Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3118/2024 27.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1490,15 manat əsas, 304,17 manat faiz, cəmi 1794,32 manat pul vəsaitinin və 37,94 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli BRCB2694421B103 saylı Kredit müqaviləsinə əsasən onun kartına illik 27 faiz dərəcəsi ilə 1500 AZN məbləğində kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nəğd qaydada əldə edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 1490,15 AZN əsas, 304,17 AZN faiz, cəmi 1794,32 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, ona qarşı haqsız iddia ərizəsinə etirazını bildirərək işə baxılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh qarşı onun hesabına ayrılan 1500 manat kredit məbləği tələbi ilə məhkəməyə iddia ərizəsi verilmişdir. Bu tələb düzgün deyildir, çünki o heç bankomatdan pul çıxartmamış və heç bir ticarət əməliyyatı aparmamış və pulu da nağd şəkildə bankdan götürməmişdir. Sadəcə olaraq dələduzluq yolu ilə dələduzlar onun hesabından bankda yerləşən 1500 manat məbləğini çəkmişlər. Bununla bağlı olaraq, 29-cu polis bölməsinə ərizə verərək araşdırılmasını xahiş etmişdir. İndi hal-hazırda 1 ay olar ki, araşdırma davam edir. Araşdırmanın cavabı hələki başa çatmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında baxılması üçün verilmiş pul tələbinə dair kiçik iddiası üzrə mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə etirazla tanış olduqlarını, cavabdeh tərəfindən verilmiş etirazın iddiaçının iddiasına heç bir aidiyyəti olmadığını, cavadehin kartından hər hansı bir vəsaitin çıxarılmasının cavabdehin özünün səhvi ucbatından olduğunu, cavabdehin məxfi məlumatları kiməsə verdiyi üçün hesabından pul çəkildiyini, kreditin cavabdehə verildiyini, bunu sübut edən sənədlərin məhkəməyə təqdim edildiyini, polis idarəsinin məktubunda araşdırmanın aparıldığının qeyd edildiyini, məktubda qeyd olunanlarla da hələ onun kartında olan vəsaitin kim tərəfindən istifadə edildiyinin məlum olmadığını, gələcəkdə sübut olunduğu halda reqres qaydasında pulunu aldadan şəxsdən tələb edə biləcəyini, bu gün polis idarəsi tərəfindən aparılan araşdırmanın hazırki iddianın baxılmasına heç bir aidiyyətinin olmadığını, bank üçün cavabdehin Cavabdeh olduğunu, iddia ərizəsində qeyd olunanları nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, bankdan kredit götürsə də nəğd şəkildə götürmədiyini, kartı heç vaxt bankomata salıb pul çəkmədiyini, puldan heç vaxt istifadə etmədiyini, axşam vaxtı telefonla internetdə olan zaman kartından pul çıxdığını, pulun dələduzluq yolu ilə kartından köçürüldüyünü bildirərək, iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli BRCB2694421B103 nömrəli Birbank cashback kredit xətti müqaviləsinə əsasən İddiaçı ASC müştəri Cavabdeh “Birbank Cashback” ödəniş kartı verir, həmin karta bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə illik 27% faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit xətti ayırır, müştəri isə kartdan və ya xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.) habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcəsinə əsasən ödüməyi öhdəsinə götürür. Müqavilənin 7.2.6-cı maddəsinə əsasən, müştəri kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə lazımi tədbirlər görür (kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır). Müqavilənin 8.2-ci maddəsinə əsasən, müştəri anlayır və təsdiq edir ki, bu müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarını məxfi saxlaması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı müştəriyə dəymiş zərərər (ziyana) görə bank məsuliyyət daşımır. Müqavilənin 9.5-ci maddəsinə əsasən, Bank kartı “3D secure” xidmətinə qoşur. Müştərinin istəyinə əsasən qoşulan servis deaktiv olunarsa dələduzluq əməliyyatları nəticəsində müştəriyə dəyən zərər bank tərəfindən ödənilmir. İş materiallarında olan 103TT**********9171 nömrəli balansdankənar məxaric orderinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixdə 416973*****3308 nömrəli plastik kart təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilə üzrə çıxarışa əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixdə verilmiş Birbank kartından xx.xx.2023-cü il tarixdə 1481.9 manat məbləğində pul götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixli kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə, 1490,15 manat əsas, 304,17 manat faiz, cəmi 1794,32 manat ümumi borc və gecikmə günü 118 gün olmaqla 474.49 manat məbləğində gecikmə yarandığını bildirmiş, bütün borc məbləğini ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB2694421B103 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka xx.xx.2024-cü il tarixə 1490,15 manat əsas, 304,17 manat faiz, cəmi 1794,32 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət haqqında məlumatın istintaq aidiyyatı üzrə göndərilməsi barədə qərarına əsasən, İddiaçı ASC-dən daxil olan məktubda 1460 manat pulun köçürüldüyü 4169 73** **** 6605 nömrəli kartın sahibinin Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi, ev 2, m9-da qeydiyyatda olan X1 məxsus olması qeyd edilmişdir. İddiaçı ASC-nin X1 məxsus ödəniş kartı üzrə çıxarışda 4169 73** **** 6605 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 1460 manat pul mədaxil edildiyi və həmin tarixdə qeyd olunan kartdan Nəsimi rayonu, Tbilisi pr., FHN yani Araz market ünvanlı Kapital Banka aid bankomatdan 2000 manat pulun nəğdləşdirilidiyi, pulu nəğdləşdirən şəxsin görüntüləri təqdim edilmişdir. Həmin görüntülərlə pulun X2 tərəfindən nəğdləşdirildiyi müəyyən edilmişdir. Onun izahatına əsasən sözügedən nəğdləşdirilmiş 2000 manat pulu həmin yerdə yolun kənarında Səbuhi Məmmədova vermişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən,borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2023-cü il tarixdə elektron qaydada (mobil tətbiq vasitəsilə) BRCB2694421B103 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Bank tərəfindən Cavabdeh Birbank Cashback ödəniş kartı verilmiş və həmin karta bağlı illik 27% faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit xətti ayrılmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh məxsus Birbank kartından 21,9 komissiya xərci tutulmaqla 1460 manat, cəmi 1481,9 manat pul köçürmə yolu ilə məxaric edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kartından digər şəxslər tərəfindən qanunsuz yollarla pulun başqa karta köçürülməsi cavabdehi kredit müqaviləsi üzrə banka olan borcunu qaytarmaq öhdəliyindən azad etmir. Tərəflər arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB2694421B103 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, BRCB2694421B103 nömrəli kredit müqaviləsi üzrə 1490,15 manat əsas, 304,17 manat faiz, cəmi 1794,32 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 37,94 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1490,15 manat (min dörd yüz doxsan manat on beş qəpik) əsas, 304,17 manat (üç yüz dörd manat on yeddi qəpik) faiz borcu olmaqla, cəmi 1794,32 manat (min yeddi yüz doxsan dörd manat otuz iki qəpik) və dövlət rüsumu olaraq ödənilmiş 37,94 manat (otuz yeddi manat doxsan dörd qəpik) məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-3118/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3118/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver