Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2715/2024 21.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC cəlb edilməklə Cavabdeh QSC BOKT-yə qarşı “kredit müqaviləsi üzrə borcun silinməsi, borcun silinməsi barədə məlumatın Maraqlı şəxs MMC-yə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC cəlb edilməklə Cavabdeh QSC BOKT-yə qarşı “kredit müqaviləsi üzrə borcun silinməsi, borcun silinməsi barədə məlumatın Maraqlı şəxs MMC-yə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC İddiaçı2 və İddiaçı1 qarşı kredit borcunun tutulması tələbinə dair əmr icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Göyçay rayon məhkəməsinin 25 dekabr 2015-ci il tarixli 2(046)-3029/2015 saylı məhkəmə əmri ilə iddia təmin edilmişdir. Məhkəmə əmrinə etiraz təqdim etdikdən sonra qeyd olunan əmr ləğv edilib iddia icraatına keçirilmişdir. Göyçay rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli 2(046)-1078/2016 saylı qətnaməsi ilə "xxxx" ASC İddiaçı2 və İddiaçı1 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən "xxxx" ASC şikayət vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 23 iyun 2016-cı il tarixli, 2(107)-759/2016 saylı qətnaməsi ilə şikayət təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra tələb hüququ Cavabdeh QSC-yə ötürülmüşdür. Cavabdeh QSC-nin müraciət edərək "xxxx" ASC-yə borcu qalmadığından adlarının borclu sihasından silinməsini xahiş etmişlər. Cavabdeh tərəf isə bunu icra etməmişdir. İddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh tərəf və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına əlavə edilmiş Göyçay rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli 2(046)-1078/2016 saylı qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər əsas borclu İddiaçı2 və zamin İddiaçı1 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-759/2016 nömrəli qətnaməsi ilə şikayət təmin edilməmiş, Göyçay rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli 2(046)-1078/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli, 32/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 2.1.2-ci maddəsinə əsasən, məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı. Həmin Qaydaların 3.9-cu maddəsinə əsasən, məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. Həmin Qaydaların 3.10-cu maddəsinə əsasən, MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Hazırki mülki iş üzrə kredit müqaviləsi üzrə əsas borclu və zamin tərəfindən öhdəliyin icra olunmaması mülki işin mübahisəsiz halıdır. İddia müddətinin ötürülməsi öhdəliyin xitamına səbəb olmamaqla sadəcə iddiaçı tərəfindən tələb etmə hüququnun itirilməsi ilə nəticələnir. Yəni, iddia müddəti ötürüldükdə iddiaçı tərəfindən tələbin məhkəmə qaydasında realizə edilərək təmin edilməsi mümkün hesab edilmir. Bunun əsası qismində qanunla imperativ qaydada müəyyənləşdirilmiş iddia müddətinin ötürülməsi çıxış edir. Lakin, icra edilməmiş öhdəlik qüvvədə qalmaqda davam edir. Çünki, öhdəliyə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsində (həmçinin müqavilə üzrə) konkret olaraq müəyyənləşdirilmişdir. Bu səbəbdən, icra edilməmiş öhdəliyə görə iddia müddətinin keçməsi əsası ilə öhdəliyin xitamı və bu barədə vahid məlumat bazasında informasiyanın yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qanuni və əsaslı hesab edilə bilməz. Lakin, zaminə münasibətdə zaminliklə bağlı müəyyən edilmiş müddət kəsici müddət olduğundan həmin müddətin ötməsi bütövlükdə öhdəliyin xitamına səbəb olur. Xitam verilmiş öhdəliyə münasibətdə zaminə dair öhdəlik xarakterli məlumatların Maraqlı şəxs MMC-də saxlanılması əsassız hesab edilməklə subyektin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına səbəb olur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, zamin qismində İddiaçı1 münasibətdə borcun silinməsi barədə məlumatın Maraqlı şəxs MMC-yə verilməsi öhdəliyi Cavabdeh QSC BOKT-un üzərinə qoyulmalı, iddia tələbi əsas borclu İddiaçı2 münasibətdə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC cəlb edilməklə Cavabdeh QSC BOKT-yə qarşı “kredit müqaviləsi üzrə borcun silinməsi, borcun silinməsi barədə məlumatın Maraqlı şəxs MMC-yə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası qismən təmin edilsin. Zamin qismində İddiaçı1 münasibətdə borcun silinməsi barədə məlumatın Maraqlı şəxs MMC-yə verilməsi öhdəliyi Cavabdeh QSC BOKT-un üzərinə qoyulsun. İddia tələbi əsas borclu İddiaçı2 münasibətdə təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2715/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2715/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver