Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3270/2024 03.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “X1” ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 1.700 manat əsas borcu, hesablanmış 70,46 manat faiz borcu olmaqla, cəmi 1.770,46 manat borcun və ödənilmiş 37,71 manat dövlət rüsumunun tutularaq “X1” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-in 284-4.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Belə ki, “AZEMİS”-dən əldə edilmiş elektron çıxarışdan müəyyən edilir ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş Cavabdeh iddia ərizəsinin xx.xx.2024-cü il tarixdə məhkəməyə verilməsindən əvvəl, yəni xx.xx.2023-cü il tarixdə ölmüşdür. Mülki Məcəllənin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Halbuki, Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Odur ki, insan öldükdən sonra fiziki şəxs hesab olunmur. Azərbaycan Respublikası MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Yəni, mülki prosesdə cavabdeh, fiziki şəxs olmalıdır, ölmüş şəxs cavabdeh hesab olunmadığından, ölmüş şəxsə qarşı verilmiş iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir. Cavabdeh iddia ərizəsi verilməmişdən əvvəl öldüyünə görə hazırkı iş üzrə prosessual hüquq varisliyinə yol verilmir. Belə ki, ölən şəxs sağlığında prosessual hüquqi statusa (iddiaçı, cavabdeh və sair) malik olduğu halda, prosessual hüquq varisliyi (prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi) mümkündür. İddia verilənə qədər şəxs ölmüşdürsə, o, prosessual hüquqi statusa malik olmur, ölmüş şəxsin malik olmadığı status isə başqa şəxsə keçə bilməz. MPM-in 58-ci maddəsinin mənası da bunu təsdiq edir. Ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyrimümkündür. Azərbaycan Respublikasının MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268, 284-4.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverilməzliyinə görə imtina edilsin. “X2” vasitəsilə xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 37,71 (otuz yeddi manat yetmiş bir qəpik) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən “X1” ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-3270/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3270/2024
03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver