Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3220/2023 11.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1988,94 ABŞ dolları məbləğində əsas borc, 1665,36 ABŞ dolları müqavilə üçün hesablanmış və tələb olunan faizlər, 1523.20 ABŞ dolları məbləğində cərimə borcu, 590,80 ABŞ dolları məbləğinə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 5768,30 ABŞ dolları məbləğində pulun, ödənilmiş 118.07 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan QSC "xxxx" KB-yə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC "xxxx" KB iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/108979/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 12 ay müddətinə illik 26 faiz ödənilməsi şərti ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 1988.94 məbləğində əsas borc, 1665,36 ABŞ dolları müqavilə üçün hesablanmış və tələb olunan faizlər, 1523,20 ABŞ dolları məbləğində cərimə borcu, 590,80 dolları məbləğinə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 5768,30 ABŞ dolları məbləğində borcu qalmışdır. İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin xx.xx.2023-cü il tarixə saat 12:00-a təyin edilmiş hazırlıq iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və mülki işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə Ləğv prosesində olan QSC "xxxx" KByə məhkəmənin baxış iclasının təyin edilməsi barədə məhkəmə bildirişi və sms bildiriş göndərilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, mülki işin baxış iclasına təyin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6 –cı maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərmişdir. Məhkəmə işdə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/108979/15 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, iddiaçı QSC "xxxx" KB tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 26 faizlə 2000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3906/2019 saylı qərardadına əsasən, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh qarşı kredit tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3906/2019 saylı qərardadına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11.07.19-cu il tarixli 2(004)-3906/2019 saylı qərardadından iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən verilən şikayətin təmin edilməməsi və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-11985/2019 saylı qərardadına əsasən, iddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2(004)-3906/2019 saylı qərardadından verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi, şikayətin geri qaytarılması üçün iş materialları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7617/2019 nömrəli qərardadına əsasən, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-11985/2019 nömrəli qərardadının dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3906/2019 saylı qərardadına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3906/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından iddiaçı QSC "xxxx" KB tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3906/2019 saylı qərardadına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2020-ci tarixli, 2(004)-3906/2019 saylı qərardadından iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən verilən şikayətin təmin edilməməsi və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsində göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-3857/2020 saylı qərardadına əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3906/2019 saylı iş üzrə 11 fevral 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması və qərardadın çıxarıldığı andan qüvvəyə minməsi qərara alınmışdır. İş materiallarında olan ləğv prosesində olan QSC "xxxx" KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh QSC "xxxx" KB ilə bağlanmış 27 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1988,94 ABŞ dolları əsas, 1665,36 ABŞ dolları müqavilə üçün hesablanmış və tələb olunan faizlər, 1523.20 ABŞ dolları məbləğində cərimə borcu, 590,80 ABŞ dolları məbləğinə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 5768,30 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan ləğv prosesində olan QSC "xxxx" KB-nin cavabdehə ünvanladığı xx.xx.2029-cu il bildirişlərdən müəyyən olunur ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borc məbləğinin tam olaraq 3 (üç) iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə, bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan 06 iyun 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 118,07 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/108979/15 nömrəli kredit müqavilə ilə Cavabdeh 12 ay müddətinə, illik 26 faizlə 2000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3906/2019 saylı qərardadına əsasən, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh qarşı kredit tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.1 və 554.4-cü maddələrinə əsasən-müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsində göstərlir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3906/2019 saylı qərardadına əsasən, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh qarşı kredit tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanı ilə nəzərdə tutulmuş mübahisənin məhkəmədənkənar həlli qaydasına əməl edilmədiyi üçün baxılmamış saxlanılmışdır. Buna qədər də iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş öhdəliyin icra müddətinin bitdiyi 27 may 2016-cı il tarixdə başlamışdır. Bununla belə, analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağabatan müddət iddia müddətinə daxil olmamalıdır. Bu müddət Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiqi üçün nəzərdə tutulmuş ağlabatan müddətdir. Qərardaddan da göründüyü kimi Fərmanda qeyd olunan prosesual hərəkətlərlə bağlı bank tərəfindən nə həmin müddətdə, nə də ki hazırki icraat müddətində məlumat daxil olmamışdır. Əksinə bank tərəfindən məhkəmə qərardadlarından şikayətlər verilməkdə davam edilmişdir. Məhkəmə xx.xx.2019-cu il tarixindən hazırki iddia qaldırılanadək olan müddəti məhkəmə ağlabatan müddət kimi qiymətləndirmir. Əlavə olaraq da, iddiaçı həmin iş üzrə qəbul edilmiş sonuncu qərarın qəbul edildiyi xx.xx.2020-ci il tarixdən üç il sonra hazırki iddia ərizəsi ilə müraciət etməklə, yalnız həmin dövr nəzərə alınmaqla belə hazırki iddia ərzisəni iddia müddətini ötürməklə vermişdir. Göstərilənlərə əsasən məhkəmə, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən, cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyindən iddianın rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 118,07 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "kredit borcunun qaytarılması" barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 118,07 (bir yüz on səkkiz manat yeddi qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3220/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3220/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver