Məhkəmə qərarları › İş №e-2(004)-2748/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2748/2022

06.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2748/2022 06.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh KATV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 382.33 manat abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat pulun və ödənilmiş 30.40 manat dövət rüsumunun , ümumilikdə 512 manat 73 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli. TR 057 saylı və 22 avqust 2011-ci il tarixli. TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə “AG Telekom" MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Nəsimi rayonu ərazisində bəzi vətəndaşlar ”AG Telekom" MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Qanunsuz qosulma hallarının qarşısının alınması məqsədi ilə “AG Telekom" MMC ilə "Ədalət- A" hüquq firması arasında hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 23 saylı MKİS tərəfindən verilmiş 01.12.2014-cü il tarixli,1392 nömrəli arayışdan görünür ki, ünvan 1,mənzil 68 24.12.004-cü ildən 30/29543 saylı qeydiyyat vəsiqəsinə əsasən ev sahibidir qeydiyyatı yoxdur. Arayışdan görünür ki,iddiaçının şəbəkəsind qanunsuz qoşulma icra edən zaman ünvan 1, 68 saylı mənzilin sahibi cavabdeh olmuşdur. İddia ərizəsinə əlavə edilmiş 17.11.2021-ci il ntarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış binası “K@TV1" Kabel Televiziya xidmətlərinin göstərilməsinə dair analoq yayım ilə 06.06.2007-ci il tarixindən təmin edilmişdir.Qanunsuz qoşulmanın həyatsa keçirildiyi ünvan 1, 68 nömrəli mənzilin sahibi Cavabdeh ilə “AG Telekom" MMC arasında hər hansı müqavilə münasiətləri (kabel televiziyası və internet xidmətlərinin göstərməsinə dair) olmamışdır. İddia ərizəsinə əlavə edilmiş 17.11.2021-ci il tarixli digər arayışdan görünür ki,1465 N saylı akt tərtib olunana qədər ünvan 1 ünvanında yerləşən yaşayı binasının 68 saylı mənzilə sonuncu dəfə 21.05.2014-cü il tarixində baxış keçirilmişdir. Bundan sonra 01.09.2014-cü il tarixinə “Ədalət-A hüquq firmasının Rabitə Nazirliyinin və“K@TV1" Kabel Televiziyasının əməkdaşları qoşulma faktı aşkar etmişdilər bu barədə 1465 N saylı akt tərtib olunmuşdur. Tərtib edilən aktdan görünür ki,cavabdehə məxsus məzil iddiaçıya məxsus “K@TV1" Kabel Televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində “AG Telekom" MMC-yə maddi ziyan dəymişdir.Baxiş keçirilən zaman tərtib edilmi. Aktda qeyd edilən video qeydə alınmışdır. Kabel Televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avgust 2015-ci il tarixinədək 9(doqquz) manat və 01 sentyabr 2015-ci il tarixindən isə 10(on) manat təşkil edir. Bakı şəhəri Nəsimi rayonu,Cavadxan küçəsi 1 saylı binanın, 68 nömrəli mənzilinə sonuncu baxış keçirtdiyi 21.05.2014-cü il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 01.09.2017-ci ilədək olan müddət cəmi 1198 gün təşkil edir. Bu günlərdən 467 gün hər gün 30 qəpik olmaqla 140.10 manat,731 gün üçün isə hər günü 33 qəpik olmaqla 241 manat maddi ziyan hesablamaq şərtilə ümumilikdə 382.33 manat təşkil edir. Bundan əlavə “AG Telekom'" MMC “Ədalət-A hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında 100 (yüz əlli) manat pul ödəmişdir. Daha sonra İddiaçı MMC-nin nümayəndəsi X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh (K@TV1) əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 30 manat 90 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X4 iddia ərizəsinin və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6, 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan 01.12.2014-cü il tarixli 1392 saylı Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 23 saylı Mənzil Komunal İstismar sahəsi tərəfinindən verilən arayışdan görünür ki, Xəlilova X1 ev 1, 68 saylı mənzildə 24.12.2004-cü ildən 30129543 saylı qeydiyyat vəsiqəsinə əsasən ev sahibidir, qeydiyyatı yoxdur. İş materiallarında olan 01.09.2014-cü il tarixli İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 01 sentyabr 2014-cü il tarixli 1465 saylı akta əsasən, ünvan 2 ünvanında “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar edilmişdir. İş materiallarında olan 17 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, “AG Telekom" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Cavadxan 1 ünvanında yerləşən yaşayış binası “K@TV1" Kabel Televiziyasının xidmələrinin göstərilməsinə dair analoq yayım ilə 06.06.2007-ci il taxində təmin edilmişdir. Qanunsuz qoşulmanın həyata keçirildiyi ünvan 4, 68 nömrəli mənzilin sahibi Cavabdeh ilə “AG Telekom" MMC arasında hər hansı müqavilə münasiətləri (kabel televiziyası və internet xidmətlərinin göstərməsinə dair) olmamışdır. İş materiallarında olan 17.11.2021-ci il tarixli digər arayışdan görünür ki,1465 N saylı akt tərtib olunana qədər ünvan 4 ünvanında yerləşən yaşayı binasının 68 saylı mənzilə sonuncu dəfə 21.05.2014-cü il tarixində baxış keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.12.2005-ci il tarixli 227 saylı qərarı ilə təsdiq olunmuş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-cı maddəsinə əsasən radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, 01.09.2014-cü il tarixli aktın tərtibi zamanı cavabdehin və ya onun ailə üzvünün iştirakı təmin edilməmişdir. Habelə müvafiq aktın sonuncuya təqdim edilməsi məqsədilə lazımi tədbirlər görülməmişdir.Aktı tərtib edən şəxslər (harada və hansı vəzifədə işləmələri) barəsində məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. 01.09.2014-cü il tarixdə tərtib edilməsinə baxmayaraq 3 il ərzində aktla bağlı cavabdehdən pul istənməmiş və 8 ildən sonra məhkəməyə müraciət olunmuşdur. Aktda mənzilin qapısını açan olmadı bildirilmişdir. Yəni, iddiaçı tərəfindən aktın tərtib edilməsi qaydaları pozulduğuna görə İddiaçı MMC-nin (K@TV1) tərtib etdiyi 01.09.2014-cü il tarixli 1465 nömrəli akt qüsurlu olmaqla, mötəbər sübut kimi qəbul edilə bilməz və cavabdehdən istifadə etmədiyi televiziya kanallarına görə pul tələb edilməsi üçün yetərli deyildir. Çünki, iddiaçı ilə cavabdehin arasında müqavilə mövcud deyildir, cavabdehin hər hansı bir qanunsuz hərəkətləri (delikt) nəticəsində iddiaçıya maddi zərər vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin iddiaçının qarşısında müqavilədən irəli gələn öhdəliyi və ya delikt nəticəsində yaranmış hər hansı bir öhdəliyi mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Çünki, iddiaçı sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh “Cavabdeh (K@TV1) əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 30 manat 90 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar