Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-301/2024 01.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı istifadə və mülkiyyət hüququnun tanınması və maneəçiliyin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı istifadə və mülkiyyət hüququnun tanınması və maneəçiliyin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə 08 may 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli mansardlı yaşayış binasının giriş 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 138,5 kv.m. olan, 3 otaqdan ibarət 87 saylı mənzilin iddiaçının istifadəsinə və mülkiyyətinə verilməsi və həmin mənzilə maneçiliyin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında 08 may 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli mansardlı yaşayış binasının giriş 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 138,5 kv.m. olan, 3 otaqdan ibarət 87 saylı mənzilin iddiaçının istifadəsinə verilməsi öhdəliyi yaranmışdır (müqavilənin 1.1 və 8-cü bəndləri). Həmin müqavilənin 4-cü bəndinə əsasən, iddiaçı mənzilin hər kvadrat metrinə görə 1000 (bir min) manat olmaqla, ümumilikdə 138.500 (bir yüz səkkiz min beş yüz) manat pulu ödəməyi öhdəsinə götürmüşdür. O, bu öhdəliyini yerinə yetirmiş, yəni müvafiq məbləği ödəmiş, bununla bağlı xx.xx.2017-ci il tarixli maliyyə arayışı verilmişdir. Lakin son vaxtlar iddiaçıya məlum olmayan səbəblərdən bu binada problemlər yaranmış və binanın istifadəyə verilməsi gecikir. Bununla bağlı dəfələrlə cavabdehlə əlaqə yaratmağa cəhd edilsə də heç bir nəticə əldə edilməmiş, mənzilin iddiaçının istifadəsinə verilməsindən yayınmışdır. Bu səbəbdən də hüququn tanınması və mənzildən istifadəyə olan maneçiliklərin aradan qaldırılması üçün məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Onunla bağladığı müqaviləyə əlavənin şərtlərinə uyğun olaraq ünvan 2 ünvanında inşa edilən yüksək mərtəbəli mansardlı yaşayış binasının giriş 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 138,5 kv.m. olan, 3 otaqdan ibarət 87 saylı mənzilin payçıya, yəni ona vermək öhdəliyini üzərinə götürdüyü üçün həmin mənzilin istismara hazır vəziyyətdə onun mülkiyyətinə verərək öz öhdəliyini icra etməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasından görünür ki, mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Yaşayış binasının giriş 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən, iddiaçıya məxsus olan ümumi sahəsi 138,5 kv.m. olan, 3 otaqdan ibarət 87 saylı mənzil ümumi paylı mülkiyyətdə olan binada yerləşdiyi üçün və cavabdehin həmin əmlakı iddiaçıya verməməsi səbəbindən hesab edir ki, iddiaçının payı onun istifadəsinə və mülkiyyətinə verilməlidir. Göründüyü kimi, cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq üzərinə öhdəlik götürmüş olduğu halda, öhdəliyi icra etməmiş, bununla da hüquqlarını pozmuşdur. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək bildirmişdir ki, "xxxx" MMC ilə 08 may 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli mansardlı yaşayış binasının giriş 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 138,5 kv.m. olan, 3 otaqdan ibarət 87 saylı mənzilə dair istifadə hüququ tanınmaqla, həmin mənzilə girişə-çıxışa dair törədilən maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə (hüquqi ünvanı) üzrə bildiriş göndərilmiş, lakin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2017-ci il tarixli müqaviləsinin surətindən görünür ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbə, ümumi sahəsi 138,5 kv.m. olan 87 nömrəli 3 otaqdan ibarət mənzili bir pay kimi İddiaçı mülkiyyətinə verməyi, alıcı isə müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 138500 manat müəyyən edilmişdir. - "xxxx" MMC-nin direktoru R.Əhmədov tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbə, ümumi sahəsi 138,5 kv.m. olan 3 otaqlı, 87 nömrəli mənzilin dəyərini tam ödəmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən xx.xx.2023-cü il tarixə olan uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyəti və digər vergi tutulan əməliyyatları hal-hazırda aktiv vəziyyətdədir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbə, ümumi sahəsi 138,5 kv.m. olan 3 otaqlı, 87 nömrəli mənzil ilə bağlı xx.xx.2017ci il tarixdə müqavilə imzalanmış, müqaviləyə əsasən mənzilin ümumi dəyəri 138500 manat məbləğində dəyərləndirilmişdir. İddiaçı, payçı tərəfindən MMC-yə mənzilin dəyəri 138500 manat məbləğində tam ödənilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə belə hesab edir ki, tərəflər arasında mənzil tikintisi haqqında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qanunvericiliyin mənasına görə icra müddəti təyin edilməmiş, habelə bu müddəti təyin etmək mümkün olmayan öhdəliyi borclu ağlabatan müddətdə icra etməlidir. Burada ağlabatan müddət öhdəliyin mahiyyətindən, həcmindən, mürəkkəbliyindən asılı olaraq müəyyən edilir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2017-ci il tarixli müqavilənin bağlandığı andan cavabdeh üzərinə düşən öhdəliyi 07 ilə yaxın müddət ərzində icra etməməsi müqavilənin ağlabatan müddətdə icra edilməməsi kimi hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının pay haqqını tam verdiyi mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanusuz olmuşdur. Odur ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli mansardlı yaşayış binasının giriş 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 138,5 kv.m. olan, 3 otaqdan ibarət 87 saylı mənzilə dair istifadə hüququ tanınmaqla, həmin mənzilə girişə-çıxışa dair törədilən maneələr cavabdeh "xxxx" MMC-yə qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli mansardlı yaşayış binasının giriş 2ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 138,5 kv.m. olan, 3 otaqdan ibarət 87 saylı mənzilə dair istifadə hüququ tanınmaqla, həmin mənzilə girişə-çıxışa dair törədilən maneələr cavabdeh "xxxx" MMC-yə qadağan edilsin. İş üzrə ödənimiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi alındıqdan sonra 10 (on) gün müddətində onun ləğvi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verilə bilər və ya qətnamədən 1 (bir) ay müddətində həmin məhkəmə vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-301/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-301/2024
01.02.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver