Məhkəmə qərarları › İş №e-2(004)-2763/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2763/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2763/2022 06.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı “X4” Bakı filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X4” Bakı filialının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit və kredit faizlərinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X4” Bakı filialı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit və kredit faizlərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “X4” Bakı filialı iddiasını onunla əsaslandırmışdır ki, “X4” Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış 20 oktyabr 2021-ci tarixli 981 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X4” Bakı filalı ilə Cavabdeh3 arasında 50 saylı, Cavabdeh2 arasında 51 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən “Borcalan” ssuda hesabında qalıq əmələ gəldiyi gündan 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu və ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 366,56 manat ödəməli idi. Müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər-hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq, «Borcalan» 25.04.2022-ci il tarixə «Bank»a kredit borcu üzrə - 2199,36 manat ödəniş yerinə yetməli idi. Lakin 25.04.2022-ci il tarixinə kimi «Borcalan» tərəfindən «Bank»a 370 manat ödəniş həyata keçirilmişdir. Tərəfimizdən borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 29 % ödəməlidir. 25.04.2022-ci il tarixə cavabdehin «Bank»a olan ümumi borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə birlikdə 10608,91 manat təşkil edir. Bundan 9791,77 manat əsas borcu, 817,14 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh1 ilə bağlanmış 20 oktyabr 2021-ci tarixli 981 saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh3 arasında 50 saylı və Cavabdeh2 arasında 51 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Ona görə də, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cəmi 10608,91 manat, bundan 9791,77 manat əsas borc və 817,14 faiz borcu məbləğində 25.04.2022-ci il tarixə olan kredit borcunun və ödənilmiş 121,83 manat dövlət rüsumunun tutularaq «X4» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “X4” Bakı filialının nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 981 saylı, 20 oktyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 “X4” Bakı filialından illik faiz dərəcəsi 19% olmaqla 36 ay müddətinə 10.000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 20 oktyabr 2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, “X4” Bakı filialı tərəfindən Cavabdeh1 10000 manat məbləğində kredit ayrılaraq pul verilmişdir. İş materiallarında olan 50 saylı, 20 oktyabr 2021-ci il tarixli saylı zaminlik müqaviləsindən görünür ki, 981 saylı, 20 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi ilə kreditordan kredit götürmüş Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh3 öz üzərinə götürmüşdür. İş materiallarında olan 51 saylı, 20 oktyabr 2021-ci il tarixli saylı zaminlik müqaviləsindən görünür ki, 981 saylı, 20 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi ilə kreditordan kredit götürmüş Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 25 aprel 2022-ci il tarixə “X4” Bakı filialına olan kredit borcunun və faizlərin hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh1 9791,77 manat məbləğində əsas borcu, 817,14 manat məbləğində faiz borcu, cəmi 10608,91 manat borcu qalmışdır. İddiaçı “X4” Bakı filialının cavabdehlərə ünvanladığı 02.03.2022-ci il tarixli pretenziyadan müəyyən olur ki, cavabdehlərdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi barədə cavabdehlər xəbərdar edilmişdilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər Cavabdeh3 və Cavabdeh2 borcun ödənilməsi üçün tam öhdəlik daşıyır. Buna görə də Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə 20.10.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi tam təmin edilməli, 9791,77 manat məbləğində əsas borcu, 817,14 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq “X4” Bakı filialına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 121,83 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20.10.2021-ci il tarixli, 981 saylı kredit müqaviləsi üzrə 9791,77 manat əsas borc və 817,14 manat faiz borcu olmaqla, cəmi 10.608,91 (on min altı yüz səkkiz manat doxsan bir qəpik) manat borc və ödənilmiş 121,83 (yüz iyirmi bir manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "X4" Bakı filialının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar