Məhkəmə qərarları › İş №e-2(004)-2853/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2853/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2853/2024 21.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11455.52 (on bir min dörd yüz əlli beş manat əlli iki qəpik) manat məbləğində əsas bоrc və 1361.62 (min üç yüz altmış bir manat altmış iki qəpik) manat faiz borcu оlmaqla, ümumilikdə 12817.14 (on iki min səkkiz yüz on yeddi manat on dörd qəpik) manat borcun və ödənilmiş 128.85 (yüz iyirmi səkkiz manat səksən beş qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün illik 22% dərəcəsi ilə 59 ay müddətinə 13300 manat məbləğində kredit verilmiş və bununla bağlı 24 oktyabr 2022-ci il tariхli, 900804-536100/1 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə "xxxx" ASCyə 11455.52 (on bir min dörd yüz əlli beş manat əlli iki qəpik) manat məbləğində əsas bоrc və 1361.62 (min üç yüz altmış bir manat altmış iki qəpik) manat faiz borcu оlmaqla, ümumilikdə 12817.14 (on iki min səkkiz yüz on yeddi manat on dörd qəpik) manat borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddiaçının iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan 24 oktyabr 2022-ci il tariхli, 900804-536100/1 nömrəli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən cavabdehə illik 22% dərəcəsi ilə 59 ay müddətinə 13300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il bildirişdən görünür ki, borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış 24 oktyabr 2022-ci il tariхli, 900804-536100/1 nömrəli kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 421 (müqavilənin ləğvinə aid hissədə), 462 (cərimə öhdəliyinə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur MM-in 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşlar. Nəticə etibarilə, tərəflər arasında bağlanmış 24 oktyabr 2022-ci il tariхli, 900804- 536100/1 nömrəli kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 421 (müqavilənin ləğvinə aid hissədə), 462 (cərimə öhdəliyinə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün illik 22% dərəcəsi ilə 59 ay müddətinə 13300 manat məbləğində kredit verilmiş və bununla bağlı 24 oktyabr 2022-ci il tariхli, 900804-536100/1 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə 11455.52 (on bir min dörd yüz əlli beş manat əlli iki qəpik) manat məbləğində əsas bоrc və 812.96 (səkkiz yüz on iki manat doxsan altı qəpik) manat faiz borcu оlmaqla, ümumilikdə 12268.48 (on iki min iki yüz altmış səkkiz manat qırx səkkiz qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində zəruri sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv təkzibetmə funksiyası həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği 128.85 (yüz iyirmi səkkiz manat səksən beş qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11455.52 (on bir min dörd yüz əlli beş manat əlli iki qəpik) manat məbləğində əsas və 812.96 (səkkiz yüz on iki manat doxsan altı qəpik) manat faiz borcu оlmaqla, ümumilikdə 12268.48 (on iki min iki yüz altmış səkkiz manat qırx səkkiz qəpik) manat pul və ödənilmiş 128.85 (yüz iyirmi səkkiz manat səksən beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 11455.52 (on bir min dörd yüz əlli beş manat əlli iki qəpik) manat məbləğində əsas və 812.96 (səkkiz yüz on iki manat doxsan altı qəpik) manat faiz borcu оlmaqla, ümumilikdə 12268.48 (on iki min iki yüz altmış səkkiz manat qırx səkkiz qəpik) manat pul və ödənilmiş 128.85 (yüz iyirmi səkkiz manat səksən beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar