Məhkəmə qərarları › İş №e-2(004)-3201/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3201/2023

24.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3201/2023 24.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 cəlb edilməklə “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən mübahisə pedmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 cəlb edilməklə “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərin əvəzi kimi 2500 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh, 6 aprel 2023-cü il tarixində “Mercedes Benz GLC200 4Matic” minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozmuş, nəticədə xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus 2019-cu il buraxılışlı “Mercedes Benz CLA 200” minik markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Cavabdeh tərəfindən inzibati xəta törədilməsi Nərimanov rayon DYPŞ-nin İXP ******* nömrəli, 07 aprel 2023-cü il tarixli İnzibati xəta haqqında Protokolla öz təsdiqini tapmışdır. Cavabdeh, polisdə verdiyi izahatında inzibati xəta törətdiyini etiraf etmişdir. Nərimanov rayon DYPŞ-nin TP5662937 nömrəli, 7 aprel 2023-cü il tarixli İnzibati tənbehvermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cavabdeh barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. “Mercedes Benz GLC200 4Matic” minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ ilə X4 məxsusdur. L.Əzizova tərəfindən cavabdehə 11 fevral 2023-cü il tarixdə ƏN-Vİ № 455314 saylı nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə verilmişdir. “Mercedes Benz CLA 200” minik markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün 7.498,83 manat pul tələb edilir. Bu fakt, “X5” MMC-nin tərtib etiyi “İlkin təmir sifarişi” ilə öz təsdiqini tapır. Həmin məbləğin 5.000 manat hissəsi, cavabdehin məsuliyyətini sığortalatdığı “Azərsığorta” şirkəti tərəfindən qarşılanmışdır. Qalan 2.498,83 manat pulun ödənilməsi ilə bağlı cavabdeh tərəfindən indiyədək heç bir tədbir görülməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh İddiaçı xeyrinə avtomobilin təmirinə görə “X5” MMC-yə ödənilmiş 2.500 manat məbləğində təmir xərcinin, avtomobilin daşınması üçün ödənilmiş 60 manat məbləğində evakuator xərcinin, vurulmuş mənəvi zərərin əvəzi kimi, 1.000 manat məbləğində pulun tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirir ki, avtomobil cəmi 19000 km sürülmüşdür, yəni yeni maşın idi, cavabdehin təqsirli hərəkətləri nəticəsində avtomobilin dəyəri düşmüşdü. Eyni zamanda cavabdehin öhdəliyinin icrasından yayınmış, iddiaçı isə məhkəməyə müraciət etməli olmuşdur. Bunlar isə ona mənfi təsir göstərmiş, məvəvi zərər çəkməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, avtomobilə vurulmuş ziyanın məbləği ilə bağlı razı deyil. Ekspertiza rəyində müəyyən edilmiş məbləğlə razılaşır. İddiaçı tərəfindən ödənilmiş ədv ödənişlərini də ödəyəcəkdir. Lakin qalan hissədə iddianı qəbul etmir. İddiaçıya hər hansı bir mənəvi zərər yetirdiyini düşünmür. Mübahisə pedmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR DİN Nərimanov rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə “Mercedes Benz GLC200 4 MATİC minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərkən AR İXM-nin 327.1-ci maddəsinin tələbini pozmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş AD N 881849 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz GLC200 4 MATİC minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. İş materiallarına əlavə edilmiş ƏN-Vİ 455314 saylı 11 fevral 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X6 “Mercedes Benz GLC200 4 MATİC minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili 17 yanvar 2033-cü ilədək idarə etməyi Cavabdeh etibar etmişdir. İş materiallarına əlavə edilmiş AB N 098738 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz CLA 200 minik” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş ƏN-V 209490 saylı 31 mart 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı “Mercedes Benz CLA 200 minik” markalı, **- TT-*** dövlət qeydiyyat nişanlı avtomobili 25 iyun 2029-cu ilədək idarə etməyi X2 etibar etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən AR Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı sığorta ödənişi ilə bağlı akta əlavəyə dair ərizəsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı “Mercedes Benz CLA 200 minik” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə şirkət tərəfindən müəyyən edilmiş 5000 manat zərər məbləği ilə razıdır. İş materiallarına əlavə edilmiş “X5” MMC-nin AM00001770 nömrəli xx.xx.2023-cü il tarixli hesab-fakturadan və xx.xx.2023-cü il tarixli arayışın məzmunundan görünür ki, İddiaçı tərəfindən “Mercedes Benz CLA 200 minik” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələrinin sifarişi üçün 1500 manat avans məbləğ ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş “X5” MMC-nin 16 may 2023-cü il tarixli satış çekindən görünür ki, “X5” MMC-nə ehtiyat hissələri və servis xidməti daxil 5999,96 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş “X5” MMC-nin icra edilmiş xidmətlərə dair xx.xx.2023xx.xx.2023-cü il tarixli aktından görünür ki, “Mercedes Benz CLA 200 minik” markalı, **-TT- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələrinin sifarişi üçün cəmi 6355,90 manat, ƏDV – 1144,06 manat olmaqla, cəmi 7499,96 manat ödəniş edilmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5327 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X5” MMC avtoservis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “Mercedes Benz CLA 200 minik” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6119 manat (ƏDV-siz) müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman Cavabdeh “Mercedes Benz GLC200 4 MATİC minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir. Məhkəmə vurulmuş zərərin məbləğinə münasibətdə ekspert rəyini mötəbər sübut hesab edərək, qeyd edir ki, sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manat məbləğ çıxılmaqla, avtomobilə dəyən zərərin məbləği 6119-5000=1119 manat, eləcə də iddiaçı tərəfindən avtomobilin təmiri üzrə avtoservis mərkəzinə ödənilmiş 1144,06 manat ƏDV məbləği də daxil olmaqla cəmi 1119+1144,06=2263.06 (iki min iki yüz altmış üç manat altı qəpik) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı eyni zamanda mənəvi zərərə görə 1000 manat və evakuator xərci üçün ödənilmiş 60 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MM-nin 21 və 23 cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, «..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci və 8-ci bəndində qeyd olunur ki, «..mənəvi zərər anlayışı şəxsin hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab veçirməsi vahid konteksdə olmalı, yəni şəxs öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirməklə bərabər, eyni zamanda müəyyən iztirablara məruz qalmalıdır. Həmin Qərarın 8-ci bəndində qeyd olunur ki, mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərər çəkənin mənəvi sarsıntı və iztirablara qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini zərərvuran şəxsin təqsirini, zərər çəkən şəxsin hansı mənəvi sarsıntı və iztirab keçirməsini, zərər çəkənin bunların hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin artırılması barədə ərizəsində ona 1000 manat məbləğində mənəvi zərərin dəydiyini bildirsə də, bunun nədə ifadə olunmasını, həmçinin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbinin mənəvi ziyan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 2263.06 (iki min iki yüz altmış üç manat altı qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən keçirilmiş ekspertiza xərci 50 manat Cavabdeh tutulmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 2263.06 (iki min iki yüz altmış üç manat altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar