Məhkəmə qərarları › İş №e-2(004)-3294/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3294/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3294/2023 27.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və gecikdirilmiş vaxt üçün hesablanmış faizlərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və gecikdirilmiş vaxt üçün hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC və Cavabdeh2 müştərək qaydada xx.xx.2011-ci il tarixli AK-909 nömrəli kredit müqaviləsi üzrə yaranmış 29.349,91 manat əsas borc, hesablanmış 23.989,21 manat faiz borcu, 1.881,42 manat cərimə, müqavilənin müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 558,96 manat faiz borcu və ödənilmiş 257,34 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh2 139 ay müddətinə illik 12% ödəmək şərti ilə 31.310,53 manat kredit vermişdir. İddiaçı ASC ilə "xxxx" ASC arasında xx.xx.2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Birgə fəaliyyət haqqında müqavilənin 2.12-ci maddəsində qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 (iyirmi) iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər “Bank”a ödənilənə qədər qüvvədədir. Borcalan üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı ASC-yə müqaviləsi üzrə 29.349,91 manat əsas borcu, hesablanmış 23.989,21 manat faiz borcu, 1.881,42 manat cərimə borcu, müqavilənin müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 558,96 manat faiz borcu yaranmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə şifahi və yazılı xəbərdarlıq edilsə də, borc ödənilməmişdir. xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 zamin durmasına dair İddiaçı ASC ilə "xxxx" ASC arasında ayrıca zaminlik müqaviləsi bağlanmamışdır. Hesab edir ki, xx.xx.2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilənin 2.12ci bəndinə əsasən "xxxx" ASC borcalan Cavabdeh2 borcunun qaytarılması üçün əvvəlcədən zamin durmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı ASC ilə "xxxx" ASC arasında xx.xx.2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci maddəsinə əsasən "xxxx" ASC mənzil almaq istəyən və ya almış alıcını İddiaçı ASC-yə göndərir və Bank ən geci 5 iş günü müddətində kreditin verilməsi üçün tələb olunan sənədləri yoxlayır. Həmin sənədlər tam və düzgün olduğu halda Bank öz mülahhizəsinə əsasən alıcı ilə kredit müqaviləsi bağlaya bilər. Yəni, xx.xx.2010-cu il tarixli müqavilənin tələbinə əsasən "xxxx" ASC mənzil alan şəxsi yazılı göndəriş əsasında kredit almaq üçün Banka göndərməli, Bank alıcıya kredit verməyə razı olduğu halda, bankla alıcı arasında kredit müqaviləsi bağlanmalı və bank, şirkət və alıcı arasında isə birgə fəaliyyət haqqında müqavilənin 2.12-ci maddəsində göstərilən öhdəliyin rəsmiləşdirilməsi üçün ayrıca zaminlik müqaviləsi bağlanmalıdır. Bundan sonra "xxxx" ASC verilmiş borcun ödənilməsi üçün zamin kimi məsuliyyət daşıya bilər. Hazırkı iş üzrə xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 verilmiş borcun ödənilməsi üçün "xxxx" ASC zamin durmamış və ona kredit verilməsi üçün banka məktub göndərməmişdir. Digər bir şəxslə bağlanmış xx.xx.2010-cu il tarixli zaminlik müqaviləsini nümunə üçün məhkəməyə təqdim edir və bu halın olması zaminlik müqaviləsinin mütləq qaydada ayrıca bağlanmalı olmasını təsdiq edir. Mülki Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasındla zaminlik müqaviləsi mövcud olmadığına görə "xxxx" ASC-dən borcun ödənilməsi tələb edilə bilməz. Bu səbəbdən "xxxx" ASC-yə qarşı olan iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı haqqında məhkəmə bildirişi göndərilmişdir. Lakin qeydiyyatda olduğu ünvanda yaşamadığına görə bildirişi ona təqdim etmək mümkün olmamışdır. Bu barədə AZ1009 nömrəli Poçt şöbəsi tərəfinddən müvafiq qeyd yazılmaqla bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2011-ci il tarixli AK-909 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu Y.Əliyev küçəsi 1 saylı bina, 1-ci blok, ümumi sahəsi 82,10 kv.m olan 151 saylı mənzilin alınması üçün 139 ay müddətinə illik 12% ödəmək şərti ilə 31.310,53 manat kredit vermişdir. Müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh2 müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2023-cü il tarixli **********630 nömrəli maliyyə arayışında göstərilmişdir ki, borclu Cavabdeh2 xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan əsas borcu 29.349,91 manat, müqavilə müddətinə (xx.xx.2011-xx.xx.2023) hesablanmış faiz borcu 23.989,21 manat, dəbbə pulu 1.881,42 manat, müqavilənin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq 5%-lə hesablanmış 558,96 manat faiz borcu olmaqla, cəmi 55.779,50 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə tənasübsüz surətdə hesablanmış yüksək 1.881,42 manat dəbbə pulu azaldılaraq 200 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc yalnız borcalan Cavabdeh2 tutulmalıdır. İddiaçı ASC ilə "xxxx" ASC və Cavabdeh2 arasında yazılı formada zaminlik müqaviləsi bağlanmamışdır. "xxxx" ASC zamin olmadığı üçün borcalan Cavabdeh2 bank qarşısındakı öhdəliklərinin icrası üçün heç bir məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Mülki Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilə zaminlik müqaviləsi hesab edilə bilməz. Çünki, həmin müqavilə tərəflərin birgə fəaliyyət göstərmələrinin ümumi şərtlərini özündə əks etdirir. xx.xx.2010-cu il tarixli müqavilənin 2.1, 2.12-ci bəndlərinin tələbinə əməl etməklə İddiaçı ASC "xxxx" ASC-nin göndərdiyi alıcıya öz mülahizəsinə uyğun olaraq kredit verdiyi təqdirdə, İddiaçı ASC ilə "xxxx" ASC və borcalan arasında ayrıca yazılı formada zaminlik müqaviləsi bağlandığı zaman "xxxx" ASC zamin kimi özdəlik daşıya bilərdi. Hazırkı halda zaminlik müqaviləsi mövcud deyildir və "xxxx" ASC-nin Cavabdeh2 kredit verilməsi üçün İddiaçı ASC-yə yazılı müraciət olmamışdır. Bu səbəblərdən iddia tələbi "xxxx" ASC-yə qarşı olan hissəsində təmin edilə bilməz. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 29.349,91 manat əsas borc, müqavilənin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə hesablanmış 23.989,21 manat faiz borcu, 200 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmış 558,96 manat faiz borcu, ödənilmiş 257,34 manat dövlət rüsumu olmaqla, cəmi 54.355,42 manat pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi Cavabdeh2 1.681,42 manat cərimə tutulması hissəsində rədd edilməlidir. İddia tələbi - cavabdeh "xxxx" ASC-yə qarşı olan hissədə tam rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2011-ci il tarixli AK-909 nömrəli kredit müqaviləsi üzrə yaranmış 29.349,91 manat əsas borc, müqavilənin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə hesablanmış 23.989,21 manat faiz borcu, 200 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmış 558,96 manat faiz borcu, ödənilmiş 257,34 manat dövlət rüsumu olmaqla, cəmi 54.355,42 (əlli dörd min üç yüz əlli beş manat qırx iki qəpik) manat pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh2 1.681,42 manat cərimə tutulması hissəsində rədd edilsin. İddia tələbi - cavabdeh "xxxx" ASC-yə qarşı olan hissədə tam rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar