Məhkəmə qərarları › İş №e-2(004)-3106/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3106/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3106/2023 22.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 16110***-*******01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 18% dərəcəsi ilə 24 ay müddətinə 10.000 manat kredit verilmişdir. Kredit üzrə öhdəliyin icrasının təmini kimi İddiaçı ASC ilə digər Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və sonuncu kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, sözügedən müqavilə üzrə cavabdehlər öhdəliklərini yerinə yetirməmişlər. Cavabdehlərə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bütün zəruri sənədlərin məhkəmə təqdim edilməsi nəzərə alınmaqla iddiaçının iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 16110***-*******01 nömrəli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 18% dərəcəsi ilə 24 ay müddətinə 10.000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, zamin Cavabdeh1 İddiaçı ASC qarşısında Cavabdeh2 illik 18% dərəcəsi ilə 24 ay müddətinə 10.000 manat kredit verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli 16110***- *******01 nömrəli kredit müqaviləsi üzrə əsas öhdəliyin təmini üsulu qismində İddiaçı ASC ilə zamin kimi hüquq münasibətlərinə daxil olmuşdur. İş materiallarına xx.xx.2021-ci il tarixli 16110***-*******01 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəli əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli 16110***-*******01 nömrəli kredit müqaviləsi üzrə 2853,01 (iki min səkkiz yüz əlli üç manat bir qəpik) manat əsas, 151,30 (yüz əlli bir manat otuz qəpik) manat faiz borcu və 325,82 (üç yüz iyirmi beş manat səksən iki qəpik) manat cərimə borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il bildirişdən görünür ki, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 462 (cərimə puluna münasibətdə), 467 (dəbbə pulunun azaldılmasına münasibətdə), 472 (zaminliyə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh2 və zamin Cavabdeh1 “Borcverən” İddiaçı ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Araşdırma zamanı müəyyən edilir ki, Cavabdeh2 xüsusi təyinatlı qüvvələrin keçmiş zabiti olmaqla Vətən müharibəsi və Qarabağda keçirilmiş sonrakı antiterror əməliyyatlarında iştirak etmiş, nəticədə, ağır bədən xəsarətləri almaqla ordudan tərxis edilmiş, bu səbəbdən, müqavilə üzrə kredit məbləğinin ödənilməsində gecikmələr yaranmışdır. Həmçinin, müəyyən edilir ki, kredit məbləği üzrə borcun (10.000 manat) əsas hissəsi icra olunmuşdur. Göstərilən xüsusatlar məhkəmə qərar qəbul edərkən nəzərə alınır. Məhkəmə cərimə pulunun həcmi ilə bağlı qeyd edir ki, cərimə pulunun 325,82 manat deyil, 100 (bir yüz) manat məbləğində müəyyən edilməsi məqsədə müvafiqdir. Nəzərə almaq lazımdır ki, 325,82 manat həddində cərimə pulunun müəyyənləşdirilməsi əsaslı və ədalətli hesab edilə bilməz. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehlərin üzərinə qətnamə əsasında 325,82 manat cərimə ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşların cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Cərimə pulunun 100 manatdan yuxarı müəyyən olunması cavabdehlər nöqteyinəzərdən, 100 manatdan az müəyyən olunması isə iddiaçı nöqteyi-nəzərdən məqsədə müvafiq hesab olunmur. Nəticə etibarilə, MM-in 462, 467, 472, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” və zamin isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşlar. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MM-in 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 16110***-*******01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 18% dərəcəsi ilə 24 ay müddətinə 10.000 manat kredit verilmişdir. Kredit üzrə öhdəliyin icrasının təmini kimi İddiaçı ASC ilə digər Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və sonuncu kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, sözügedən müqavilə üzrə cavabdehlər öhdəliklərini yerinə yetirməmişlər. Cavabdehlərə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 53,31 (əlli üç manat otuz bir qəpik) manat məhkəmə xərcinin 40 (qırx) manat hissəsi də cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2853,01 (iki min səkkiz yüz əlli üç manat bir qəpik) manat əsas, 151,30 (yüz əlli bir manat otuz qəpik) manat faiz borcu və 100 (bir yüz) manat cərimə borcu olmaqla ümumilikdə 3204,31 (üç min yüz dörd manat otuz bir qəpik) manat pul və ödənilmiş 53,31 (əlli üç manat otuz bir qəpik) manat dövlət rüsumunun 40 (qırx) manat hissəsi tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2853,01 (iki min səkkiz yüz əlli üç manat bir qəpik) manat əsas borc, 151,30 (yüz əlli bir manat otuz qəpik) manat faiz borcu və 100 (bir yüz) manat cərimə borcu olmaqla ümumilikdə 3104,31 (üç min yüz dörd manat otuz bir qəpik) manat pul və ödənilmiş 53,31 (əlli üç manat otuz bir qəpik) manat dövlət rüsumunun 40 (qırx) manat hissəsi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar