Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3066/2024 16.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh X7 qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: nikah haqqında şəhadətnamə) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdeh X4 (videozəng vasitəsi ilə) iştirakı ilə, İddiaçı X1 cavabdeh X7 qarşı “nikahın pozulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı X5 cavabdeh X7 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 265B saylı Bağ evində rəsmi qeydiyyatda olan cavabdeh X8 ilə 30 aprel 1997-ci il tarixində 768 nömrə ilə Bakı şəhərinin Səadət Sarayında bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh X8 ilə 30 aprel 1997-ci il tarixində 768 nömrə ilə Bakı şəhərinin Səadət Sarayında birgə nikaha daxil olaraq ailə qurmuşdurlar .Birgə nikahdan iki övladları olmuşdur. Biri yetkinlik yaşına çatıb, digərinin isə 17 yaşı var. Son zamanlar aralarında olan bəzi anlaşılmazlıqlar səbəbindən münasibətləri pozulmuşdur və xeyli vaxtdır birlikdə ailə olaraq yaşamırlar. Ona görə də iddiaçı qərara gəlmişdir ki, nikahlarına məhkəmə qaydasında xitam verilsin.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Fərzanə Əliyeva iddiaçının onun anası, cavabdehin isə atası olduğunu bildirərək iddia tələbinin məzmununa uyğun izahat verərək, iddiaçının boşanmaq qərarında qəti olduğunu, yetkinlik yaşına çatmayan qardaşı üçün anasının aliment tələbinin olmadığını bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh isə video-konfrans vasitəsilə məhkəmə iclasına qoşulmuş və iddia tələbini qəbul etdiyini bildirmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı 334603 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, X5 ilə X8 xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 768 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra ərə və arvada müvafiq olaraq, “Fərəcov” və “Fərəcova” soyadı verilmişdir.
7. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 930728 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, tərəflərin xx.xx.2007-ci il təvəllüdlü X9 adlı övladı vardır.
8. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
9. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur.
10. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.
11. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.
12. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.
13. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
14. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, X5 ilə X8 xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 3 (üç) övladları anadan olmuşdur. Övladların ikisi artıq yetkinlik yaşına çatıb, xx.xx.2007-ci il təvəllüdlü X9 isə yetkinlik yaşına çatmadığından valideynlərdən hansının yanında qalması məhkəmə tərəfindən müəyyən edilməlidir.
15. Məhkəmə iddiaçının nikahın pozulmasını təkid etməsini, tərəflərin uzun müddət faktiki olaraq ailə münasibətlərində olmamalarını, habelə cavabdehin iddia tələbini qəbul etdiyini nəzərə alaraq hesab edir ki, onlar arasında Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.1997-ci il tarixdə qeydə alınmış nikah pozulmalı, xx.xx.2007-ci il təvəllüdlü X6 anasının yanında qalması müəyyən edilməlidir.
16. Məhkəmə iddiaçının aliment tələbinin olmaması barədə mövqeyini nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hansı məbləğdə aliment tutulması məsələsinə münasibət bildirmir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçı X2 aid edilməlidir.
V. Nəticə:
19. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. X5 ilə X8 arasında xx.xx.1997-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış və akt qeydləri kitabında 768 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X6 anası X1 yanında qalması müəyyən edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şiakyət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Xəlil