Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3237/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankının (ləğv prosesindədir) Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankının xeyrinə 2220 manat əsas borc, 308,90 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 2955,50 manat cərimə borcu, 903,65 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 6388,05 manat borcun və 83,89 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsalandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında 19 fevral 2013-cü il tarixdə kredit verilməsi haqqında 1xx/xx/27739/13 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən borcluya illik 25 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 19 fevral 2013-cü il tarixli 1xx/xx/27739/13 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdehlər kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehlərin Banka 2220 manat məbləğində əsas borc, 308,90 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 2955,50 manat məbləğində cərimə borcu, 903,65 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 6388,05 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən caavbdehlərə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi ərizəni müdafiə edərək verilmiş tələblər üzrə iddia müddətinin ötürülməsini bildirmiş və iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış 19 fevral 2013-cü il tarixli, 1xx/xx/27739/13 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinə zamin durduğunu, kredit xətti müqaviləsinə əlavə sazişlərə zamin durmadığını bildirərək iddianın ona qarşı hissədə rədd olunması barədə qətnamə çıxarılmasını xaihş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında 19 fevral 2013-cü il tarixli, 1xx/xx/27739/13 saylı müqaviləyə əsasən, bank tərəfindən borc alana 12 ay müddətinə, illik 25% olmaqla, istehlak məqsədilə 2000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən kreditin ödənilməli olduğu son tarix 19 fevral 2014-cü il müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 ilə QSC “Bank Standard” KB arasında bağlanmış 19 fevral 2013-cü il tarixli, 1xx/xx/27739/13 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 19 fevral 2013-cü il tarixli, 1xx/xx/27739/13 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrası üçün kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. 19 fevral 2013-cü il tarixli,1xx/xx/27739/13 saylı kredit xətti müqaviləsinə 21 aprel 2014-cü il tarixli 01 saylı əlavə sazişə əsasən, kredit müqaviləsinə dəyişiklik edilmiş, kreditor tərəfindən borc alana 2220 manat məbləğində kredit verilmiş, kreditin ödənilməli olduğu son tarix “21 aprel 2015-ci il” müəyyən edilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Tərəflər arasında bağlanmış 21 aprel 2014-cü il tarixli müqavilə ilə kreditin icra müddəti kimi - 21 aprel 2015-ci il tarixi müəyyənləşdirilmiş, həmin tarixədək cavabdeh krediti ödəməmiş, həmin tarixdən də iddiaçı hüquqlarının pozulmasını bilmiş və həmin tarixdən 3 il ərzində cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olmuşdur. Lakin iddiaçı tərəfindən məhkəməyə kreditin icra müddəti bitdiyi gündən 8 il sonra məhkəməyə müraciət edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia rədd edildiyindən məhkəmə hesab edir, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 83,89 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 83,89 (səksən üç manat səksən doqquz qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-3237/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3237/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver