Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3175/2025 29.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “X8 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Şıxalıyeva (Yusubova) Sevda Mikayıl qızından və Cavabdeh2 müştərək qaydada 9473.30 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə 1044.13 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumu 37.75 manat iddiaçı “X8 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 may 2013-cü il tarixdə “X8 Azərbaycan” QSC ilə cavabdehlər Şıxalıyeva (Yusubova) Sevda Mikayıl qızı arasında 213-130 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Şıxalıyeva (Yusubova) Sevda Mikayıl qızına 48 ay müddətinə, 20000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Borcalan Şıxalıyeva (Yusubova) Sevda Mikayıl qızı yuxarıda qeyd olunan müqavilə üzrə götürdüyü vəsaiti və ona illik 16% faiz dərəcəsi olmaqla hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada “X8 Azərbaycan” QSC-ə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə Cavabdeh2 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri öz üzərinə götürmüşdür. Borcalanın 213/130 nömrəli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 13 may 2013cü il tarixdə «X8 Azərbaycan” QSC ilə Şıxalıyeva (Yusubova) Sevda Mikayıl qızı arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Şıxalıyeva (Yusubova) Sevda Mikayıl qızına məxsus olan 2013-cu il buraxılış tarixli, şassi/ban KMHDG41C6EU786136 olan, **-VO-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli «Hyundai Elantra” minik markalı avtomobil «X8 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “X8 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etmiş, lakin borcalan Şıxalıyeva (Yusubova) Sevda Mikayıl qızı və zamin Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh(lər)ə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günə kimi olan borcu ödəməmişdir. Lakin, öhdəliklər cavabdehlər tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli 2(004)-11190/2016 nömrəli qətnaməsinə əsasən ümumilikdə 9473,30 USD və 38.50 AZN məbləğində borcun cavabdehlər X5 və Cavabdeh2 tutulması və eyni zamanda tutmanın banka kreditin təminatı kimi girov qoyulmuş, ipoteka predmeti olan "Hyundai Elantra" markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borcun bankın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə Qətnaməsi Qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə yönəlmiş və prosessual ardıcıllığa, həmçinin Qanunverciliyin tələblərinə əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Məlumat üçün qeyd olunur ki, ipoteka predmeti olan "Hyundai Elantra" markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərrac prosesində 10050 AZN vəsaitə (03-aprel-18) qalib alıcı tərəfindən əldə edilmişdir. Göründüyü kimi, cavabdeh(lər)in 18 oktyabr 2016-cı il tarixə əsas borc üzrə 9473,30 ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) 18 oktyabr 2016-cı ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik beş faiz olaraq 1044,13 ABŞ dolları hissəsi ödənilməmiş qalmaqdadır. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla : 1) xx.xx.2016 tarixindən xx.xx.2018 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 532 gün - 699.97 ABŞ dolları 2) xx.xx.2018 tarixindən xx.xx.2019 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 388 gün - 191.93 ABŞ dolları 3) xx.xx.2019 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 2195 gün - 152.24 ABŞ dolları olmaqla ümumilikdə cəmi 1044,13 ABŞ dolları təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3175/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı “X8 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında baxılması üçün verilmiş pul tələbinə dair kiçik iddiası üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddianı tam müdafiə etdiklərini və iddia tələbi ilə əlaqədar sənədlərin elektron məhkəmə sistemində olan elektron kabinetə əlavə edildiyini bildirmişdir. Bunu nəzərə alaraq, məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddiaçı “X8 Azərbaycan” QSC-nin iddiasının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan “X8 Azərbaycan” QSC ilə X4 arasında bağlanmış kredit müqaviləsinin ödəniş qrafikinə əsasən X4 48 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 20000 ABŞ dolları məbləğində kredit götürür və aylıq ödəniş məbləği 566.81 ABŞ dolları təşkil edir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-11190/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, “X8 Azərbaycan” QSC ilə cavabdeh X4 arasında bağlanmış 13 may 2013-cü il tarixli, 213/130 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 8676.15 ABŞ dolları məbləğində əsas borc, 563.32 ABŞ dolları faiz borcu, 233.83 manat məbləğində cərimə borcu, cəmi 9473.30 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, bank xidmət haqqının əvəzi olan 1 manat və cavabdehlərə bildirişlərin (pretenziya məktublarının) göndərilməsi üçün ödənilmiş poçt xərcinin əvəzi olan 7.50 manat, cəmi 38.50 manat X1 və Cavabdeh2 müştərək qaydada “X8 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tutmanın X4 tərəfindən ipoteka ilə yüklü edilmiş “Hyundai Elantra” markalı, **- VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi və iddia tələbinin “ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ kifayət etmədikdə yerdə qalan borcun cavabdehlərdən tutulması” hissəsində əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 11190/2016 nömrəli icra vərəqəsinə əsasən, “X8 Azərbaycan” QSC ilə cavabdeh X4 arasında bağlanmış 13 may 2013-cü il tarixli, 213/130 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 8676.15 ABŞ dolları məbləğində əsas borc, 563.32 ABŞ dolları faiz borcu, 233.83 manat məbləğində cərimə borcu, cəmi 9473.30 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, bank xidmət haqqının əvəzi olan 1 manat və cavabdehlərə bildirişlərin (pretenziya məktublarının) göndərilməsi üçün ödənilmiş poçt xərcinin əvəzi olan 7.50 manat, cəmi 38.50 manat X1 və Cavabdeh2 müştərək qaydada “X8 Azərbaycan” QSC-nin xeyrinə tutulsun və tutma X4 tərəfindən ipoteka ilə yüklü edilmiş “Hyundai Elantra” markalı, **-VO- *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3743/2017 nömrəli, 29 mart 2017-ci il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayətinin rədd olunması qət edilmişdir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-873/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadına əsasən, borclu X2 məhkəmə aktının hissə-hissə icra etdirilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişə (borcun ödənilməsinə dair pretenziya) əsasən, iddiaçı cavabdehlərə məhkəməsi qətnaməsi xx.xx.2025-ci il tarixinə qədər icra olunmadığından, həmin tarixə ümumilikdə 1044.13 ABŞ dolları məbləğində Banka maddi zərər dəydiyini bildirmiş, 3 gün ərzində bu borcun ödənilməsini tələb etmiş, əks təqdirdə, öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə Banka dəymiş maddi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan çıxarışa əsasən, X1 məhkəmə qərarı üzrə gələn vəsait xx.xx.2018-ci il tarixində 5911.77 ABŞ dolları, xx.xx.2019-cu il tarixində 3062.17 ABŞ dolları olmuşdur və xx.xx.2025-ci il tarixinə qalıq borc 499.36 ABŞ dolları təşkil edir. İş materiallarında olan maliyyə arayışına əsasən Cavabdeh2 və X2 xx.xx.2013-cü il tarixli 213-130 nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmış ümumilikdə 1044.13 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Məhkəmə Ekspertiza Mərkəzinin 9/3146 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 13 may 2013-cü il tarixli, 213-130 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 iddiaçı “X8 Azərbaycan” QSC-yə olan borcu aşağıdakı kimi məbləğində müəyyən edilir, o cümlədən xx.xx.2017-ci il tarixə əsas borc üzrə 8567.37 ABŞ dolları, faiz borcu üzrə 1903.99 ABŞ dolları; xx.xx.2025-ci il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 1497.28 ABŞ dolları, faiz borcu üzrə 00.00 ABŞ dolları, faiz borcu 5% ilə 1052.90 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-ci maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-11190/2016 nömrəli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı “X8 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 8676.15 ABŞ dolları əsas, 563.32 ABŞ dolları faiz, 233.83 manat cərimə borcu, cəmi 9473.30 ABŞ (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) dolları və 38.50 manat məbləğində ödənilmiş məhkəmə xərci tutulmuşdur. Cavabdehlər məhkəmə qətnaməsi ilə tutulan pul məbləğinin ödənilməsini gecikdirdiklərindən hazırda iddiaçı (kreditor) məhkəməyə müraciət edərək, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edir. Göründüyü kimi, cavabdehlər qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə qətnaməsinin icrasını gecikdirmiş, bununla da, iddiaçının dəymiş zərərin əvəzini, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini cavabdehlərdən tələb etmək hüququ yaranmışdır. Məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspert rəyinə əsasən cavabdehlərin xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək “X8 Azərbaycan” QSC-yə gecikdirilmiş vaxt üçün müəyyən edilən illik beş faiz uçot dərəcəsi ilə faiz borcu 1052.90 ABŞ dolları müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış borcun tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə ekspert rəyində göstərilmiş gecikdirilmiş vaxt üçün müəyyən edilən illik beş faiz uçot dərəcəsi ilə 1052.90 ABŞ dolları faiz borcuna münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə görə qətnamə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə çıxarılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia, iddia tələbində göstərilən həddə, yəni 1044.13 ABŞ dolları məbləğində təmin edilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, eləcə də cavabdehlərin pul məbləğinin ödənilməsini gecikdirdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada gecikdirilmiş vaxt üçün 1044.13 ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul tutularaq iddiaçı “X8 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 37.75 manat dövlət rüsumu və 100 manat məbləğində məhkəmə-mühasibatlıq ekspertizası xərci cavabdehlərə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada gecikdirilmiş vaxt üçün 1044.13 (bir min qırx dörd dollar on üç sent) ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) faiz borcu və dövlət rüsumu olaraq ödənilmiş 37.75 (otuz yeddi manat yemiş beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X8 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO********************44, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-3175/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3175/2025
29.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver