Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2887/2024 04.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan 400 manat alimentin məbləğinin artırılaraq həm hər ay 600 manat sabit pul məbləğinin, həm də qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi məbləğində Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, tərəflər xx.xx.2001-ci il tarixdə rəsmi nikah bağlamışlar. Birgə nikahdan tərəflərin xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X6 adlı iki övladı var. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-673/2022 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş övladları - xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 400 manat olmaqla, cəmi 800 manat sabit pul məbəğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda uşaqlardan X5 yetkinlik yaşına çatmışdır və cavabdeh yalnız X6 üçün 400 manat aliment ödəyir. X6 hazırda orta məktəbin 10-cu sinifində təhsil alır və təhsilini ali təhsil müəssisəsində davam etdirmək niyyətindədir. X6 hazırda 5 fənndən hazırlığa gedir. İddiaçı aylıq 1 fənn üzrə hazırlıq ödənişi 100 manat olmaqla, cəmi 500 manat ödəniş edir. Bu məbləğ yalnız hazırlığa ödənilən məbləğdir, uşağın dolanışığı üçün bununla yanaşı ərzaq və digər qeyriərzaq xərcləri də çəkilir, hansı ki, bu xərcləri məhkəmənin təyin etdiyi 400 manatla ödəmək mümkün deyildir. Cavabdeh iki uşaq üçün aylıq 800 manat aliment ödədiyinə görə, bir uşaq üçün 600 manat sabit pul məbləğində alimenti və aylıq qazancının ¼ hissəsi miqdarında aliment ödəyə bilər. Cavabdeh bir neçə tirkətin təsisçisidir, adında avtomobillər var, aylıq qazancı kifayət qədər yüksəkdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz göndərək, iddiaçı ilə boşandıqdan sonra ailə qurduğunu, həmin nikahdan bir azyaşlı uşağı olduğunu, arvadınınişləmədiyini və onun himayəsində olduqlarını, ölkə üzrə uşaqlar üçün üçün yaşayış minimumunun 235 manat müəyyən edildiyini, 400 manat əmək haqqı oldığını bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, cavabdehin etirazını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-673/2022 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş övladları - xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 400 manat olmaqla, cəmi 800 manat sabit pul məbəğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda xx.xx.2005-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə 18 yaşına çatmışdır və ona aliment ödənilməsi dayanmışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək, həy ay 500 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə, uşağın mənafeyini, maddi ehtiyaclarının artmasını, tərəflərin maddi durumunu, aliment tutulduqdan sonra cavabdeh maddi vəziyyətində hər hansı bir dəyişiklik olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 400 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 500 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Çünki, iddiaçı aliment tutulduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşmasını və yüksək gəlir əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdliyi sübutlar, yəni cavabdehin bir neçə müəssisənin təsisçisi olması və adına avtomobillərin olması 2022-ci ildə işə baxılan zaman da mövcud olmuşdur. Əksinə Cavabdeh ailə vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, o, X2 ilə evlənmiş və həmin nikahdan xx.xx.2017-ci il təvvəlüdlü X7 adlı bir övladı da doğulmuşdur. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-673/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 400 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2887/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2887/2024
04.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver