Məhkəmə qərarları › İş №e-2(004)-2972/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2972/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2972/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FN-00087-11/23A saylı kredit müqaviləsindən irəli gələn, ödənilməmiş 30616.09 manat əsas borc, 145107 manat faiz borcu, 575.90 manat dəbbə borcu, ümumilikdə 32643.69 manat borc, iddia qaldırılması üçün 188 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğ kreditin təminatı qismində cavabdehə məxsus olan 2007-ci il buraxılışlı, KOMATSU D65 PX15 markalı, 90 H 525 dövlət qeydiyyat nişanlı, sarı rəngli buldozerə yönəldilməsi ipoteka predmetinin açıq hərracda satışı yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə, FN-00087-11/23A saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən müəyyən olunur ki, bank cavabdehə 36 (otuz altı) ay müddətinə, faiz dərəcəsi 19 (on doqquz) % olmaqla istehlak məqsədi ilə 47000 (qırx yeddi min) AZN məbləğində, aylıq əsaslarla qaytarmaq şərti ilə kredit verilmişdir. Həmin kreditin təminatı qismində iddiaçıyla cavabdeh X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixdə, FNG00087- 11/23A saylı ipoteka müqaviləsinə əsasən, cavabdehə məxsus olan 2007-ci il buraxılışlı, KOMATSU D65 PX15 markalı, 90 H 525 dövlət qeydiyyat nişanlı, sarı rəngli buldozerdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqavilələrin müvafiq olaraq 7.7 və 5.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdehlə bağlanılan əlavə kredit müqaviləsinin 3.1.1-ci maddəsinə əsasən, borcalan kreditin və onun faizlərinin ödənilməsi dövriliyini il ərzində ardıcıl iki dəfə yaxud il ərzində yaxud il ərzində ümumilikdə üç dəfə və ya daha artıq pozduğu halda, borcverən müqaviləyə birtərəfli qaydada xitam verə və kreditin qalıq məbləğinin müqavilədə nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən, borcverən, borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək əsas borc üzrə qalıq məbləğinin 0.5%-i həcmində gündəlik cərimə hesablanır. Cavabdehin ödənilməmiş əsas borcunun məbləği 30616.09 manat, ödənilməmiş faizlərin məbləği 1451.7 manat, cavabdehə hesablanmış dəbbə pulu 575.90 manat təşkil edir. Beləliklə cavabdehin ümumi borcu 32643.69 manat təşkil edir İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FN-00087-11/23A Krеdit Müqaviləsinə əsasən borcverən tərəfindən borcalana 36 ay müddətinə illik 19% hesablanmaq şərti ilə 47000 manat məbləğində krеdit vеrilmişdir. İş materiallarında olan “Bank "xxxx" ASC (ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2023-cü il tarixdə, FNG00087-11/23A saylı ipoteka Müqaviləsinə əsasən Cavabdeh “Bank "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FN- 00087-11/23A №-li Krеdit Müqaviləsi üzrə öhdəliyinin təminatı kimi marka/model: Buldozer KOMATSU D65 PX15 markalı, 90H525 qeydiyyat nişanlı (ban:67337, buraxılış ili 2007, rəngi sarı) texnikanı ipoteka saxlayana ipoteka qoymuşdur. İş materiallarında olan “Bank "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, FN-00087-11/23A saylı Krеdit Müqaviləsi müqaviləsi üzrə borc öhdəliyini icra etmədiyi təqdirdə borcun tutulması və tələbin ipoteka predimetinə yönəldilməsi üçün məhkəməyə müraciət edilməsi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixinə 30616,09 manat əsas borc, 1451,70 manat faiz borcu, 575,90 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 32643,69 manat məbləğində borcun yarandığı qeyd edilmişdir. İş materiallarında olan “Bank "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli borc haqqında arayışından görünür ki, “Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FN-00087-11/23A saylı Krеdit Müqaviləsi üzrə Cavabdeh xx.xx.2025-ci il tarixinə olan borcu 30616,09 manat əsas borc, 1451,70 manat faiz borcu, 575,90 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 32643,69 manat təşkil edir. İş materiallarında olan AZ 035462 seriya nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Buldozer KOMATSU D65 PX15 markalı, 90H525 qeydiyyat nişanlı (ban:67337, buraxılış ili 2007, rəngi sarı) texnika xx.xx.2023-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə X1 arasında Sədaət Sarayında xx.xx.2002-ci il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 2207 nömrəsi ilə qeyd edilmiş, nikahdan sonra ərə Həsənov arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan 8İ-7498 reyestrli xx.xx.2023-cü il tarixli ərizədən müəyyən edilir ki, X2 birgə nikah dövründə əldə edilmiş əriv Cavabdeh məxsus Buldozer KOMATSU D65 PX15 markalı, 90H525 qeydiyyat nişanlı (ban:67337, buraxılış ili 2007, rəngi sarı) texnikanın “Bank "xxxx" ASC-yə ipotekaya qoyulmasına etiraz etmir. İş materiallarında olan FM Consulting MMC-nin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Cavabdeh məxsus Buldozer KOMATSU D65 PX15 markalı, 90H525 qeydiyyat nişanlı (ban:67337, buraxılış ili 2007, rəngi sarı) texnikanın xx.xx.2023-cü ilə olan bazar dəyəri 145000 manat, likvid dəyəri 120000 manat təşkil edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Göründüyü kimi, iddiaçı “Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə, FN-00087-11/23A saylı Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 19% hesablanmaq şərti ilə 47000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan Buldozer KOMATSU D65 PX15 markalı, 90H525 qeydiyyat nişanlı (ban:67337, buraxılış ili 2007, rəngi sarı) texnika ipoteka predmeti kimi “Bank "xxxx" ASC -yə təqdim edilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə, FNG00087-11/23A saylı ipoteka Müqaviləsi bağlanmışdır. Tərəflər arasında Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. “Bank "xxxx" ASC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan Cavabdeh kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsini tələb etməkdə haqlıdır. İş materiallarından görünür ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun maliyyə arayışına əsasən xx.xx.2025-ci il tarixinə “Bank "xxxx" ASC -yə olan borcu 30616,09 manat əsas borc, 1451,70 manat faiz borcu, 575,90 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 32643,69 manat borcu yaranmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh 08.2023-cü il tarixdə, FN-00087-11/23A saylı kredit müqaviləsi üzrə yaranmış 32643,69 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 188 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı da cavabdehə aid edilərək, iddiaçı "xxxx" ASC-nin xeyrinə Cavabdeh tutulmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 30616,09 (iki otuz min altı yüz on altı manat doqquz qəpik) manat əsas borc, 1451,70 (min dörd yüz əlli bir manat yetmiş qəpik) manat faiz borcu və 575,90 (beş yez yetmiş beş manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 32643,69 (otuz iki min altı yüz qırx üç manat altmış doqquz qəpik) manat pul və ödənilmiş 188 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı tutularaq iddiaçı “Bank "xxxx" ASC-nin xeyrinə ödənilməli, tutma - Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş Buldozer KOMATSU D65 PX15 markalı, 90H525 qeydiyyat nişanlı (ban:67337, buraxılış ili 2007, rəngi sarı) texnikaya yönəldilməli, nəqliyyat vasitəsi açıq hərrac yolu ilə realizə edilməli, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh tutulmalı olan ümumilikdə 32832,09 (otuz iki min səkkiz yüz otuz iki manat doqquz qəpik) (32643,69+188,40=32832,09) manat pul iddiaçı “Bank "xxxx" ASC-nin xeyrinə ödənilməli, artıq qalan vəsait mülkiyyətçi Cavabdeh qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30616,09 (otuz min altı yüz on altı manat doqquz qəpik) manat əsas borc, 1451,70 (bir min dörd yüz əlli bir manat yetmiş qəpik) manat faiz borcu və 575,90 (beş yüz yetmiş beş manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 32643,69 (otuz iki min altı yüz qırx üç manat altmış doqquz qəpik) manat pul və ödənilmiş 188 (bir yüz səksən səkkiz) manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı tutularaq iddiaçı “Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tutma - Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş Buldozer KOMATSU D65 PX15 markalı, 90H525 qeydiyyat nişanlı (ban:67337, buraxılış ili 2007, rəngi sarı) texnikaya yönəldilsin. Nəqliyyat vasitəsi açıq hərrac yolu ilə realizə edilsin. Satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh tutulmalı olan ümumilikdə 32832,09 (otuz iki min səkkiz yüz otuz iki manat doqquz qəpik) (32643,69+188,40=32832,09) manat pul iddiaçı “Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar