Məhkəmə qərarları › İş №e-2(004)-3089/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3089/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3089/2024 15.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: borc müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdehdan 15.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat olmaqla, cəmi 15.135 manat məblğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli Borc müqaviləsi bağlanılmışdır. Bu müqaviləyə əsasən cavabdehə iki ay müddətinə 15 000 (on beş min) manat məbləğində borc pul verilmişdir. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən cavabdehin xx.xx.2024-cü il tarixli Borc müqaviləsi üzrə 15 000 (on beş min) manat məbləğində ödənilməmiş borcu yaranmışdır. İddiaçı yuxarıda qeyd olunan 15 000 (on beş min) manat borcun qaytarılmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə öhdəliyini yerinə yetirməkdən yayınmışdır və heç bir ödəniş etməmişdir. Cavabdehə pretenziya təqdim olunaraq borcunu Məhkəmədən kənar ödəməsi təklif olunsa da ödəniş etməmişdir. Odur ki, mövcud olan mübahisənin həlli üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ızı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etdiyini, iddiaçıya 15000 manat məbləğində borcunun olduğunu etiraf edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

3. Məhkəmə baxışının hədləri:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

5. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.

7. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh 15.000 (on beş min) manat məbləğində borc vermiş, Cavabdeh isə xx.xx.2024-cü il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür.

8. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraf ərizəsinə əsasən o, İddiaçı 15.000 manat məbləğində borcu olduğunu etiraf edir.

9. Beləliklə, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh arasında 15.000 manat borc verilməsi ilə bağlı yazılı müqavilə bağlanmışdır. Hazırda iddiaçı 15.000 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

10. Cavabdeh isə etiraf ərizəsi ilə müraciət edərək şəxsi borcunu etiraf edir.

11. Məhkəmə hesab edir ki, iddia əsaslıdır.

12. Belə ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmışdır və cavabdeh xx.xx.2024-cü il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də bugünədək borcu qaytarmamış, öhdəliyini pozmuşdur, eyni zamanda borcunu etiraf edərək iddianı qəbul etmişdir.

13. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıdan 15.000 manat borc aldığını qəbul etmişdir, həmin borcun tam və ya qismən qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmiş, borcu ödəmədiyini bildirmişdir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

17. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

19. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

20. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

21. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 15.000 (on beş min) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır.

22. Həmçinin iddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Nəticə:

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 15.000 (on beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 135 (yüz otuz beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar