Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3101/2025 29.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: iddianın icraata qəbulundan imtina) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 164,77 manat əsas, 58,60 manat faiz borcu olmaqla, cəmi 223,37 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; Maddə 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Maddə 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir; Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.
Məhkəmənin mövqeyi
4. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir.
5. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
6. Hazırkı iddia ərizəsi isə cavabdeh vəfat etdikdən sonra – xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.
7. Göründüyü kimi, iddia ərizəsi verilərkən cavabdeh kimi göstərilən Cavabdeh artıq vəfat etmiş və iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Buna görə də cavabdeh kimi göstərilmiş Cavabdeh tərəf kimi qəbul edilə bilməz.
8. Məhkəmədə iddia icraatı qaydasında mülki icraat açılması üçün isə mütləq ilkin şərt tərəflərin – iddiaçı və cavabdehin olmasıdır.
9. MPM-in 50.3-cü maddəsinin tələbinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Fiziki şəxs isə Mülki Məcəllənin 24.1-ci maddəsinə əsasən, hüquq münasibətlərində öz adından iştirak edən insan fərdi fiziki şəxsdir.
10. Odur ki, iş üzrə cavabdeh tərəf olmadığından, dolayısı ilə mübahisə mövcud olmadığından işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir və belə olan halda ərizənin icraata qəbulundan imtina edilməlidir.
11. Göstərilənləri və MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu "xxxx" X1 Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
HAKİM Aytəkin Əsədzadə