Məhkəmə qərarları › İş №e-2(004)-2950/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2950/2022

23.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2950/2022 23.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(004)-2620/2021 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü qızım X2 onun himayəsinə verilmiş, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin, habelə qızının 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin (cəmi 225 manat) Cavabdeh tutularaq iddiaçı olaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qəbul olunduğu vaxtdan cavabdeh aliment borcunu gecikdirməklə ödəmiş və yalınz tərəfindən icra orqanlarına şikayətlərdən sonra müəyyən məbləğdə ödənişlər etməklə, alimentə görə inzibati və cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Yəni, cavabdeh bir valideyn olaraq, uşağının gündəlik ehtiyaclarını və cari xərcləri ilə maraqlanmamış və yalnız qanunun sərtliyindən ehtiyat edərək mütəmadi gecikmələrlə yığılmış borclarından cuzi ödənişlərlə özünü aliment məsuliyyətindən yayındırmağa çalışmışdır. Mövcud məişət qayğılarının gündən-günə çətinləşdiyi bir şəraitdə övladını təkbaşına böyüdən bir ana olaraq, qızının gündəlik zəruri ehtiyaclarının davamlı və fasiləsiz təmin edilməsi üçün vaxtlı-vaxtında 500-800 manat aralığında vəsaitə (aylıq kirayə pulu, uşağın qida və gündəlik geyim-dəyişək və dərman vasitələri) ehtiyac yaranır. Həmçinin, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Bundan başqa, müvafiq sorğu əsasında “Azəriqaz” İstehsalat Birliyindən əldə etdiyikləri xx.xx.2022-ci il tarixli əmək haqqı və gəlir haqqında rəsmi arayışa əsasən onlara məlum olmuşdur ki, Cavabdeh əmək müqaviləsi ilə X3 işləyir və aylıq qazancı (maaş və yemək pulu daxil) 752.80 (yeddi yüz əlli iki manat, səksən qəpik) təşkil edir. Hal-hazırda, aprel ayı da daxil olmaqla, onun artıq 235 manat məbləğində aliment borcu yığılmışdır. Təsəvvür edin ki, yığılmış aliment borcunun ödənilməsi üçün hər dəfə himayəsində olan azyaşlı övladı ilə birgə hər dəfə İcra Şöbəsinə yaxınlaşmalı, şikayətlərini bildirməlidir ki, cavabdeh qrafik üzrə aliment borcunu ödəmiş olsun. Hesab edir ki, cavabdehin hal-hazırda rəsmi iş yerinin olmasını və Ailə qanunvericiliyinin tələblərini nəzərə alaraq, ondan aylıq qazancının ¼ hissəsindən aliment məbləği tutulmaqla yanaşı, əlavə olaraq da, 150 manat sabit pul məbləği tutulmalıdır. Göstərilənlərə əsasən xx.xx.2019-cu il təvəllüdlü qızı X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin aylıq qazancının ¼ hissəsi və əlavə olaraq da 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh əvvəllər işləmədiyi üçün, ondan sabit pul məbləğində aliment tutulur. Hazırda isə sonuncunun rəsmi iş yeri vardır. İcra məmuru tərəfindən də, tutulmuş aliment cavabdehin rəsmi əmək haqqısına yönəldilmir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizəsi ünvanlayaraq, 621 manat məbləğində əmək haqqı aldığını, haızrda hər ay 225 manat məbləğində aliment ödədiyini, iddia tələbini etiraf etmədiyini bildirərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2620/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 2000 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması; yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 anası X5 yanında qalması; xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, iddiaçı X5 xeyrinə ödənilməsi; xx.xx.2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində alimentin Cavabdeh tutularaq, iddiaçı X5 xeyrinə ödənilməsi; alimentin tutulma müddətinin 19 mart 2021-ci il tarixdən hesablanması və alimentin tutulmasının dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh məxsus şəxsiyyət məlumatlarından görünür ki, Cavabdeh “Azəriqaz” İB-də nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsində işləyir və aylıq 693 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2620/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X6 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 2000 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması; yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 anası X5 yanında qalması; xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, iddiaçı X5 xeyrinə ödənilməsi; xx.xx.2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində alimentin Cavabdeh tutularaq, iddiaçı X5 xeyrinə ödənilməsi; alimentin tutulma müddətinin 19 mart 2021-ci il tarixdən hesablanması və alimentin tutulmasının dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh hazırda “Azəriqaz” İB-də nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsində işləyir və aylıq 693 manat əmək haqqı alır. İddiaçı xx.xx.2019-cu il təvəllüdlü qızı X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin aylıq qazancının ¼ hissəsi və əlavə olaraq da 193 manat sabit aliment pul məbləği Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edir, cavabdeh isə alimentin artırılmasına etiraz edir. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdehdən X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə eyni zamanda iddia tələbinin birgə nikahdan anadan olmuş xx.xx.2019cu il təvəllüdlü qızı X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əlavə olaraq da 193 manat sabit aliment pul məbləği Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehdən əlavə olaraq hər ay 20 manat sabit pul miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə qeyd edir ki, tutulmuş aliment məbləğinin cavabdehin aylıq qazancının ¼ hissəsinə dəyişdirilməsi «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu məbləğindən azdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərkən həmçinin onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2620/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmuş alimentin miqdarı dəyişdirilərək (artırılaraq), xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirinin 1/4 hissəsi və hər ay 20 manat sabit pul miqdarında aliment tutularaq İddiaçı verilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2620/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmuş alimentin miqdarı dəyişdirilərək (artırılaraq), xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirinin 1/4 hissəsi və hər ay 20 manat sabit pul miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar