbəli binada yerləşən, 158 m2 ümumi sahədən ibarət 4 otaqlı, 74 saylı mənzilə baxış keçirdikləri zaman X5 həmin mənzildə yaşadığını gördülər. Həmin şəxs tərəfindən onlara mənzilin onun mülkiyyətində olması ilə bağlı müvafiq sənədlər də təqdim edildi. Təqdim edilən sənədlərdən – "xxxx" MTK ilə bağlanmış müqavilə, həmçinin texniki pasport, maliyyə arayışları, hüquqlarında Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, əmanətlərin sığortalanması Fonduna ünvanlanmış ərizə, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən, ünvana dair sənəd surətlərinin verilməsi haqqında sorğunun cavabından da göründüyü kimi mənzil X5 mülkiyyətinə keçmişdir. Həmin mənzilin başqasının istifadəsinə verilməsi ilə bağlı onlara hər hansı bir məhkəmə qərarı və ya rəsmi məlumat verilməmişdir. Bu isə aydın məsələdir ki, onların konstutision hüquqlarının pozulmasıdır.

8. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)- 646/2024 saylı qərardadı ilə Cavabdehlər "xxxx" MTK, Əmanətlərin Sığortalanması Fondu və LPO İddiaçı1 ASC-yə qarşı “pul” tələbinə dair 2(004)-646/2024 saylı mülki iş Yasamal rayon Məhkəməsinin icraatında olan LPO "xxxx" ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair e-2(004)-202/2024 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-27/2025 nömrəli qərardadına əsasən iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilmişdir.

II. Tərəflərin mövqeləri:

10. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi ilkin iddia üzrə iddianı müdafiə edərək təmi olunmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh iddiası üzrə isə onlara münasibətdə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili ilkin iddianı qəbul etməmiş və qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, kreditin götürülməsi, mənzillərin alınması məsələsi ilə cavabdehin həyat yoldaşı məşğul olmuşdur. Cavabdehin həyat yoldaşı 2016-cı ildə vəfat edib. Cavabdehin bu məsələ ilə bağlı heç bir məlumatı yoxdur. Qeyd edir ki, qarşı tərəfin bildirdiyi mənzil ipoteka müqaviləsi üzrə qeydiyyata alınmayıb. Həmin əmlakı cavabdehin bildirdiyinə görə, bir hissəsini təmir etdirdikdən sonra orada yaşamayıblar. Bu məsələ qaldırıldıqda cavabdehə məlum olub ki, iddia ərizəsində göstərilən mənzil yoxdur, başqa şəxsə satılıb. Həmin borcun cavabdehə ünvanlanmasını da qanunsuz hesab edirlər. Belə ki, İddiaçı1 ASC-dən pul götürülüb "xxxx" MTK-ya mənzilin alınması üçün verilmişdir. Lakin hal-hazırda ortada bir mənzil olmadığına görə, cavabdeh iddiaçıya ödənilən pulun da geri qaytarılmasını tələb edir. Bu hadisə ilə bağlı tərəflərindən hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. Borcun olması ilə bağlı cavabdehə heç kim müraciət etməmişdir və tərəfin məlumatı olmamışdır. 2008-ci ildə kredit götürdükdə cavabdeh müqaviləyə formal olaraq imza çəkib, lakin bu məsələ ilə bağlı məlumatı olmayıb. 2016-cı ilə qədər cavabdehin yoldaşı tərəfindən mənzildə qismən təmir işləri görülümüşdür. 2016-cı ilən sonra cavabdeh həmin mənzilə getməmişdir və həmin mənzilin başqa şəxsə satıldığından məlumatı olmamışdır. Müqavilənin qiyməti 158 min manat göstərilmişdir. Onlar əldən çıxmış faydanı da həmin məbləğə əlavə edərək iddiaçıdan 178 min manat tələb edirlər.

12. Məhkəmə iclasında iştirak edən iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddianı müdafiə edərək nümayəndə və vəkilinin izahatını təsdiqləmişdir.

13. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmirlər və əsassız hesab edirlər. Qeyd olunan mənzil tərəflərindən 10 aprel 2013-cü il tarixdə alınmış, 2015-ci ildə isə həmin mənzilin mülkiyyətlərində olmasına dair çıxarış əldə etmişlər. "xxxx" MTK-ilə bağlanmış müqaviləni iş materiallarına əlavə etmişlər. Ötən məhkəmə iclasında da bildirdiyi kimi, hazırkı iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı1 ASC hüquqlarını müdafiə etdiyi şəxsə qarşı Lənkəran Rayon Məhkəməsində iddia qaldırmışdır. Qarşı tərəf bildirir ki, eyni mənzilə dair 3-cü şəxslə ipoteka müqaviləsi bağlanmış və X5 həmin müqavilədən borcu yaranmışdır. Bildirmək istəyir ki, 2008 – ci ildə hazırkı iş üzrə cavabdehə iddiaçı tərəfindən ipoteka ilə yüklü edilən əmlak verilir və müqavilə bağlanır. Necə ola bilər ki, cavabdeh ilə həmin mənzilə münasibətdə iddiaçı arasında müqavilə bağlanır və müqavilə münasibətlərinə xitam verilməmiş hüquqlarını müdafiə etdiyi şəxslə yeni müqavilə imzalanır. Buradan da görünür ki, iddiaçının əməlləri qanunsuzdur. Buna görə də hesab edirlər ki, hüquqlarını müdafiə etdiyi şəxsin bu məsələyə heç bir aidiyyatı yoxdur. Odur ki, iddianın təmin edilməsini xahiş edirlər. Həmin mənzildə 2015-ci ildən bu günə qədər müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 ailəsi ilə birlikdə yaşayır. Həmin mənzil alındıqda mənzildə heç bir təmir işləri görülməmişdir.

III. Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 18.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

15. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3620/2016 nömrəli, 22 iyul 2016-cı il tarixli qərarına əsasən İddiaçı1 ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixindən etibarən İddiaçı1 ASC-nin ləğvedicisi təyin edilmişdir.

16. İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış 20 fevral 2008-ci il tarixli, 004 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, krİddiaçı1 ASC Cavabdeh illik 12% olmaqla 180 ay müddətinə qaytarmaq şərti ilə 107440 manat məbləğində kredit verməyi, Cavabdeh kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirilməsini öhdəsinə götümüşlər. Həmin kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit Cavabdeh Bakı şəhəri, Ə.Quliyev küçəsi 1130-cu məhəllə 1ci yaşayış binasının B blokunda 11-ci mərtəbəsində, 74 saylı mənzil ünvanında yerləşən yaşayış sahəsinin alınmasına verilir.

17. İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış 20 fevral 2008-ci il tarixli 004/1 saylı ipoteka müqaviləsindən görünür ki, 20 fevral 2008-ci il tarixdə İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış 004 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan tərəfindən Cavabdeh ayrılmış 107440 manat məbləğində kreditin təminatı üçün ipoteka verən şəxsi mülkiyyətində olan mənzili ipoteka qoyur. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən ipoteka qoyulmuş Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə istifadədə olan 16 mərtəbəli binada yerləşən 158 m2 ümumi sahəsindən ibarət 4 otaqlı 74 saylı mənzilin ümumi dəyəri tərəflər arasında 158000 manat məbləğində qiymətləndirilmişdir.

18. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 20 fevral 2008-ci il tarixli 77/R saylı müqavilədən görünür ki, müqavilənin predmeti "xxxx" MTK-nın tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birini tərəflərin razılaşdığı qiymətlə Cavabdeh satmasından, Cavabdeh isə aldığı mənzilin dəyərini müəyyən edilmiş müddətdə ödəməsindən ibarətdir. Həmin müqavilənin 2-ci maddəsinə əsasən "xxxx" MTK ilə Cavabdeh tikintisini razılaşdığı mənzil Bakı şəhəri, Ə.Quliyev küç., 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunda 11 mərtəbəsində 74 saylı mənzilində yerləşməklə ümumi sahəsi 158 m2 olmaqla, 4 otaqdan ibarət olaraq. Mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir m2 üçün 1000 manat, cəmi 158000 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ilk və ya qrafik ödəmələri gecikdirərsə, Koorperativin ümumi yığıncağının qərarı ilə alıcını üzvlükdən azad etməyi öz üzərində saxlayır, bu halda ödənilmiş pay haqqının məbləği kooperativ tərəfindən yalnız həmin mənzilə yeni alıcı qəbul etdikdən sonra alıcıya qaytarılr. Alıcı tərəfindən ona məxsus mənzilin təmirinə pay haqqını tam ödəyəndən sonra başlanmalıdır.

19. 25 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı1 ASC-yə 20 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 51232,22 manat əsas, AR MM-nin 445.7-ci maddəsinə əsasən 1274,48 manat faiz borcu olmaqla, cəmi borcu 52506,70 manat təşkil edir.

20. İddiaçı1 ASC-nin Cavabdeh ünvanladığı 03 aprel 2023-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdeh 20 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən 51395,98 manat məbləğində borcun ödənilməsinin 3 (üç) gün ərzində təmin edilməsi, əks təqdirdə Bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

21. 16.12.2016 – xx.xx.2023-ü il tarixləri əhatə edən hesabdan çıxarışa əsasən Cavabdeh 51232,22 manat məbləğində kredit verilmişdir.

22. 14.07.2015-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, Babək prospekti, ev 10A ünvanında "xxxx" MTK-ya məxsus binanın B girişinin 11 mərtəbəsində ümumi sahəsi 159 m2 yaşayış sahəsi 93,24 m2 olmaqla, 4 otaqlı, 74 saylı mənzilin pay dəyəri 143000 manat X8 tərəfindən ödənilmişdir.

23. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, ünvan 2 ünvanında yerləşən mənzil X5 xüsusi mülkiyyətindədir.

24. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 noyabr 2023-cü il tarixli, 6-1-16/3- 11799/2023 nömrəli məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə yerləşən, 158 m2 sahədən ibarət 74 saylı mənzil Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilməmişdir və həmin əmlakın başqa şəxslərin sahibliyində olması ilə bağlı Mərkəzi Bakda hər hansı məlumat mövcud deyildir.

25. "xxxx" MTK ilə X8 arasında bağlanmış 10 aprel 2013-cü il tarixli 222/R saylı müqavilədən görünür ki, müqavilənin predmeti "xxxx" MTK-nın tikintisini həyata keçirdiyi 18 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birini tərəflərin razılaşdığı qiymətlə X1, X5 isə aldığı mənzilin dəyərini müəyyən edilmiş müddətdə ödəməsindən ibarətdir. Həmin müqavilənin 2-ci maddəsinə əsasən "xxxx" MTK ilə Cavabdeh tikintisini razılaşdığı mənzil Bakı şəhəri, Ə.Quliyev küç., 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunda 11 mərtəbəsində 74 saylı mənzilində yerləşməklə ümumi sahəsi 159 m2 olmaqla, 4 otaqdan ibarət olaraq. Mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir m2 üçün 900 manat, cəmi 143100 manat məbləğində müəyyən edilir.

26. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, Babək prospekti, 10a saylı evin 74 saylı mənzili “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər əsasında digər fiziki şəxsin adına qeydiyyata alınmışdır.

27. Cavabdeh tərəfindən İddiaçı1 ASC-yə ödənilmiş ödəniş qəbzlərinə əsasən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixədək 68598,55 manat məbləğində ödənişlər edilmişdir.

28. 20 fevral 2008-ci il tarixli qəbzə əsasən Cavabdeh tərəfindən "xxxx" MTK-ya 50560 manat məbləğində pul ödənilmişdir.

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2024-cü il tarixli 3-16-16/2-9/1284/2024 saylı ekpert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 20 fevral 2008-ci il tarixdə bağlanmış 004 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı1 ASC-yə xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 51232,97 manat, faiz borcu üzrə 82860,79 manat, illik 5 faiz hesablanmaqla 1266,59 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manatdır.

30. Məhkəmə iş materialları araşdırıb tərəflərin izahatlarını dinləyib onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddia ərizəsi qismən təmin olunmalıdır.

31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

34. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

35. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

38. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər.

39. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

40. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

41. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

42. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir.

45. Həmin Məcəllənin 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır.

46. Həmin Məcəllənin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

47. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

48. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

49. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir... Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

51. İlkin iddia üzrə iddiaçı iddia tələbində cəmi 52506,70 manat olmaqla, 51232,22 manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1274.48 manat və iş üzrə ödənilmiş 248 manat dövlət rüsumunun Cavabdeh tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 16 mərtəbəli binada yerləşən, 158 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 74 saylı mənzilə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

52. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə üzrə kreditor üzərinə düşən öhdəliyi yerinə yetirsə də, ilkin iddia üzrə Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı1 ASC-yə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də ilkin iddia tələbi borcun tutulması hissəsində təmin edilməli, ilkin iddia üzrə Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2024-cü il tarixli 3-16-16/2- 9/1284/2024 saylı ekpert rəyi nəzərə alınmaqla 51232, manat əsas və illik 5 % dərəcəsi ilə 1266,59 manat faiz borcu tutularaq ilkin iddia üzrə İddiaçı1 ASC-yə ödənilməlidir.

53. Həmçinin məhkəmə ilkin iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə iddia təmin olunmamalıdır.

54. Belə ki, İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış 20 fevral 2008-ci il tarixli 004/1 nömrəli ipoteka müqaviləsi sadə yazılı formada bağlanmış, notarial qaydada təsdiq edilməmişdir.

55. Məhkəmə hesab edir ki, İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsi qanunvericiliyin tələb etdiyi formada bağlanmadığından, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından etibarsızdır. Belə ki, iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir (AR KM-nin xx.xx.2021-ci il tarixli Qərarı).

56. Bundan başqa Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

57. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

58. Tərəflər arasında kredit müqaviləsi xx.xx.2008-ci il tarixdə bağlanmış, müqavilənin müddəti isə 180 ay, yəni 15 il müəyyyən edilmişdir.

59. İddiaçı isə kredit müqaviləsi üzrə pulun tutulması tələbi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

60. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti buraxılmamışdır.

61. Məhkəmə həmçinin qeyd edir ki, ilkin iddia üzrə iddia tələbi qismən təmin edildiyindən 247 manat ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

62. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

63. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı Cavabdeh "xxxx" MTK-ya qarşı iddiası üzrə aşağıdakıları qeyd edir:

64. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır.

65. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

66. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

67. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

68. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

69. Belə ki, bankın iddiaçıya 154.000 manat kredit ayırması işin mübahisəsiz halıdır. Bank həmin pul vəsaitini iddiaçıya nağd ödəməsi barədə halı sübuta yetirə bilməmişdir. Belə ki, bununla bağlı məxaric qəbzini təqdim edə bilməmişdir. Vəsait mənzilin tikintisi üçün ayrıldığından həmin məbləğin digər cavabdeh "xxxx" MTK-ya mənzil tikintisi üçün ödənilməsi təsdiq olunur. İş üzrə aparılmış ekspertiza rəyindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı1 ASC-yə ümumilikdə 68598,55 manat məbləğində ödəniş edilmiş, ilkin ödəniş qismində isə "xxxx" MTK-ya xx.xx.2008-ci il tarixli ********** nömrəli qəbzə əsasən 50560 manat məbləğində ödəniş olunmuşdur.

70. Belə ki, Cavabdeh və İddiaçı1 ASC arasında bağlanmış 20 fevral 2008-ci il tarixli 004 nömrəli kredit müqaviləsinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 107440 manat məbləğində 180 ay müddətinə kredit verir.

71. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən kredit borcalana Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının B blokunda 11-ci mərtəbəsində, 74 saylı mənzilin alınmasına verilir.

72. Müqavilənin 3.2-ci bəndinə əsasən borcalan bu müqaviləni imzaladığı tarixdən 1 iş günü ərzində satıcı ilə hesablaşmanı həyata keçirməlidir. Yaşayış sahəsinin mülkiyyətçisi ilə alqı-satqı müqaviləsini bağlamalıdır.

73. Həmçinin Cavabdeh və "xxxx" MTK arasında bağlanmış 20 fevral 2008-ci il tarixli 77/R nömrəli müqavilənin 3-cü bəndinə əsasən alıcı ilk və ya qrafik ödəmələri gecikdirərsə, kooperativin ümumi yığıncağının qərarı ilə alıcını üzvlükdən azad etməyi öz üzərində saxlayır. Bu halda ödənilmiş pay haqqının məbləği kooperativ tərəfindən yalnız həmin mənzilə yeni alıcı qəbul etdikdən sonra alıcıya qaytarılır.

74. Göründüyü kimi bank tərəfindən verilən kredit vəsaiti hesabına mənzil inşa edilməli, iddiaçı mənzilin dəyərini banka ödəməli və "xxxx" MTK isə mənzili iddiaçıya təhvil verməli idi. Belə bir razılaşmanın mövcudluğu yuxarıda qeyd olunan sübutlarla (kredit müqaviləsi, kooperativ binada mənzil tikintisi üçün müqavilə, ödənişlərin banka edilməsi, kooperativin mənzili artıq başqa şəxsə satması barədə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin etirafı) təsdiq olunur. Beləliklə, iddiaçının banka etmiş olduğu ödənişlər əslində mənzilə görə edilmiş ödənişlər olması təsdiq olunur.

75. Hazırda Cavabdeh və "xxxx" MTK arasında bağlanmış 20 fevral 2008-ci il tarixli 77/R saylı müqavilə üzrə satılmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə, 1-ci yaşayış binasının B blokunda 11-ci mərtəbəsində yerləşən 74 saylı mənzil "xxxx" MTK tərəfindən X2 və sonuncu həmin mənzillə bağlı çıxarış almışdır.

76. Belə olan halda Cavabdeh tərəfindən "xxxx" MTK-ya ödənilmiş 50560 manat məbləğində ilkin ödəniş və həmin evlə bağlı İddiaçı1 ASC-yə ödənilmiş 68598,55 manat məbləğində pul, ümumilikdə 119158,55 manat pul hesabına cavabdeh "xxxx" MTK əsassız varlanmışdır. Belə olan mənzilin alınması üçün ödənilmiş 119158,55 manat məbləğində pul Cavabdeh qaytarılmalıdır.

77. Bundan başqa Cavabdehdən 173838,55 manat məbləğində pulun tutulmasını tələb etsə də, iş materiallarına əlavə edilmiş qəbzlərdən və ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən mənzilin alınması ilə bağlı ümumilikdə 119158,55 manat məbləğində pul ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia yalnız 119158,55 manat məbləğində pulun tutulması hissəsində təmin edilməlidir. İddiaçı mənzili aldıqdan sonra orada təmir işləri apardığını bildirsə də, lakin həmin halı təsdiq edən sübutları təqdim edə bilməmişdir.

78. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia qismən təmin olunduğundan ödənilmiş dövlət rüsumu qarşılıqlı iddianın təmin olunan hissəsinə müvafiq olaraq 409 manat həcmində qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçı Cavabdeh ödənilməlidir.

79. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

80. Həmçinin iddia qismən təmin edildiyindən keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 manat məbləğində pul müştərək qaydada ilkin iddia üzrə İddiaçı1 ASC-dən və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

81. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 51232,22 (əlli bir min iki yüz otuz iki manat iyirmi iki qəpik) manat əsas, illik 5 % dərəcəsi ilə 1266,59 (bir min iki yüz altmış altı manat əlli doqquz qəpik) manat faiz borcu və 247 (iki yüz qırx yeddi) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə İddiaçı1 ASC-yə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-dan 119158,55 (yüz on doqquz min yüz əlli səkkiz manat əlli beş qəpik) manat məbləğində pul və 409 (dörd yüz doqquz) manat ödənilmiş dövlət rüsumu tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pul ilkin iddia üzrə İddiaçı1 ASC-dən, 50 (əlli) manat məbləğində pul isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar