Məhkəmə qərarları › İş №e-2(004)-3356/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3356/2025

13.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3356/2025 13.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə3 və Nümayəndə4, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X10 nümayəndəsi Nümayəndə5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X14 və Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb edilməklə “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X14 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3583.71 manat məbləğində pulun və ödənilmiş 56.00 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan və etibarnamə əsasında X9 tərəfindən idarə edilən Ford tranzit markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla "xxxx" İş mərkəzinə məxsus və həmin idarənin əməkdaşı X7 tərəfindən yol vərəqəsi ilə idarə edilən “Khazar Peugeot” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2024-cü il tarixdə, Lənkəran şəhəri ərazisində toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Lənkəran ŞRPŞ-nin TB-də aparılmış əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, X7 08 oktyabr 2024-cü il tarixdə saat 09 radələrində idarə etdiyi “Khazar Peugeot” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət etdiyi Lənkəran şəhəri, Hacı Nəsir küçəsinin Koroğlu küçəsi ilə kəsişdiyi yol ayrıcına daxil olarkən «Yol hərəkəti haqqında » qanununun 63-cü maddəsinin 1-ci tələblərinə uyğun olaraq “Yol verin” üstünlük yol nişanın tələbinə uyğun olaraq dayanıb, Koroğlu küçəsi ilə hərəkət edən avtomobil ötüb keçdiyi təqdirdə hərəkətinə davam etməli olduğu halda bunu etməyərək yol ayrıcına daxil olmuş və nəticədə idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə həmin vaxt sağ tərəfdən Koroğlu küçəsi ilə hərəkət edərək yol ayrıcına daxil olan X4 idarə etdiyi “Ford Transit” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfi arasında toqquşma baş vermiş, toqquşmanın təsirindən həmin avtomobil yolun kənarına doğru hərəkət edib qabaq tərəfi Lənkəran Şəhər İşıqlandırma Müəssisəsinin balansında olan paylayıcı qutuya çırpılmışdır. Nəticədə, Lənkəran Şəhər İşıqlandırma Müəssisəsinə 590 manat maddi zərər vurulmasına və eləcə də, Qabil Əbdülovun idarə etdiyi İddiaçı, yəni ona məxsus “Ford Transit” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8456 (səkkiz min dörd yüz əlli altı) manat maddi zərər vurulmasına səbəb olmuşdur. Aparılmış araşdırma zamanı X7 və X4 əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi yaranmadığından cinayət işinin başlanması rədd edilmiş və X7 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Bakı Ekspertiza Mərkəzi tərəfindən mülkiyyətində olan Ford transit markalı, **-LZ-*** markalı avtomobilə 8250 manat zərər dəyməsi müəyyən olunmuşdur. Hazırda həmin zərərin 4666.29 manatı Paşa Sığorta tərəfindən ona ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göstərilənləri nəzərə alaraq, dəymiş ziyanın 3583.71 manat məbləğində qalıq hissəsinin X2 yol vərəqi ilə idarə etdiyi “Khazar Peugeot” markalı, **-PX- *** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi "xxxx" İş Mərkəzi MMC tərəfindən ona ödənilməsi təmin olunmalıdır. İddianın əsasını iş materiallarına əlavə etdiyi Lənkəran ŞRPŞ-nin qərarı, BEM-nin ekspert rəyi, Paşa Sığorta tərəfindən verilən sığorta aktı və icra haqqında bank qeydi ilə sübut edir. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” Publik hüquqi şəxs və Cavabdehnə qarşı 3583.71 manat məbləğində maddi ziyanın və 56 manat dövlət rüsumunun ödənilməsinə dair iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" Publik hüquqi şəxs və Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə cavabdehlərdən 3583.71 manat məbləğində pulun və ödənilmiş 56.00 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin Dostu” proqramına başlanılmışdır. Həmin proqram Cavabdeh MMC tərəfindən icra olunur və halhazırda 30 mindən artıq şəxs Mərkəz ilə əmək münasibətlərindədir. İddia tələbi üzrə hesab edirlər ki, İddiaçı iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, İddiaçı mülkiyyətində olan və etibarnamə əsasında X9 tərəfindən idarə edilən “Ford Tranzit” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-nə (bundan sonra - Mərkəz) məxsus və Mərkəzin əməkdaşı X7 tərəfindən yol vərəqəsi ilə idarə edilən “Khazar Peugeot” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2024-cü il tarixində Lənkəran şəhəri ərazisində toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Lənkəran ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Vurğun Məmmədov tərəfindən araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq xx.xx.2024-cü il tarixində “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və hadisə zamanı “Ford Tranzit” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyi əsasında dəymiş ziyanın məbləği 3615 manat müəyyən edilmişdir. Dəymiş ziyanın məbləğindən narazı qalan İddiaçı Lənkəran rayon prokurorluğuna müraciəti əsasında xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar Lənkəran rayon prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən 28 yanvar 2025-ci il tarixində ləğv edilərək yenidən araşdırılması üçün Lənkəran ŞRPŞ-nin Təhqiqat Bölməsinə göndərilmişdir. Əlavə araşdırmanın nəticəsi olaraq Lənkəran Şəhər Rayon X8 bölməsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən 09 fevral 2025-ci il tarixində “cinayət işi başlanmasının rədd edilməsi haqqında" qərar qəbul etmiş və qərarda "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən yol-nəqliyyat hadisəsi zamanı “Ford Tranzit” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın məbləği 8456 manat müəyyən edilmişdir. Həmin qərarla dəymiş ziyanın məbləği formal olaraq artırıldığından Mərkəz tərəfindən Lənkəran Şəhər Rayon X8 bölməsinin təhqiqatçısı, polis kapitanı X1 09 fevral 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından Lənkəran Rayon Məhkəməsinə şikayət verilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin müraciəti əsasında “Bakı Ekspertiza Mərkəzi”-nin PS0008/25 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyində də yol-nəqliyyat hadisəsi zamanı “Ford Tranzit” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın məbləği formal olaraq 8250 manat qeyd edilmişdir. Yuxarıda qeyd edilmiş rəylərdə yol-nəqliyyat hadisəsi zamanı “Ford Tranzit” markalı, **- LZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın məbləği və əzilib yarasız hala düşmüş hissələri barədə qeyd edilənlər arasında ziddiyyətlər vardır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, hazırkı iddianın verilməsi üçün əsas olmuş Lənkəran Şəhər Rayon X8 bölməsinin təhqiqatçısı, polis kapitanı X1 09 fevral 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı və yol-nəqliyyat hadisəsi zamanı “Ford Tranzit” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün təyin edilimiş mütəxəssis və ekspert rəyləri mötəbər sübut kimi qəbul edilə bilməz. Yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edirik ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” Publik hüquqi şəxs və Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Daha sonra İddiaçı məhkəməyə ərizə verərək, cavabdehlər “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X14 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə3 və Nümayəndə4 iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnaməyə əsasən İddiaçı mülkiyyətinə olan “Ford Tranzit” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X6 idarə etmək üçün etibarnamə vermişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən “Ford Tranzit” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ümumi ziyan 3615 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən “Ford Tranzit” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ümumi ziyan 8456 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli sığorta aktına əsasən sığortalı Cavabdeh MMC-nin mülkiyyətində olan “Khazar Peugeot” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 5000 manat sığorta məbləği müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli baş vermiş hadisəyə görə 8250 manat zərər məbləğinin 4666.29 manat məbləğində sığorta ödənişi mütənasib qaydada zərərçəkənin şəxs hesabına köçürülür. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən 4666.29 (dörd min altı yüz altmış altı manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı hesabına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası “Bakı Ekspertiza Mərkəzi”-nin xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən “Ford Tranzit” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələri üçün 6550 manat və görülən işlər üçün 1700 manat, cəmi çəkiləcək xərc 8250 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi baərdə qərarın ləğv olunması haqqında” qərarına əsasən Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoıu Vurğun Məmmədov tərəfindən araşdırılması aparılmış HK-1/2995 nömrəli material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqında xx.xx.2024-cü il tarixli qərar əsassız olduğu üçün ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən X7 və X4 əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi yaranmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, 30 noyabr 2024-cü il tairxli rəydən görünür ki, baş vermiş avtoqəza nəticəsində “Ford Tranzit” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına cəmi 8456 (səkkiz min dörd yüz əlli altı) manat ziyan dəymişdir. Həmin qərardan Cavabdeh MMC şikayət verərək, Lənkəran Şəhər Rayon X8 bölməsinin təhqiqatçısı, polis kapitanı X1 09 fevral 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 6(049)-20/2025 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzinin şikayəti təmin edilərək, Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 HK-1-2995 nömrəli yoxlama materialı üzrə qəbul etdiyi 09 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz olduğu üçün ləğv olunması, yoxlama materialı üzrə əlavə araşdırma aparılması, işin həqiqi hallarının müəyyən edilib, onlara məcmu şəklində hüquqi qiymət verilib müvafiq qərar qəbul edilməsi üçün qanuni tədbirlərin görülməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən 1. X7 və X4 əməlində Azərbaycan Respublikası CMnin 263-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi yaranmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi; 2. Bakı Ekspertiza Mərkəzinin əmtəəşünaslıq ekspertizası növündə xx.xx.2025-ci il tarixli, PS0008\25 nömrəli ekspert rəyi əsas götürülməsi və “Ford” markalı, “99-LZ- 505” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həmin rəy əsasında 8250 (səkkiz min iki yüz əlli) manat müəyyən olunması mülki mübahisə zamanı məhkəmədə nəzərə alınması qərara alınmışdır. Həmin qərardan Cavabdeh MMC şikayət verərək, Lənkəran Şəhər Rayon X8 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 29 avqust 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı mülkiyyətində olan və etibarnamə əsasında X9 tərəfindən idarə edilən “Ford tranzit” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh MMC-nin mülkiyyətində olan və həmin MMC-nin əməkdaşı X7 tərəfindən idarə edilən “Khazar Peugeot” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi arasında Lənkəran şəhəri ərazisində xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Tranzit” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 8250 manat məbləğində ziyan dəymiş, həmin zərərin 4666.29 manatı Paşa Sığorta tərəfindən ona ödənilmişdir. Hazırda İddiaçı qalan 3583.71 manat məbləğində pulun və ödənilmiş 56 manat dövlət rüsumunun cavbadehdən tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. İş materiallarına əsasən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsi ilə bağlı Lənkəran ŞRPŞ-nin Təhqiqat Bölməsində araşdırılma başlanılmış, ilkin olaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş, həmin qərarda xx.xx.2024-cü il tarixli rəyə əsasən “Ford tranzit” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 3615 manat məbləğində göstərilmiş, həmin qərardan İddiaçı narazı qaldığı üçün Lənkəran rayon prokurorluğuna müraciət etmiş, xx.xx.2024-cü il tarixli qərar əsassız olduğuna görə ləğv edilmiş və əlavə araşdırılma aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin Təhqiqat Bölməsinə qaytarılmışdır. Daha sonra xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, həmin qərarda xx.xx.2024-cü il tarixli ekspertiza rəyi ilə “Ford tranzit” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 8456 manat məbləğində müəyyən edilmiş, həmin qərardan Cavabdeh MMC 23 may 2025-ci il tarixdə məhkəməyə şikayət vermiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 6(049)-20/2025 nömrəli qərarı ilə 09 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz olduğu üçün ləğv olunmuşdur. Daha sonra xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, həmin qərarla Bakı Ekspertiza Mərkəzinin əmtəəşünaslıq ekspertizası növündə xx.xx.2025-ci il tarixli, PS0008\25 nömrəli ekspert rəyinin əsas götürülməsi və “Ford” markalı, “**-LZ-***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həmin rəy əsasında 8250 (səkkiz min iki yüz əlli) manat müəyyən olunması mülki mübahisə zamanı məhkəmədə nəzərə alınması qərara alınmışdır. Bundan sonra, "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli sığorta aktına əsasən xx.xx.2024-cü il tarixli baş vermiş hadisəyə görə “Ford” markalı, “**-LZ-***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4666.29 manat məbləğində sığorta ödənişi xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan avtomobilə dəymiş ümumi zərər məbləğindən ödənilmiş sığorta məbləği çıxıldıqda, iddiaçının ödənilməmiş zərəri 3583.71 manat (8250 manat – 4666.29 manat = 3583.71 manat) təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən İddiaçı məxsus “Ford tranzit” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərə görə 3583.71 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddiaçının ödənilmiş 56 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə məhkəməyə ödənilmiş 56 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən İddiaçı məxsus “Ford tranzit” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərə görə 3583.71 (üç min beş yüz səksən üç manat yetmiş bir qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 56 (əlli altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar