Məhkəmə qərarları › İş №e-2(004)-2713/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2713/2024

25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2713/2024 25.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 137 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2009-cı il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin, ödənilmiş 60 manat mediasiya xərcinin, eyni zamanda X3 müalicəsi ilə bağlı əlavə xərclərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-7747/2017 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2009-cı il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində aliment tutulması, həmçinin X3 müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə görə hər ay sabit məbləğdə 50 manat miqdarında pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda uşaqların maddi ehtiyacları artdığından və əlavə xərclər yarandığından alimentin hazırkı məbləği uşaqların maddi təminatını qarşılamaq üçün kifayət etmir. Ona görə də alimentin məbləğinin artırılması zərurəti yaranmışdır. Bundan başqa, övladı Ömər “hemipleqik spastik serebral iflic, USİ.sol tərəfli hemiparez” xəstəliyindən əziyyət çəkir, həm əqli, həm də fiziki qüsurludur. Onun aylıq müalicəsi ilə bağlı hər ay 400 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, Naxçıvanda olmasını və oradan xx.xx.2024-cü il tarixdə qayıtmasını nəzərə alınaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələbinə uyğun olaraq işə iddiaçının, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh nümayəndəsi (anası) Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, Cavabdeh hazırda Kanadada yaşayır, iddiaçı ilə boşanandan sonra evlənmiş və üç azyaşlı uşağı var. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə birgə nikahından doğulmuş övladları xx.xx.2009-cı il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində aliment ödəməlidir. Cavabdeh Kanadada inhaatda fəhlə işləyir və maddi gəliri çox aşağıdır. Odur ki, hər ay o, öz pensiyasından oğlunun əvəzində hər uşağa 150 manat olmaqla cəmi 300 manat alimenti iddiaçıya ödəyir. İddiaçı özü işləyir və 5000 manatdan artıq əmək haqqı alır. Hazırda alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 160 manat olmasına etiraz etmir. Qalan hissələrdə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-7747/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2009cı il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində aliment tutulması, həmçinin X3 müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə görə hər ay sabit məbləğdə 50 manat miqdarında pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-2534/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının artırılması” tələbinə dair iddiası rədd edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşaqların minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək, həy ay hər uşaq üçün 200 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. "xxxx"-dən çıxarışdan müəyyən edilir ki, İddiaçı Dövlət Neft Şirkətində böyük mühəndis işləyərək 3358 manat, Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim işləyərək 200 manat əmək haqqı alır. Məhkəmə, uşaqların mənafeyini, maddi ehtiyaclarının artmasını, tərəflərin maddi durumunu, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olmasını, cavabdeh maddi vəziyyətində hər hansı bir dəyişiklik olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 137 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Ödənilmiş mediasiya xərcinin əvəzi 60 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Çünki, iddiaçı aliment tutulduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşmasını və yüksək gəlir əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı uşağın müalicəsi ilə bağlı xərcləri icbari tibbi sığortadan istifadə etməklə ödənişsiz həyata keçirilə bilər. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-7747/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 137 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi 60 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar