Məhkəmə qərarları › İş №e-2(004)-327/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-327/2022

10.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-327/2022 10.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın qaytarılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 717 manat məbləğində dəymiş zərərin əvəzinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 747 manat məbləğində pul vəsaitinin tututlaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07.06.2021-ci il tarixdə iddiaçı "xxxx" MMCnin işçiləri ünvan 1 ünvanında yerləşən yaşayış binasında istilik xətlərinin sökülməsi zamanı Cavabdeh əlində olan balta ilə işçilərin üzərinə gələrək elektrik kabellərini balta ilə kəsmiş, laqonda aparatını və digər kabelləri kəsmişdir. Bununla da cavabdeh iddiaçıya məxsus dəyəri 387 manat olan 1 ədəd laqonda aparatı, dəyəri 240 manat olan elektrik kabelini, dəyəri 40 manat olan uzadıcı başlığı və dəyəri 50 manat olan taxta ayaqaltını zədələyərək iddiaçıya ümumilikdə 717 manat məbləğində maddi ziyan vurmuşdur. Bu fakt Yasamal RPİ-nin 28-ci PB-nin 17.06.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi baradə qərarı ilə təsdiq olunmuşdur. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək bildirdi ki, cavabdeh tərəfindən "xxxx" MMC-yə məxsus avadanlıqlara maddi ziyan yetirilmişdir. Hadisə ilə bağlı Yasamal RPİ tərəfindən müvafiq araşdırmalar aparılmış, vurulan ziyanın məbləğinin 717 manat olması müəyyənləşdirilmişdir. Toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdehin əməlində inzibati xətanın mövcudluğu öz təsdiqini tapmış və cavabdehin fiziki şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Araz müəllimlə bağlı protokol tərtib olunub. Sadəcə onun məsuliyyətə cəlb olunması məhkəmə tərəfindən olmalıdır. Protokol məhkəməyə təqdim olunmayıb. Ancaq bu yaxınlarda təqdim olunacaq. Qanunvericiliyə uyğun olaraq zərərçəkmiş tərəf olaraq Cavabdeh mülki qaydada 717 manat məbləğində pulu tələb edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən etiraf edərək izahatında bildirdi ki, o, etiraf edir ki, deyilən saatda, deyilən vaxtda orada olub. "xxxx" MMC-nin əməkdaşılarını oradan uzaqlaşdırmağa da çalışmışdır. Ancaq onlar uzaqlaşmaq istəmirdilər. O da onların həyətdən götürdükləri ayaq altıları qırağa atıb. Ancaq heç bir zərər verməyib. Əlavə uzadıcı naqil orada olub. Başqa heç bir naqil olmayıb. O, orada 2-3 dəfə laqondanı yerə vurub. Ancaq sonra laqondanı yoxlayıb və işlək vəziyyətdə olduğu məlum olub. Uzadıcı naqili kəsib. Belə ki, hardasa 15-20 metr uzunluqda olardı və taxta ayaqaltını aşırdıb. O, orada elektrik naqilini kəsməyib və başqa heç bir əşyaya zərər vurmamışdır. Taxta ayaqaltı isə həyətin olub və ona heç bir ziyan dəyməyib. Bundan əlavə vurulan maddi ziyanın məbləğinin 717 manat müəyyən edilməsi zamanı polisin hansı sübutlara əsaslandığı ona məlum deyil. 26.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında bildirdi ki, o, "xxxx" MMC-nin əməkdaşıdır. Onların orada müəyyən işləri var idi. Səhər işçilər ora getdilər və təxminən 9-10 radələrində zəng elədilər ki, vətandaş Cavabdeh əlində balta ilə işçilərə hücum edir, onların işləməsinə imkan vermir. O da hadisə yerinə getdi və vətandaş əlində balta ilə orada idi. Hətta video görüntü də təqdim olunub. Orada hamısı görünür. Vətəndaş əlindəki balta ilə ustaların ayaq altısını dağıtdıb, işçiləri yerə yıxır. Sonra ordakı əmlaklara ziyan verir. Naqilləri kəsir və digər əşyalara ziyan vurur. Ondan sonra polisə müraciət edib. Polis əməkdaşları gəlib. O, Cavabdeh əlində balta ilə görüb. Çünki o, həmin dəqiqə hadisə yerində olub. Cavabdeh deyirdi ki, heç kəs burada iş görməyəcək. Yoxsa buraları yıxıb dağıdacaq. Əlində balta var idi heç kəs də qorxusundan yaxın getmirdi. Əlindəki balta ilə onların əmlakına ziyan vurub. Laqonda aparatını qırıb, naqilləri kəsib və taxta ayaq altıları qırmışdır. Laqonda aparatını naqilindən tutaraq 3-4 dəfə yerə vurub qırıb. Kəsdiyi naqil sənaye uzadıcı naqil idi. O, qalın olur və yüksək enerji tələb edən avadanlıqların işlədilməsi üçün istifadə edilir. 100-150 metr olardı uzunluğu. Onunda 1 metrinin qiyməti 2-3 manatdı. Elektrik naqili və uzadıcı naqil eyni şeydir. Laqonda orjinal “Bosch” firmasının olub və onunda qiyməti 300-400 manatdır. Onlar tikinti şirkətidir və həmin binanı onlar tikiblər. Həmin binadakı kommunikasiya xətləri, qaz, işıq transformator - hər şey onlara aiddir. Hətta binanın həyətinin çıxarışı, qeyri yaşayış yerlərinin çıxarışı, 1-ci mərtəbənin hamısının çıxarışı "xxxx" MMC-ə məxsusdur. Onlar orada mərkəzi istilik sistemlərinin boru xətlərini çıxardırdılar və onları götürüb başqa yerdə istifadə edəcəkdilər. Həmin xətlərdən artıq istifadə olunmurdu və ona görə də sökürdülər. 26.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında bildirdi ki, o, hadisə baş verən günü səs-küyə görə aşağı düşdü. Görmüşdür ki, binanın qaraj hissəsindən "xxxx" MMC-nin əməkdaşıları içəri girmək istəyirlər. Onlar binanın istilik sisteminin borularını söküb aparmaq istəyirdilər. Ancaq Araz müəllim də onlara boruları sökməsinə imkan vermirdi. O, bildirirdi ki, bu binanın istilik sistemidir və nə vaxtsa bərpa olunacaq. Ondan sonra aralarında anlaşılmamazlıq oldu. Araz müəllim əlində balta ilə qarajın girəcəyində yığılmış şəkildə olan uzadıcı naqili kəsdi. Laqondanı 2- 3 dəfə yerə atdı. Laqondanın sınmağını görmədi. Lakin laqondanın kəsmək üçün istifadə olunan daşı sındı. Əlavə olaraq ayaq altına aşırtdı. Lakin o möhkəm olduğu üçün qırılmadı. Laqondanın işləyib-işləmədiyini bilmədi. Ancaq bayırda ustalar yoxladılar işləyirdi. Sadəcə daşı sınmışdı. 26.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında bildirdi ki, o, “Mega City”-nin mühafizəçi işləyir. Hadisə baş verən günü o işdəydi. 4-5 nəfər qarajın qapısının ağzında dayanmışdılar ki, açılan kimi içəri girsinlər. Qarajın qapısı açılan kimi hamısı girdi içəri və əllərindəki avadanlıqları içəri daşıdılar. Laqondanı qoşub borunu kəsmək istəyən vaxt Araz müəllim girdi içəri. Aralarında mübahisə yaşandı. Gələnlər yan binadan boruları kəsmək üçün gəlmişdilər. Deyirdiklər ki, boru onlara məxsusdu. O biri başdan kəsiblər. İndi də gəliblər ki, bu başını kəsib aparsınlar. Ondan sonra Araz müəllimlə onlar arasında mübahisə oldu. Araz müəllim onların laqondasını 2-3 dəfə yerə vurdu. Sonra uzadıcı naqili kəsdi və ayaqaltını aşırtdı. Laqondanı onun butkasında yoxladılar və işlək vəziyyətdi idi. Lakin daşı sınmışdı. Ayaqaltını aşırtmışdı, amma sınmamışdı. Uzadıcı naqili kəsmişdi. Başqa heç bir naqili kəsməmişdi. İş materiallarında olan 17.06.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC-nin texniki nəzarətçisi X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. "xxxx" MMC-yə məxsus elektrik avadanlıqlarını zədələyərək inzibati xəta törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qəbul olunmuş qərarın surəti aidiyyatı əməkdaşa həvalə olunmuşdur. İş materiallarında olan Yasamal RPİ-nin 28-ci PB-nin 094-20851 nömrəli, 24.12.2021-ci il tarixli Yasamal Rayon Məhkəməsinə ünvanlanmış məktubundan müəyyən olunur ki, Cavabdeh barəsində AR İXM-nin 232.1-ci maddəsinə əsasən toplanmış material baxılması üçün aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26.01.2022-ci il tarixli, 3(004)-296/2022 saylı qərardadından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə ictaat aparılan şəxs Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan geri qaytarılmışdır. İş materiallarında olan Cavabdeh 10.02.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, iddianı qismən qəbul edir. Belə ki, 25 metrlik naqilin bazar qiyməti ilə metrəsi 2,5 manat olmaqla, 62,50 manat və 1 ədəd laqonda daşı 3 manat olmaqla, ümumilikdə 70 manata qədər ziyan vurmuşdur. Taxta ayaqaltıya heç bir ziyan dəyməmişdir. 70 manat miqdarında dəymiş ziyanı ödəməyə hazırdır. İş materiallarına əlavə olunmuş CD-yə baxış zamanı məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh balta ilə "xxxx" MMC-yə məxsus uzadıçı naqilə balta ilə zərbə endirmiş, sonuncuya məxsus laqondanı naqilindən tutaraq bir necə defə yerə vurmuşdur. Eyin zamanda taxta ayaqaltıya balta ilə zərbə endirərək onu aşırmışdır. Video görüntüyə baxış zamanı məhkəmə tərəfindən müəyyən edilir ki, taxta ayaqaltı heç bir zərər almamış və istifadəyə yararlıdır. Eyin zamanda müşahidə olunur ki, laqonda zərbədən qırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin və şahid ifadlərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" MMC-nin işçiləri arasında mübahisə yaranmış, mübahisə əsasında cavabdeh "xxxx" MMC-yə məxsus uzadıcı naqilə balta ilə bir necə dəfə zərbə endirərək naqili doğramış, sonuncuya məxsus laqondanı naqilindən tutaraq 2-3 dəfə yerə vurmuşdur. Şahid ifadələrindən və iş materiallarına əlavə olunmuş CD-dən müəyyən olmuşdur ki, zərbə nəticəsində laqonda sınmamış, yalnız laqondanın daşı yarasız hala düşmüşdür. Həmçinin iddiaçı tərəf laqondanın işlək olmaması ilə bağlı məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Eyni zamanda iddianın taxta ayaqaltıya dəymiş zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarındakı CD-dən aydın olunur ki, taxta ayaqaltı heç bir zərər almamış və istifadəyə yararlıdır. Məhkəmə onuda qeyd edir ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXMnin 232.1-ci maddəsinə əsasən tərtib olunmuş protokol Yasamal Rayon Məhkəməsinin 26.01.2022-ci il tarixli, 3(004)-296/2022 saylı qərarı ilə geri qaytarılmışdır. Bununla da cavabdehin Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsində əks olunan hüquqa zidd hərəkətlərin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın məbləği dəqiq müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməli, iddia tələbi cavabdehin etiraf etdiyi və iş materialları ilə təsdiqini tapmış hissədə təmin olunmalı, "xxxx" MMC-yə dəymiş zərər görə 70 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 70 (yetmiş) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar