Məhkəmə qərarları › İş №e-2(004)-2903/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2903/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2903/2023 23.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 40110***-*******02L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasının ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8558,66 manat əsas kredit borcu, 585,85 manat kreditdən istifadəyə görə faiz borcu və 125,87 manat cərimə borcu olmaqla, cəmi 9270,38 manat və iddianın verilməsi üçün ödənilmiş 112,71 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsalandırılmışdır ki, 40110***-*******02L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2032-ci il tarixədək 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh həmin əsas kredit limiti razılaşması çərçivəsində bankdan xx.xx.2024-cü il tarixədək qaytarmaq və illik 14.5 % ödəmək şərti ilə aldığı 10500 manat krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 11-dək ayda 506,74 manat ödəməklə) banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehə poçt vasitəsilə pretenziya göndərilsə də, borc ödənilməyib. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: 40110***-*******02L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən, İddiaçı ASC Cavabdeh 50 000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032ci il tarixinədək kredit limiti ayırmışdır. İddiaçı ASC-nin internet səhifəsindən çıxarışdan görünür ki, cavabdeh həmin əsas kredit limiti razılaşması çərçivəsində bankdan 11 aprel 2022-ci il tarixdə xx.xx.2024-cü il tarixədək qaytarmaq və illik 14.5 % ödəmək şərti ilə 10500 manat (hər ayın 11-dək ayda 506,74 manat ödəməklə) kredit götürmüşdür. Cavabdehin hesab üzrə çıxarışından görünür ki, onun tərəfindən xx.xx.2022-ci il tarixdən başlayaraq müqavilənin şərtləri pozulmuş və kredit ödənilməmişdir. Cavabdeh İddiaçı ASC-yə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışa əsasən, xx.xx.2023-cü il tarixə əsas kredit borcunun məbləği 8558,66 manat, faiz borcunun məbləği 585,85 manat, hesablanmış cərimə borcu 125,87 manat ,borc üzrə iddia tələbinin cəmi məbləği 9270,38 manat təşkil edir. 28 mart 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı kredit limiti müqaviləsi üzrə yaranmış borcun ən qısa müddətdə ödənilməsini cavabdehdən tələb etmiş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və ya kreditin tam qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh kredit limiti müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddia əsas və faiz borcunun ödənilməsi hissəsində təmin olunmalıdır. Bundan əlavə iş materiallarından görünür ki, cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etmədiyi üçün iddiaçı tərəfindən 125,87 manat məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış 40110***-*******02L saylı, xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasında cərimə ilə bağlı hər hansı müddəa nəzərdə tutulmadığından iddia bu hissədə təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmənin iş üzrə 2(004)-2903/2023 saylı 23 avqust 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 40110***- *******02L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasının ləğv edilməsi tələbi hissəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına əsasən (həmin tələbə məhkəmə qaydasında baxılmamalı olması əsası ilə) xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddia ərizəsinin verilməsi üçün ödənilmiş 111,18 manat rüsum Cavabdeh tutularaq iddaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8558,66 (səkkiz min beş yüz əlli səkkiz manat altmış altı qəpik) manat əsas, 585,85 (beş yüz səksən beş manat səksən beş qəpik) manat faiz borcu və iddianın verilməsi üçün ödənilmiş 111,18 ( yüz on bir manat on səkkiz qəpik) manat rüsum "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar