Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3303/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: əsassız varlanma, pulun tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CP0006053 nömrəli kredit müqaviləsinə əsasən bank müştəriyə kart hesabının açılması, ödəniş kartının təqdim edilməsi və ödəniş kartının dövriyyəyə buraxılmasını, müştəri isə plastik kartdan istifadə ilə bağlı yaranan borcu və xidmət haqlarını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7.3-cü bəndinə əsasən müştəri bu Müqaviləni imzalamaqla ABB-nin rəsmi internet səhifəsində (https://abbbank.az/muqavile) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlərlə (bundan sonra - Standart Şərtlər), Tam Kart bölməsinin Tam Kartın debet hissəsinə şamil edilən müvafiq müddəalarla tanış olduğunu, habelə ona məxsus məlumatların Standart Şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyi təsdiq edir. Standart Şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir.
2. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, Cavabdeh hüquqi əsas olmadan hesabdan çıxarış etmiş, əsassız varlanmaya səbəb olan məbləğ cəmi 330,84 manat təşkil etmişdir.
3. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən cavabdehin iddiaçıya 330,84 manat borcu vardır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehə qeyd olunan vəsaiti 5 iş günü ərzində banka geri ödəməyi tələb etmiş və əks təqdirdə borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
4. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 330,84 manat borcu və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CP0006053 nömrəli Tam kart müqaviləsinə əsasən Bank tərəfindən müştəri üçün ikitərəfli ödəniş kartı buraxılmış, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmışdır. Həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin Müqavilənin 7.3-cü bəndinə əsasən müştəri bu Müqaviləni imzalamaqla ABB-nin rəsmi internet səhifəsində (https://abbbank.az/muqavile) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə (bundan sonra - Standart Şərtlər), Tam Kart bölməsinin Tam Kartın debet hissəsinə şamil edilən müvafiq müddəalarla tanış olduğunu, habelə ona məxsus məlumatların standart şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyi təsdiq edir. Standart şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. Kart mərkəzi filialının müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 1001,77 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan da göründüyü kimi müştəri xx.xx.2024cü il tarixində hesabında 171,26 manat olmasına baxmayaraq, 885,29 manat və 4,83 manat məxaric edərək hesabından 885,29 manat və 4,83 manat artıq istifadə etmişdir. Daha sonra hesabdan çıxarışdan da göründüyü kimi xx.xx.2024-cü il tarixində hesabından artıq 19,25 manat, 53,50 manat, 5,40 manat və 28 manat məxaric etmişdir. Müştəri xx.xx.2024-cü il tarixində isə hesabından artıq 5,50 manat məxaric etmişdir. Yekun olaraq, hesabından artıq 1001,77 manat məbləğində vəsaitin məxaric edilməsinə nail omuşdur. Hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün müxtəlif tarixlərdə borcdan 687,80 manat ödəniş edilmişdir. Hesab hazırda 313,97 manat mənfidə qalmışdır. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 16,87 manat borcu mövcuddur. Bankın Əcəmi filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün qalıq borc üzrə 330,84 manat borcu olmuşdur.
b) iddiaya etiraz
6. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmə baxışının hədləri
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi
11. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması ilə bağlı öhdəliyi pozaraq, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
12. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
13. Beləliklə, işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh bank tərəfindən təqdim edilmiş plastik kartdan hüquqi əsası olmadan müəyyən məbləği məxaric etmiş və yaranmış borcu (overdraft) ödəməyərək öhdəliyini lazımınca icra etməmişdir.
14. Odur ki, iddiaçının tələb etdiyi 330,84 manat overdraft borcu cavabdehdən tutulmalıdır.
15. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. 330,84 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat olmaqla, ümumilikdə 361,24 manat pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə