Məhkəmə qərarları › İş №e-2(004)-2852/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2852/2023

12.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2852/2023 12.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi zərərin əvəzi olaraq 37800 manat, hüquqi yardim üçün vəkilə görə ödənilən 250 manat və dövlət rüsumu kimi ödənilmiş 204,55 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 11 may 2022-ci il tarixdə saat 00:15-də “BC” kateqoriyalı, AD 303472 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan və atası Cavabdeh2 məxsus “SUBARU FORESTER” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə alkoqollu içkilərin qəbulu və narkotik vasitələrdən istifadə edilməsi nəticəsində sərxoş halda Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi ilə saatda 80 km/saat sürətlə üzü H.Məcidov küçəsi istiqamətində hərəkətdə olarkən Ə.Cəmil və H.Məcidov küçələrinin kəsişməsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin, yəni svetoforun qırmızı işığında yolayrıcına avtomobili daxil etməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı və avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətindən yüksək sürətlə idarə etməməli, həmçinin həmin Qanununun 83-cü maddəsinin 3-cü hissəsinin, yəni nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməməli olduğu halda bu qaydalara əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozub, hərəkətdə olduğu istiqamətdə Ə.Cəmil və H.Məcidov küçələrinin kəsişməsində sol tərəfdən hərəkətdə olan iddiaçıya məxsus «Toyota Camry» markalı, 90-00-039 dövlət qeydiyyat nişanlı avtomaşını idarə etdiyi avtomobilin qabaq ön hissəsi ilə vurub həmin avtomaşının sərnişini X2 C 7 (boyun) fəqərəsi yan çıxıntısının, TH2, TH3, TH3(döş) fəqərə cisimlərinin sınıqları, sol diz oynağının sıyrığı, sağ bayır topuğun şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozub, yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə, saat 24 radələrində Yasamal rayonunda yerləşən «Renessans Palas» yaşayış binasının qarşısında tanışlarım Mirzəyev Elşən, Mirzəyev Vüsal və Şərbətov Vüqar ilə görüşmüşdür. Tanışlarını yaşadıqları evə aparmaq üçün avtomobilinə əyləşmələrini təklif etmişdir. İdarə etdiyi “Toyota Camry” markalı 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Məcidov küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsinə çatmış, svetaforun yaşıl işığı yandığından hərəkətini davam etdirib küçələrin kəsişməsini düzünə keçən zaman avtomobilimin sağ yan tərəfindən “Subaru” markalı avtomobil ön tərəfi ilə vurmuşdur. Zərbənin təsirindən idarə etdiyi “Toyota Camry” markalı avtomobil sürüşüb yolun sol tərəfində dayanmış avtoyuma məntəqəsinə dəyib dayanmışdır. Zərbənin təsirindən o və avtomobilində olan sərnişinlər xəsarət almışıq, mənə məxsus avtomobil isə yararsız vəziyyətə düşmüşdür. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 1(004)-72/2023 nömrəli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılan zaman ********** saylı cinayət işi üzrə ekspertizanın təyin edilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10 avqust 2022-ci il tarixli 9/4959 nömrəli ekspert rəyi qəbul olunmuşdur. Həmin ekspert rəyinə əsasən ona məxsus “Toyota Camry” markalı 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla 37800 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarının mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, hazırkı mülki iş üzrə cinayət nəticəsində vurulmuş tələbin əsaslandığı Cavabdeh1 digər Cavabdeh2 məxsus “SUBARU FORESTER” markalı, **-MT- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə cinayət hadisəsi törətmişdir və həmin əmələ görə o təqsirli bilinmişdir. Odur ki, cavabdehlərdən maddi zərərin əvəzi kimi 37800 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil Ağəli oğlu ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və sığorta şirkəti tərəfindən 4226 manat məbləğində pulun iddiaçıya ödənilməsini nəzərə alaraq, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, onlar avtomobili təmir etdirmək istəsələr də iddiaçı buna razı olmamış və avtomobili satmışdır. O, dəymiş zərərin məbləği ilə razı deyildir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməsinin üzrlü səbəbləi barədə məhkəməyə məlumat verməmişdir. (Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə bildirişinin kötüyünü imzalamaqla məhkəmə bildirişini qəbul etmişdir.) Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə məhkəmə cavabdehin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 avqust 2017-ci il tarixli 7E-12116 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, həmin etibarnəmə əsasında Cavabdeh2 Cavabdeh1 mülkiyyətində olan “Subaru Forester” minik markalı ** MT *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2029-cu il tarixədək idarə etmək səlahiyyəti vermişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 1(004)-72/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh1 11 may 2022-ci il tarixdə saat 00:15-də “BC” kateqoriyalı, AD 303472 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, atası Cavabdeh2 məxsus “SUBARU FORESTER” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə alkoqollu içkilərin qəbulu və narkotik vasitələrdən istifadə edilməsi nəticəsində sərxoş halda yol hərəkəti qaydalarını pozub, hərəkətdə olduğu istiqamətdə Ə.Cəmil və H.Məcidov küçələrinin kəsişməsində iddiaçıya məxsus «Toyota Camry» markalı, 90-00-039 dövlət qeydiyyat nişanlı avtomaşını vurub həmin avtomaşının sərnişini X2 xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozub, yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli 9/4959 nömrəli ekspert rəyinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən ********** saylı cinayət işi üzrə ekspertizanın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar əsasında məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən “Toyota Camry” markalı 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla 37800 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Dövlət Sığorta Kommersiya Şirkətinin 06 iyul 2023-cü il tarixli 05/03333 nömrəli məktubundan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Toyota Camry” markalı 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6050 manat hesablanmış, mütənasib olaraq 4226,63 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Azərsığorta tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, “Toyota Camry” markalı 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6050 manat (ehtiyat hissələrinin dəyəri 4050 manat, işçilik 2000 manat olmaqla) məbləğində hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil eksperti X3 tərəfindən təqdim edilmiş 20 noyabr 2022-ci il tarixli 568 nömrəli arayışın surətindən görünür ki, ekspert tərəfindən “Toyota Camry” markalı 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar 20 noyab 2022-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən “İnterservice”də baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərcinə cəmi 16164 manat tələb olunduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım üçün “Kəngərli və Partnyorları” vəkil bürosunun hesabına 250 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi Cavabdeh2 məxsus “SUBARU FORESTER” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, iddiaçıya məxsus «Toyota Camry» markalı, 90-00-039 dövlət qeydiyyat nişanlı avtomaşının vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtomaşının sərnişini X1 az ağır zərər vurulmuş, iddiaçıya məxsus «Toyota Camry» markalı, 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Cavabdeh1 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 1(004)-72/2023 nömrəli hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Toyota Camry” markalı 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ona 4226,63 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göründüyü kimi, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər vurulması məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilmiş, həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərə görə Cavabdeh1 mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçının əmlakına dəymiş zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Bununla belə, məhkəmə qeyd edir ki, yol nəqliyyat hadisəsinin baş verməsi zamanı Cavabdeh1 avtomobili etibarnamə əsasında idarə etməklə avtomobilə qanuni əsaslarla sahiblik etdiyindən Cavabdeh2 dəymiş zərərin ödənilməsi üçün məsuliyyət daşımır və zərərin əvəzini ödəmək vəzifəsi yalnız Cavabdeh1 üzərinə qoyulmalıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, dəymiş zərərin məbləği cinayət işi üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası əsasında xüsusi biliyə malik olan ekspert tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli 9/4959 nömrəli ekspert rəyi əsas götürülməklə müəyyən edilməli və iddiaçıya ödənilmiş 4226 manat sığorta ödənişi də nəzərə alınmaqla Cavabdeh1 vurulmuş maddi zərərə görə 33574 (37800 manat-4226 manat) manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla 250 manat hüquqi xidmət haqqını ağlabatan məbləğ hesab edərək, həmin məbləğin Cavabdeh1 iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Məhkəmə iddia ərizəsinin “hüquqi yardımın göstərilməsi ilə bağlı cavabdehdən 250 manat məbləğində vəkil xidməti xərcinin İddiaçı xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd edir ki, məhkəmə xərcləri qismində göstərilən 250 manat vəkilə çəkilmiş xərc mütənasib olduğundan, məhkəmə həmin xərci ağlabatan məbləğ hesab edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsinin həmin tələbi də qismən təmin edilərək, 250 manat məbləğində vəkil xidməti xərci Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 181,68 manat pul alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 22,87 manat (204,55-181,68=22,87) iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 vurulmuş maddi zərərə görə 33574 (otuz üç min beş yüz yetmiş dörd) manat, hüquqi yardıma görə ödənilmiş 250 (iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 181,68 (bir yüz səksən bir manat altmış səkkiz qəpik) manat pul alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 22,87 (iyirmi iki manat səksən yeddi qəpik) manat (204,55- 181,68=22,87) iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş maddi zərərə görə 33574 (otuz üç min beş yüz yetmiş dörd) manat, hüquqi yardıma görə ödənilmiş 250 (iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 181,68 (bir yüz səksən bir manat altmış səkkiz qəpik) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 22,87 (iyirmi iki manat səksən yeddi qəpik) manat (204,55-181,68=22,87) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar