Məhkəmə qərarları › İş №e-2(004)-2707/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2707/2024

09.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2707/2024 09.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlaka vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlaka vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə cavabdehlərin mənzilinin eyvanından qırılıb düşən şüşənin iddiaçıya məxsus “Mercedes Benz S350” markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 2.730 manat, 120 manat qiymətləndirmə xərci və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu olmaqla, ümümilikdə 2900 manat pulun müştərək qaydada X1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Bakı şəhəri Yasamal rayonu X5 küçəsi ev 122 ünvanda yerləşən binanın həyətində saxladığı “Mercedes Benz S350” markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə eyni ünvanda yaşayan qonşusu X2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X5 küçəsi 122 nömrəli evin 59/60 nömrəli mənzilindən “cam balkon”un şüşəsi sınaraq tökülmüşdür. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində onun avtomobilinə 2730 manat maddi ziyan dəymişdir. Bundan əlavə vurulmuş ziyanın qiymətləndirməsi üçün 120 manat xidmət haqqı ödəmişdir. Cavabdehlərdən ona vurulmuş ziyanın ödənilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə çox güclü külək olmuş, onun həyat yoldaşı və ailəsi ilə birlikdə yaşadıqları Bakı şəhəri Yasamal rayonu X5 küçəsi 122 nömrəli evin 59/60 nömrəli mənzilinin eyvanında olan “cam balkon”un şüşəsi sınaraq aşağı tökülmüşdür. Pəncərənin çərçivəsi yerində qalmış, şüşə güclü küləyin təsirindən qırılaraq aşağı tökülmüş və qonşuları olan İddiaçı məxsus olan və binanın həyətində dayanmış vəziyyətdə olan “Mercedes Benz S350” markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə tökülmüşdür. Şüşənin qırılmasına onun və ailə üzvlərinin heç bir təsiri olmamışdır. Şüşə baş vermiş təbii fəlakən nəticəsində qırıldığına görə onlar iddiaçıya məxsus olan avtomobilə dəymiş maddi zərərə görə heç bir məsuliyyət daşımırlar. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və Cavabdeh2 izahatı ilə razı olduğunu bildirdi. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus olan “Mercedes Benz S350” markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə xx.xx.2023-cü il tarixdə cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X5 küçəsi 122 nömrəli evin 59/60 nömrəli mənzilindən “cam balkon”un şüşəsinin sınaraq tökülməsi nəticəsində maddi zərər dəyməsi işin mübahisəsiz halıdır. Lakin bu hadisə cavabdehlərin hər hansı təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində deyil, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində müşahidə edilmiş şimal-qarb istiqamətli surəti 30 m/san olan təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə nəticəsində baş vermişdir. Hadisə zamanı pəncərənin çərçivəsi yerində qalmış, pəncərənin şüşəsi partlayaraq xırda qırıqlar şəklində binadan həyətə tökülmüşdür (fotoşəkillər əlavə edilib). İddiaçı hadisə baş verən günü təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə olan güclü küləyin əsməsindən məlumatlı olmuş və avtomobilini yüksək mərtəbəli binanın yanında saxlayarkən, binadan əsən güclü külək nəticəsində hər hansı bir əşyanın düşə biləcəyi ehtimalını görməli, daha tədbirli davranmaqla avtomobilini təhlükəsiz yerdə saxlamaqla, əmlakına dəymiş zərərin qarşısını almağa imkanı olduğu halda bunu etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının avtombilinə zərərin vurulması cavabdehlərin hər hansı təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində deyil, təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə nəticəsində baş verdiyinə görə, iddia tələbi təmin edilə bilməz. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X4rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2023-cü il tarixdə cavabdehlərin mənzilinin eyvanından qırılıb düşən şüşənin iddiaçıya məxsus “Mercedes Benz S350” markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 2.730 manat, 120 manat qiymətləndirmə xərci və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu olmaqla, ümümilikdə 2900 manat pulun müştərək qaydada X1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar