Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3017/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7000 manat maddi ziyanın və 91 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nizami rayonunda yerləşən «Laçın» Ticarət Mərkəzinin qızıl şöbəsində satıcı işləyir. O, 264 nömrəli uşaq bağçasında övladının Cavabdeh adlı tərbiyəçisi ilə tanış olmuş, sonuncu, başqa şəxslərdən iddiaçının “Laçın” ticarət mərkəzində qızıl şöbəsində işlədiyini öyrənmiş və bundan sonra onunla yaxınlıq etməyə başlamışdır. 2016-cı ilin noyabr ayında cavabdeh ticarət mərkəzinə gələrək iddiaçıdan müxtəlif qiymətdə qızıllar almış, hər dəfə bir aylıq aldığı qızılların pullarını vaxtıvaxtında ödəmiş, 2019-cu ilin may ayında yenidən müxtəlif vədlər verərək bacısı İsmayılova Aynurun metronun 28 May stansiyasının yaxınlığında “Kruqozor" məktəbəqədər hazırlıq kurslarında müəllimə metodist işlədiyini bildirərək qızılları orada çox məbləğdə maaş alan müəllimələrə satacağını demişdir. Cavabdeh 2019-cu ilin fevral ayında 670 manat məbləğində 1 sırğa götürərək özünə aldığını bildirmiş, 3 ay vaxt istəmiş, pulunu ödəməmiş, bacısına 1 ədəd qolbaq aparmışdır. İddiaçı cavabdehdən 1400 manat məbləğində apardığı qızılların pulunu istədikdə o, 3 ay vaxtının olduğunu, az-az ödəyəcəyini demiş, sonradan gələrək bacısının işlədiyi kursda müəllimənin komplekt istədiyini, bir neçə ədəd komplekt apararaq pulunu qaytaracağını bildirmişdir. İddiaçı pulun gecikdiyini görüb cavabdehin bacısının məktəbinə zəng edərək məktəbin direktoru ilə danışmış, sonuncu Cavabdeh ona və məktəbə heç bir vaxt qızıl satmamasını bildirmişdir. İddiaçı cavabdehə malları tanışı olan satıcı Xoşbəxt Əhədovadan alaraq verdiyindən və onun vasitəsi ilə Aytənlə Xoşbəxt bir-birlərini tanıdığından Cavabdeh Xoşbəxtdən götürdüyü bütün qızılların pullarını iddiaçı qaytarmışdır. İddiaçı bu barədə polis orqanına müraciət etmiş və Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsində bununla bağlı araşdırma aparılmış, araşdırma zamanı cavabdeh borcunun olduğunu etiraf edərək hissəhissə ödəyəcəyini bildirmişdir. O, əvvəllər bir neçə dəfə hissə-hissə ödəməklə, sonuncu dəfə 200 manat qaytarmış və tez bir zamanda yerdə qalan pul məbləğini ödəyəcəyini bildirmişdir. Nəsimi rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarına əsasən vurulmuş ziyan mülki xarakterli olduğundan iddiaçıya mülki qaydada məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin iddianı etiraf etdiyini bildirmiş, iddianın təmin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarına əlavə edilmiş: Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı şikayəti ilə bağlı izahatı alınmış Cavabdeh təxminən 1 il bundan əvvəl 264 saylı uşaq bağçasında tərbiyəçi işlədiyini, orada Şahnaz xanımla tanış olduğunu, bir müddət sonra 8000 manat dəyərində qızıl götürdüyünü, həmin qızıllara görə pulları mütəmadi olaraq ödədiyini, ödəmədə ləngiməsi olduğunu, Şahnaz xanımla hər ay 300 manat ödəməyə davam edəcəyinə razılaşdığını, sonuncu dəfə fevral ayında ödəniş etdiyini, sonra mart-may ayında karantin rejimi ilə bağlı maddi çətinliyinin olması səbəbindən ödənişi həyata keçirə bilmədiyini, iyun ayında 300 manat ödədiyini və hazırda pulu ödəməyə davam etməyə başlayacağını bildirmişdir. O borcdan 2000 manatını artıq ödəmiş, yerdə qalan pulu isə bu vaxta kimi ödəməmiş, hazırda 7200 manat borcu qalmış, həmin pulu da hissə-hissə ödəməyi üçün ona möhlət verilməsini xahiş etmişdir. Polis bölməsində araşdırma zamanı İddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat vermiş, Cavabdeh vaxt uzadaraq, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina eldiyini bildirərək ona ümumillikdə 7900 manat maddi ziyan dəydiyini qeyd etmiş və qızılların bir qisminin onun iş yoldaşı X1 məxsus olduğunu əlavə etmişdir. 7900 manat məbləğində borcun 670 manatı ona, 7230 manatı isə X1 olan borc olmuşdur. Beləliklə təqdim olunmuş sübutlardan müəyyən edilmişdir ki, tərəflər arasında şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə qızıl zinyət əşyaları vermişdir. Cavabdeh qızılların dəyərini ödəyəcəyini vəd etsə də hal-hazıradək borcunu ödəməmişdir. Bundan əlavə götürülmüş qızılların böyük hissəsi X1 məxsus olmuş, cavabdeh həmin qızılların dəyərini ödəmədiyindən iddiaçı cavabdehin əvəzinə həmin qızılların dəyərini ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi tədqiq olunmuş sübutlarla təsdiq edildiyindən əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 91 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində maddi ziyan və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 91 (doxsan bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-3017/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3017/2023
06.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver