Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3118/2022 22.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "ödənilməli pulun cavabdeh vərəsələrdən tutulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "ödənilməli pulun cavabdeh vərəsələrdən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Elşən Nəsirovun vərəsələri, Cavabdeh2 və Cavabdeh1 118600 (yüz on səkkiz min altı yüz) manat məbləğində pulun və ödədiyi 410 (dörd yüz on) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qapı qonşusu olan Elşən Nəsirov adlı şəxlə 15 ildir ki tanışdır. O, maşın alveri ilə məşğul olduğundan şərikiylə birlikdə 2009-cu il buraxılışlı “Mersedes Benz 220” markalı avtomobili satdığı qonşusu Nəsirov Elşənə bildirmişdir. Elşən ona 3 ay tamamında 24000 manat məbləğini ödəyəcəyini və ilkin olaraq şirinlik kimi 1000 manat məbləğində pul verə bilcəyini söyləmişdir. O, şəriki X3 ilə məsləhətləşdikdə, şəriki bildirdi ki, sənin qonşunu tanımıram, qarant durursansa maşını verək. Qonşusu olan Elşən Nəsirovu pis insan kimi tanımadığından ona qarant duraraq avtomobili ona vermişdir. 17 saylı Notariat Kontorunda oğlu Cavabdeh2 satmaq, bağışlamaq və sair üçün etibarnamə vermişdir. Bundan sonra iş qurmaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə Elşən Nəsirov ondan 60000 manat pul müqabilində şərikli metal alveri ilə məşğul ola bilcəklərini və yaxşı pul qazana biləcəklərini bildirdi. O, qonşusu olan Elşən Nəsirovun təklifi ilə razılaşaraq deyilən məbləği evinizin qarşısında ona verdim. Təxminən 1 həftə sonra qazanc olaraq ona 800 manat pul verdi. Belə ki, 1 ay ərzində 4 həftə (hər həftənin 1-ci günü) 800 manat pul qazanc olaraq ona qaytardı. Bundan sonra ona bildirdi ki, əlavə bir metal işi var və yaxşı qazanc əldə etmək mümkündür. Bu işə girmək üçün 45000 manat pul tələb olunur. Təxminən xx.xx.2021-ci il tarixdə yenə eyni qaydada evin qarşısında 45000 manat pulu qonşusu olan Elşən Nəsirova vermişdir. Ayın tamamında ona qazanc olaraq 1500 manat pul verirdi. Metal alveri edərək ona 4 ay müddətində 60000 manat məbləğindən hər həftə 800 manat, 45000 manat məbləğindən isə aylıq olaraq 1500 manat pul qaytardıqdan sonra alverin getməməsini bildirərək aylıq qazancları artıq verə bilmədiyini söyləmişdir. Qazanc olmadığı halda 105000 manat pulunu geri tələb etdikdə “narahat olma malı vermiş, pulu gələn kimi 105000 manat pulunu qaytaracam” demişdir. Bundan sonra Nəsirov Elşən yaxınlıqda moykaarendaya verildiyini və şərikli oranı işlədə biləcəklərini bildirmişdir. Lakin moykaya 4000 manat məbləğində aparat alınmalı olduğunu və 2000 manat onun tərəfindən, 2000 manat isə özü tərəfindən ödəniləcəyini bildirdi. Belə ki, 2000 manat məbləğində pulu Bilgəh ərazisində yerləşən moykanın yanında Elşən Nəsirova vermişdir. Moykanı 2 ay müddətində işlətdikdən sonra xeyir az olduğundan ona bildirmişdir ki, istəyirsən aparata verdiyim pulu, yəni 2000 manatı qaytar moykanı özün tək işlət. Elşən Nəsirovla razılaşmış və 2000 manat məbləğində pulu onun göstərişi ilə oğlu Cavabdeh1 vermişdir. Təxminən 30 dekabr 2021-ci il tarixdə moykaya Bəkir adlı Polis əməkdaşı gələrək bildirmişdir ki, moykanı o, almış bundan sonra ona arenda olaraq 200 manat verəcək. Belə olan halda 4000 manat pul verərək aldığı aparatı götürəcəyimi bildirdikdə, aparatı moyka qarışıq aldığını və Elşən Nəsirovun onlara 30000 manat borcu olduğunu söylədi və o məcbur olub moyka aparatını onlara vermişdir. Bundan əlavə təxminən 2021-ci ilin avqust ayınnın sonlarında Elşən Nəsirov borcunun olmasını, oğlu Cavabdeh1 göndərəcəyini və 6800 manat pul borcunu dərhal verməli oduğunu söylədi. Evdə olmadığımdan oğlum Rəhimov Şəmsəddinə bildirdim ki, 6800 manat pulu versin və alverimiz normal vəziyyətdə getdiyi üçün 6800 manat pulu oğlu Cavabdeh1 vermiş. Pulun qaytarılmasına 1 gün ərzində söz versələr də, pulu qaytarılmamışdır. Bundan sonra onu da qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə Elşən Nəsirov ona bildirmişdir ki, başqa şəxslərə 100000 manat borcu var, onun 40000 manatı çatmır, bu gün mütləq çatdırmalıdır. Maşın salonlarında tanışlarının olduğunu bildiyindən 40000 manat təcili pulu dostlarından tapmağını xahiş etmiş və ona təklif etmişdir ki, pul verən olsa 35000 manatlıq Prado markalı avtomobili 1 həftə ərzində pul yiyəsinə verəcək. Onu bu şəkildə aldatdığından “102 Cars”-da işləyən dostu Şamildən 30000 manat pul verməsini xahiş etmişdir. 30000 manatı dostu Şamil taksi ilə göndərdi və o, pulu Elşən Nəsirova vermişdir. 40000 manat düzəlmədiyindən Elşən Nəsirov atası Şəmsəddin Rəhimova zəng edərək 10000 manat pul verməsini xahiş etdi. Atası pulunun olmadığını bildirdikdə satdıq nə maşını olduğunu soruşduqda atasının BMV 745 markalı avtomobili olduğunu bildikdə, maşını ona verməsini və pulunu 3 gün ərzində qaytaracağını söyləmişdir. Atası maşını ona vermək istəmirmiş, o yenə də qonşusu olan uzun müddət tanıdığı Elşən Nəsirova zamin dayanaraq atasından götürülən avtomobili Bilgəh kəndi adamına 8800 manata sataraq pulunu Elşən Nəsirova vermişdir. Elşən Nəsirov onu öz yalanlarına inandırmışdır ki, bu borc məsələsindən qurtarsa hər işi qaydasına düşəcək və ona olan 178600 manat borcunu rahat şəkildə qaytaracaq. Pulunu tələb etdikdə, maşınlarının olmasını və həmin maşınları aylıq arendaya verərək pul əldə etdiyini bildirərək, bütün maşınları onun adına keçirməsini və aylıq ödənişləri tərəfindən götürülməsi barədə razılığa gəlmişlər, hesablamalarına görə 178600 manatdan maşınlar adına keçirildikdə, maşınların dəyəri təxminən 60000 manat hesablandıqdan sonra borc olaraq 118600 manat olması barədə razılaşmışlar. Üzərindən təxminən 5 gün keçəndən sonra X4 Nəsirovla Azərbaycan Respublikasını tərk edərək Türkiyə Respublikasına qaçmışdır. Sonradan ona məlum olmuşdur ki, Elşən Nəsirovun bir çox adamlara külli miqdarda borcu olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikasını tərk edərək qaçmış və oğlu Cavabdeh1 tərəfindən 2022-ci ilin təxminən fevral ayında Azərbaycan Respublikasına atası Nəsirov Elşənin meyidi gətirilmişdir. Borcun qaytarılmasını Elşən Nəsirovun vərəsələri olan övladlarından tələb etdikdə isə onu ölümlə hədələyir, hətta onu şərləyərək tutduracaqlarını bildirirlər. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı cavabdehlərə və mərhuma hər hansı məbləğdə pul verməsinə, o cümlədən cavabdehlərin miras əmlakı qəbul etmələrinə dair hər hansı sübutu təqdim etməmişdir. İddia tələbi sadəcə mülahizələrdən ibarətdir. Heç bir halda sübut olunmur. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində bildirmişdir ki, iddiaçı onun atasıdır, mərhum Elşən isə onların qonşusu olmuşdur. Mərhum onun atasının şərikli olduğu maşını almaq istədiyindən xəbərdar olmuşdur. Mərhum 3 ay ərzində maşının pulunu verməli olsa da vermədiyindən atası məcbur qalıb Ələkbərə öz cibindən ödəniş etmək məcburiyyətində qalmışdır. Sonra onlara məlum olmuşdur ki, mərhum öz oğlu Arifə etibarnamə verməklə maşını başqasına satmışdırlar. Mərhumun istəyinə əsasən atası Ruqiyyə adlı qohumundan 60.000 manat borc pul almaqla mərhuma vermişdir. Sonradan metal alverinə görə 45.000 manat mərhuma yenidən pul vermişdir. Evdə olmadığından atası Elşən Nəsirova vermək üçün ona verilmiş 6800 manat pulu isə o şəxsən evdə mərhumun oğlu Cavabdeh1 vermişdir. Verdiyi pulların heç bir məbləğini qaytarmamışdır. Bunlarla yanaşı, atası maşınyuma servisi açmaq istədiyindən Ərəstun adlı şəxslə razılığa gəlmiş və o da bizə bildirmişdir ki, maşınyumada istifadə olunan aparatı satın ala bilər, yer üçün isə aylıq kirayə haqqı ödəməklə işləyə bilərlər. Elə oldu ki, onlar aparatı satın almış və bu zaman 2000 manat onlar, 2000 manat Elşən Nəsirov pul qoymuş və aparatı şərikli almışlar. Bizim həftəlik qazancımızın çox hissəsi xərclər üçün sərf olunduğundan Cavabdeh1 gəlib bildirmişdir ki, bu obyektə şərik olmaq onlar üçün sərfəli deyil, aparat üçün qoyduqları 2000 manat pulu qaytarmağı istəmiş və bundan sonra kirayə haqqını özləri ödəməklə aparatın onların mülkiyyəti olduğunu bildirmişlər. Pulu qaytardıqdan sonra o Türkiyəyə qaçmışdır. Bu hadisələrdən sonra Bəkir adlı şəxs gəlmişdir ki, obyekti satın almışdır və buradakı bütün əşyalar, həmçinin maşınyuma aparatı onun mülkiyyətidir, işləmək istəyən kirayə pulu verməklə işləyə bilər. Aparatın pulunu isə Elşən Nəsirovdan istəməli olduğumuzu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində bildirmişdir ki, 2002-ci ildən Rizvanla dostdur, cavabdehləri isə ümumiyyətlə tanımır. Rizvanın adına Mercedes Benz markalı maşını alıb özü istifadə etmişdir. Pulunu da Ələkbər özü ödəmişdir. Sonra həmin maşını X8 nisyə satmışdır. Elşəni şəxsən tanımır. Rizvanın sözügedən maşını Elşənə satması onlar telefonla danışarkən ona məlum olmuşdur. O, maşını Elşənə deyil, Rizvana vermişdir. Rizvan da maşını Elşənə vermişdir. Elşən Rizvana 1000 manat ödəniş etmişdir. Həmin qalan məbləği Elşən vermədiyindən, Rizvan qalan məbləği 6 ay sonra–yəni 23.000 manatı ona vermişdir. X6 pulu qaytarmasından məlumatı yoxdur. Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin, Cavabdeh2 vəkili və nümayəndəsinin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia ərizəsinin borc tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mərhum Elşən Nəsirova ümumilikdə 118600 (yüz on səkkiz min altı yüz) manat məbləğində pul verildiyini iddia edilsə də bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, şahid ifadələri də iddia ərizəsindəki halları təsdiq etmədiyindən iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "ödənilməli pulun cavabdeh vərəsələrdən tutulması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 410 (dörd yüz on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-3118/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3118/2022
22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver