Məhkəmə qərarları › İş №e-2(004)-3292/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3292/2024

28.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3292/2024 28.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “alimentin məbləğinin artırılması və əlavə xərclərə cəlb etmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş hər uşağa münasibət 170 manat olmaqla ümumilikdə 340 manat məbləğində alimentin artırılaraq hər uşağa münasibətdə 235 manat olmaqla ümumilikdə 470 manat sabit pul məbləğində alimentin, xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlunun xəstəliyi ilə bağlı əlavə olaraq 200 manat əlavə xərcin tutulması və mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlu sağlamlıq imkanları məhdud uşaqdır. Ona “serebral iflic” dioqnozu qoyulmuşdur (mülki işin mübahisəsiz halıdır). İş materiallarına xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlunun müvafiq xəstəliyi barədə tibbi sənədlər əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 2037/2020 saylı xx.xx.2020- ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlunun saxlanması üçün Cavabdeh hər uşağa münasibət 170 manat olmaqla ümumilikdə 340 manat məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləyir və aylıq əmək haqqı 500 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qərar qəbul edərkən uşaqların üstün mənafeyini əsas götürür. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Qanunvericiliyin tələbinə əsasən alimentin artırılması üçün yeni əsaslar yarandığından məhkəmə aliment məbləğinin artırılmasını, yəni hər uşağa münasibətdə 235 manat olmaqla ümumilikdə 470 manat sabit pul məbləğdə müəyyən edilməsini əsaslı hesab edir. Bundan əlavə, xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlunun saxlanılması üçün Cavabdeh hər ay 200 manat məbləğində əlavə xərcin tutulması hissəsində məhkəmə tələbin təmin edilməsini məqsədə müvafiq hesab etmir. Belə ki, müəyyən edilir ki, bu hal, həmçinin cavabdehin həddən artıq maliyyə yüklənməsinə səbəb olacaqdır. Lakin, məhkəmə hesab edir ki, uşağın xəstə olması xüsusatı (mülki işin mübahisəsiz halıdır) əsas götürülməklə və üstün mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə hər ay 50 (əlli) manat məbləğində əlavə xərcin tutulması qanuni və əsaslıdır. Hüquqdan sui-istifadə edilməsi yolverilməzdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, uşaqların xərclərini qarşılamaq bir hər iki valideynin borcudur, birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla müəyyən edilməmişdir. Cavabdeh qeyd edir ki, “iddiaçı təxminən 4 ildir ki, Rusiya Federasiyasında uşaqlarla birlikdə yaşayır. Həmin vaxtdan etibarən cavabdehin valideyn kimi övladları ilə ünsiyyəti iddiaçı və ailəsi tərəfindən tam məhdudlaşdırılmışdır. Uşaqlarla ünsiyyətə dair məhkəmə qətnaməsi möcud olsa da onun hər hansı əlaqə saxlamaq imkanı yoxdur. Ata kimi öhdəlik daşımağa hazır olsa da, övladları ilə ünsiyyət saxlamaqda xüsusi maraqlıdır”. Sözügedən arqumenti məhkəmə faktiki olaraq qəbul etsə də, bu xüsusat valideynin (ata) aliment öhdəliklərinin azaldılmasına və ya aradan qaldırılmasına əsas ola bilməz. Lakin, mülki hüquq münasibətlərin subyektləri tərəfindən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə və hakim yalnız qanuna tabedir və qanundan asılıdır. Məhkəmə qərarı isə qanuni və əsaslı olmalı, yalnız qanunvericiliyin həddləri daxilində ədalətli olmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləlikdə, ödənilmiş 60 (altmış) manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçı X3 ödənilməlidir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların mənafelərinin qorunması, xərclərinin minimum səviyyədə qarşılanması, layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2037/2020 saylı xx.xx.2020- ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş hər uşağa münasibət 170 manat olmaqla ümumilikdə 340 manat məbləğində aliment artırılmalı, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa münasibətdə 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 )dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment, xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlunun xəstəliyi ilə bağlı əlavə olaraq hər ay 50 (əlli) manat əlavə xərc və mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğində pulun cavabdeh X4 tutularaq iddiaçı X5 xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı X1 Cavabdeh qarşı “alimentin məbləğinin artırılması və əlavə xərclərə cəlb etmə” tələbinə dair iddiası qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2037/2020 saylı xx.xx.2020- ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş hər uşağa münasibət 170 manat olmaqla ümumilikdə 340 manat məbləğində aliment artırılsın. xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa münasibətdə 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment, xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlunun xəstəliyi ilə bağlı əlavə olaraq hər ay 50 (əlli) manat əlavə xərc və mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğində pul cavabdeh X4 tutularaq iddiaçı X5 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar