Məhkəmə qərarları › İş №e-2(004)-2968/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2968/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2968/2025 06.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər:kredit müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə (bundan sonra – cavabdehlər) qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 95.334,36 (doxsan beş min üç yüz otuz dörd manat, 36 qəpik) manat – bundan 41.749,37 (qırx bir min yeddi yüz qırx doqquz manat, 37 qəpik) manat əsas, 53.280,47 (əlli üç min iki yüz səksən manat, 47 qəpik ) manat faiz, 304,52 (üç yüz dörd manat 52 qəpik) manat cərimə və iş üzrə ödənilmiş 376 ( üç yüz yetmiş altı) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “X6” ASC arasında Şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün Şirkətin inşa etdikləri mənzillərin satışının Bank tərəfindən kreditləşdirilməsi barədə 05 mart 2010-cu il tarixində birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh2 ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2011-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh2 240 (iki yüz qırx) ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 45.520,51 (qırx beş min beş yüz iyirmi manat 51 qəpik) AZN məbləğində kredit vermişdir. Kredit Müqaviləsinə əsasən, Borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Həmçinin, Birgə fəaliyyət haqqındamüqavilənin 2.12-ci maddəsinə qeyd edilmişdir ki, Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 (iyirmi) iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər “Bank”a ödənilənə qədər qüvvədədir. Həmin müqavilənin 3.1-ci maddəsində qeyd edilmişdir ki, Bu müqavilənin şərtlərini pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə məsuliyyət daşıyırlar. Bank tərəfindən Cavabdeh2 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu "xxxx" ASC-ə göndərilmiş, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Nəticədə xx.xx.2025-ci il tarixinə cavabdehlərin banka hesablanmış 41.749,37 (qırx bir min yeddi yüz qırx doqquz manat, 37 qəpik) manat əsas, 53.280,47 (əlli üç min iki yüz səksən manat, 47 qəpik ) manat faiz və 304,52 (üç yüz dörd manat 52 qəpik) manat cərimə, cəmi 95.334,36 (doxsan beş min üç yüz otuz dörd manat, 36 qəpik) manat borcu yaranmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir.

3. Daha sonra cavabdeh "xxxx" ASC iddia ərizəsinə etiraz ünvanlayaraq iddianın onlara aid hissədə təmin edilməməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Akord arasında həqiqətən 5 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanılmışdır. Bu müqavilə zaminlik müqaviləsi deyil və bu müqavilənin olması o demək deyil ki, konkret şəxslərə aid zaminlik müqaviləsi olmamalıdır. Tərəflər arasında bağlanılmış 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin 2.1 və 2.2 bəndlərində qeyd olunur ki, Akkord ondan mənzil alan alıcılara kredit verilməsi üçün müvafiq sənədlərlə banka müraciət edir və müraciət olunduqdan sonra bank həmin alıcıya öz mülahizəsinə əsasən kredit verə bilər. Göründüyü kimi iddiaçı məhkəməyə Cavabdeh2 kreditin verilməsi barədə Akkord tərəfindən İddiaçı ASC-yə hər hansı müraciətin olmasına dair sübut təqdim etməmişdir. Tərəflər arasında zaminlik müqaviləsi də mövcud deyil. Akkord 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin tələbinə əsasən ondan mənzil alan, kredit alınması üçün banka göndərdiyi konkret şəxslərə görə bank qarşısında zamin olmuş və tərəflər arasında zaminlik müqaviləsi də bağlanılmışdır. Əgər iddiaçı 5 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqaviləni zaminlik müqaviləsi kimi qəbul edirdisə, nə üçün bəzi şəxslərə aid tərəflər arasında zaminlik müqaviləsi bağlanılmışdır? Tərəflər arasında 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin olması o demək deyildir ki, Akkord Texnikabank” ASC-dən kredit götürən və ondan mənzil alan bütün alıcılara görə bank qarşısında zamindir. Həm tərəflər arasında Zaminlik müqaviləsi olmadığı üçün, həm də Akkord tərəfindən Cavabdeh2 kreditin verilməsi barədə banka müraciət edilmədiyi üçün Akkord 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən Cavabdeh2 öhdəliklərinə görə bank qarşısında məsuliyyət daşımır. Beləliklə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı iddia tələbi "xxxx" ASC-yə aid hissədə əsassız olduğu üçün iddia tələbi həmin hissədə təmin olunmamalıdır.

İİ.Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etdiyini bildirmiş və borcun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir.

7. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

İİİ. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AK- 194 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, bina-1, blok-A1, mənzil 136 ünvanında yerləşən, ümumi sahəsi 90.10 kv.m olan 2 otaqlı mənzilin alınması üçün illik 12 faiz ödənilməklə, 240 ay müddətinə, 45520,51 manat məbləğində kredit verilmişdir.

11. Kreditin ödənmə cədvəlində cavabdeh tərəfindən aylar üzrə ödənilməli məbləğlər öz əksini tapmışdır.

12. İddiaçı ASC ilə “X6” ASC arasına bağlanmış xx.xx.2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə “X6” ASC Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.

13. “X3” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 12483 saylı Mənzilin Alqı-satqı müqaviləsinə əsasən satıcı “X3” MMC Bakı şəhərində, Yasamal rayonu ərazisində X5 küçəsində inşa etdirdiyi 1 saylı binanın, A1 blok, 136 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 90.1 kv.m olan mənzili alıcı Cavabdeh2 satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürür.

14. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin 03 aprel 2025-ci il tarixinə 41749,37 manat əsas, 53280,47 manat faiz və 304,52 manat məbləğində cərimə borcu vardır.

15. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə iddiaçı tərəfindən cavabdehlərdən 41749,37 manat əsas, 53584,99 manat faiz borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2025-ci il tarixli 9/3144 saylı ekpert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 31 yanvar 2011-ci il tarixli, AK- 194 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 İddiaçı ASC-yə maliyyə arayışında qeyd edilən yəni xx.xx.2025-ci il tarixə olan borcu- əsas borc üzrə 42552,84 manat, faiz borcu üzrə 54693,60 manat, pretenziyada qeyd edilən yəni xx.xx.2025-ci il tarixə olan borcu- əsas borc üzrə 42552,84 manat, faiz borcu üzrə 54906,37 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manatdır.

17. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

21. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.

22. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

23. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

24. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsaəsn zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

27. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir.

28. Lakin məhkəmə qeyd edir ki, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehlərdən tutulacaq faiz borcu pretenziya məktubunda 53584,99 manat müəyyən edilməsinə baxmayaraq, məhkəmə iddia tələbindən kənara çıxmaqda haqlı olmadığı üçün cavabdehlərdən tutulacaq faiz borcu 53280,47 manat müəyyən edilməlidir.

29. Bununla yanaşı iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, maliyyə arayışında qeyd edilən tarixə cavabdehlərdən tutulacaq əsas borc 42552,84 manat, faiz borcu 54693,60 manat və pretenziyada qeyd edilən tarixə cavabdehlərdən tutulacaq əsas borc 42552,84 manat, faiz borcu 54906,37 müəyyən edilmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün hesab edir ki, cavabdehlərdən tutulacaq əsas və faiz borcu iddia ərizəsində göstərilən həddə təmin edilməlidir.

30. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 304,52 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

32. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə qismən,yəni 200 manat məbləğində təmin edilməlidir.

33. Məhkəmə cavabdeh "xxxx" ASC-nin etirazında qeyd etdikləri ilə bağlı aşağıdakıları qeyd edir.

34. İş materiallarından görünür ki, bankla tikinti şirkəti arasında 05 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmış və həmin müqavilədə şirkətin inşaetdiyi və verəcəyi yaşayış binalarındakı mənzillərin satışının bank tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

35. Həmin müqavilənin 2-ci maddəsinə görə şirkət kreditin verilməsi üçün zəruri olan sənədlərin “banka” təqdim olunmasını təmin edir (həmin sənədlərin siyahısı müqavilənin 2.2- ci bəndində nəzərdə tutulmuşdur), satışı bank tərəfindən kreditləşdirilən mənzilin alıcısının müvafiq tələblərə cavab verməsini (şəxsiyyət vəsiqəsinin olması, qeydiyyatının olması, 18 yaşına çatması, fəaliyyət və əmək qabiliyyətinin olması, mənzilin bütün bədbəxt hadisələrdən sığortalanması) yoxlayır.

36. Həmin müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən mənzilin satışının kreditləşdirilməsi şərtləri bankın yalnız öz mülahizələrinə əsasən mənzilin alıcısı ilə bağlayacağı kredit müqaviləsi ilə müəyyən olunur və bu zaman bank krediti ən çoxu 20 il müddətinə qədər və kreditin illik istifadə dərəcəsinin 12 faizdən çox olmamaqla verir.

37. Həmin müqavilənin 2.10-cu bəndinə görə kredit müqaviləsinə əsasən mənzilin alıcısına verilən kreditin məbləği təyinatı üzrə istifadə olunmaq üçün alıcının bank hesabından tikinti şirkətinin bankda olan cari hesabına köçürülür.

38. Həmin müqavilənin 2.12-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövrülüyünü ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda bankın tələbi ilə 20 iş günü müddətinə borcalan tərəfindən ödənilmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “şirkət” öz üzərinə götürür. Bu halda “şirkət” borcalanın “bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə görə hesablanmış faizlər “bank”a ödənilənə qədər qüvvədədir

39. Müqavilənin 2.14-cü maddəsinə əsasən “Şirkət” borcalanın (mənzilin alıcısının) “Bank” qarşısında icra edilməmiş, öhdəliyini zamin kimi tam icra etdikdə kredit müqaviləsi üzrə bütün hüquqlar “Şirkət”ə keçir. “Birgə fəaliyyət haqqında” müqavilənin məzmunundan görünür ki, onun iştirakçıları arasında müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlanmışdır.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə azadlığını müəyyən edən 390-cı maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. (390.4)

41. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5)

42. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. (390.6)

43. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. (390.7)

44. Məhkəmə hesab edir ki, tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Göstərilən müqavilə, işdən göründüyü kimi, yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. “Şirkət” həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbərdar olmuş və zamin kimi bank qarşısında öhdəlik daşımışdır.

45. Şirkət birgə fəaliyyət haqqında müqaviləni imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklərini müəyyən edən müqavilə bağlamışdır.

46. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından iddiaçının həmin cavabdehdən də zaminlik müqaviləsinə əsaslanan pul tələbi əsaslıdır.

47. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

48. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

49. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 41749,37 manat əsas, 53280,47 manat faiz, 200 manat cərimə borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 376 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

52. Həmçinin iddia qismən təmin edildiyindən keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

V Nəticə:

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada 41749,37 manat əsas bоrc, 53280,47 manat faiz borcu, 200 manat məbləğində cərimə, ödənilmiş 376 manat dövlət rüsumu olmaqla, ümumilikdə 95605,84 (doxsan beş min altı yüz beş manat səksən dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar