Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3392/2025 12.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı “kredit müqaviləsinə xitam verilməsi və mənzilin ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı “kredit müqaviləsinə xitam verilməsi və mənzilin ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 4129/2023 saylı kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduğundan qeyd olunan müqaviləyə xitam verilməsi; tərəfindən 4129/2023 saylı kredit müqaviləsi üzrə ödənilmiş məbləğlərin tanınması; ünvan 1 ünvanında yerləşən 111 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi; ipoteka müqaviləsinin ləğv edilməsi öhdəliyinin “X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması; o cümlədən, hüquqi yardım üçün vəkillə bağlanmış müqaviləyə ödənilmiş 320,00 (üç yüz iyirmi manat 00 qəpik) manat məbləğində pul vəsaitinin və 5.100,00 manat ödənilmiş dövlət rüsumunun əvəzinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 fevral 2023-cü il tarixdə şəxsi ehtiyacı olduğundan öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 111 nömrəli, bir otaqdan ibarət olan mənzilini “X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə girov qoymaqla ordan 34.000 (otuz dörd min) manat pul vəsaiti götürmüşdür. "xxxx" MMC-də ona bir neçə müqavilə imzalatdırdılar və müqavilədə 34000 manat pul vəsaitinin ayrılması qeyd olunmasına baxmayaraq ona nağd şəkildə ümumilikdə 29410 manat pul verdilər. "xxxx" MMC-nin əməkdaşları tərəfindən ona məxsus mənzilin 78000 manat dəyərində olmasını qiymətləndirdilər. Buna etiraz edib, mənzilin real bazar qiymətinin daha çox olduğunu bildirdikdə isə pulu verməyəcəklərini qeyd etdilər. Təcili pula ehtiyacı olduğundan buna məcbur qaldı. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə aralarında 2023/4129 saylı kredit müqaviləsi imzalandı. Müqavilə 36 ay müddətinə imzalandı. Müqavilənin bitmə tarixi 23 fevral 2026-cı ildir. Bir daha qeyd etmişdir ki, təcili pula ehtiyacı olduğundan o, müqaviləni oxumadan imzalamış və ona təqdim olunmuş qrafik-cədvəl üzrə ödənişlərini həyata keçirməyə başlamışdır. Qeyd etmişdir ki, cədvəl üzrə aylıq ödəniş 1480,85 (bir min dörd yüz səksən manat səksən beş qəpik) manat olmasına baxmayaraq, tərəfindən aylıq nəzərdə tutulan ödənişdən artıq məbləğlərdə ödənişlər həyata keçrilmişdir. Lakin, müəyyən üzrlü səbəblər ucbatından yəni, işlədiyi "xxxx" MMC-dən işdən ayrılmaq məcburiyyətində qaldı. Bundan sonra işdən çıxdığı üçün ödəniş cədvəlində gecikmələr oldu. O, həm telefon vasitəsi ilə həm də ərizə ilə "xxxx" MMC-yə və onun əməkdaşları “Xeyrulla” və “Anar” adlı müəllimlərlə danışaraq, ərizə yazaraq, qeyd olunan halın üzürlü səbəbdən baş verdiyini, nəzərə almalarını, faizlərin dayandırılmasını, ona möhlət verilməsini, valideyninin başqa daşınmaz əmlakının olduğunu, onu satışa çıxardığını satılarkən borcun ödəniləcəyini bildirdi. Onlar isə ona rəsmi heç bir cavab vermədən, sadəcə telefonla “tələsin sizin iş artıq məhkəməyə veriləcək” deməklə, ona ödənişlərdən guya qərəzli yayındığı halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq məktubu göndərdilər. Dəfələrlə möhlət verilməsi barədə ərizələr yazmağına baxmayaraq, ona heç bir güzəşt etmədilər. Yalnız o, atasına məxsus olan torpaq sahəsini sataraq, 16.000 manat pul vəsaitini xx.xx.2024-cü il tarixdə ödədiyi gün, adında olan 9800 manat dəbbə borcunu guya sildilər. Bu barədə hər hansı sənəd tələb etdikdə isə ona heç bir sənəd vermədilər. Aylıq ödənişlərində gecikmə baş versə də, buna baxmayaraq tərəfindən gecikmə ilə də olsa "xxxx" MMC-nin müqavilə üzrə olan ödənişlərini yerinə yetirirdi. xx.xx.2024-cü il tarixdə tərəfindən 16.000 (on altı min manat) manat pul vəsaiti "xxxx" MMC-nin xeyrinə ödəmişdir. Ona təşkilatın əməkdaşı “Xeyrulla” adlı şəxs bildirdi ki, “siz 3 aylıq ödənişi öncədən ödədiyiniz üçün növbəti ödənişi 2025-ci ilin yanvar ayında gələrək, 2025-ci ilin fevral ayının ödənişini artıq 1480,85 manat deyil, faiz çıxılaraq cəmi 1052 manat ödəniş edəcəksiniz. Yəni cədvəl üzrə qabaqlamaya düşdüyünə görə aylıq 429 manat faiz ödəməyəcəksiniz. Eyni qayda ilə aprel ayının ödənişini də fevral ayında gələrək, 1052 manat ödəməklə yenə də qabaqlama ilə ödəyəcəyini dedi. O, isə cavabında ona mart ayında müqavilə üzrə ümumi borcu tam bağlayacağına söz verdi. Bunun qarşılığında Xeyrulla müəllim 16.000 manatı ödədiyi gün atası Əliyev Nazim və qardaşı oğlu Nihat Əliyevin yanında izah verərək, onları düşmüş olduğu vəziyətə çox rahatlaşdırdı və dedi ki, qabaqlamaya düşdüyünə görə indidən sonra ödədiyi ödənişlər əsas borcdan silinəcək. Ondan neçə manat borc qaldığını soruşduqda bildiridi ki, 14086 manat borcu qalır. “Xeyrulla” müəllim dedi ki, əgər o, mart ayında tam bağlayacaqsa iki ayı qabaqcadan ödəniş etsin. Belə ki, yanvar ayında fevral ayını qabaqlama ilə - 1052 manat, aprel ayının ödənişini də fevral ayında -1052 manat ödəyin, yerdə qalan cədvəl üzrə faiz borcu (429 manat) çıxılacaqdır. Onlar da nəzərdə tutdular ki, 14.086 manatdan 1052 manat olmaqla iki ay ödəyib, mart ayında isə yerdə qalan müqavilə üzrə tam borcu tam şəkildə bağlayacaq. Ona deyilmiş tarixdə 2025 yanvar ayının 21-də ödəniş etmək üçün "xxxx" MMC-nə yaxınlaşdı. Ona deyilmiş məbləğ 1052 manat deyilməsinə baxmayaraq, o, 1200 manatla yaxınlaşmışdı ki, borcundan silinsin, üzərində olan yük azalsın. Onu bu dəfə “Anar” adlı müəllim qarşladı. Lakin “Anar” adlı müəllim dedi ki, “bunu sizə kim deyibsə səhvdir, elə qayda yoxdur, qabaqlama deyilən bir şey yoxdur”. Bildirdi ki, bunu ona onların əməkdaşı deyib. Həmin vaxtı Xeyrulla müəllim də gəldi və çox çaşqın bir vəziyyətdə idi. O, başa düşdü ki, Xeyrulla müəllim hardasa səhv edibdir. Çünki həmin vaxtı orda hər kəs nə isə axtarırdı. Anar müəllim dedi ki, onun yerdə qalmış 14.086 manata 2024-cü ilin oktyabr ayından 2025-ci ilin fevral ayına kimi öncədən ödəniş etsəniz belə günə-gün (öncədən ödədiyi halda) faiz hesablanıb (ümumilikdə 1200 manat). O, isə buna etiraz etmiş və ərizə ilə müraciət etmişdir ki, bunu ona sübut etsinlər ki, necə hesablanıb və düsturu təqdim etsinlər. Belə olan halda onu "xxxx" MMC-nin sədri Rəşad müəllimlə görüşdürdülər. Rəşad müəllim öz səhvlərini ört basdır etməyə çalışdı və işçilərə hansısa tapşırıqlar verdi ki, “Mərkəzi Banka zəng edib, ləğv edin və yenidən balansa otuzdurun”, o isə bilmədi onlar nəyi etdilər. Bu barədə onda səs yazısı da var. Təqdim edə bilər. Bu barədə vəkilə yaxınlaşıb məsləhət aldı və vəkil ona ödənişlərini davam etdirməyini məsləhət gördü. Bundan sonra o da 1200 manat ödənişi etdi. Lakin "xxxx" MMC yenə də onun etdiyi ödənişin hamısını əsas borcdan deyil, aylıq ödənişdən deyil birbaşa olaraq 2024-cü ilin oktyabr ayından 2025-ci ilin fevral ayına ödənilmiş məbləğin faizə çıxıblar. Bundan sonra yenə ödədiyi 1200 manat puldan 336 manatını yenə günə-gün faizə hesabladılar. Sonra yenə 1330 manat ödəniş etmiş, yenə də günə-gün faizə hesabladılar. Bü günkü gün 14086 manat olan borc azalmaq əvəzinə o, ödənişi tam etmək istəsə də (halbu ki müqavilənin müddəti fevral 2026-da bitir və o, öncədən ödəniş edib borcu tam bağlamaq istəyir) ona, real olmayan rəqəmlər təqdim etdilər. O, isə şişirdilmiş məbləğlə razılaşmadı və bu barədə məhkəməyə müraciət edəcəyini bildirdi. xx.xx.2023-cü ildə cavabdehlə arasında bağlanmış 4129/2023 saylı kredit müqaviləsi üzrə 2025-ci ilin mart ayına kimi tərəfindən faktiki olaraq ümumilikdə 73.805 (yetmiş üz min səkkiz yüz beş manat) manat (bu məbləğə kreditin əsas məbləği - 34.000 manat da daxildir) məbləğində ödəniş edilmişdir. Tərəfindən dəfələrlə kredit təşkilatına şifahi və yazılı müraciət etməyinə, müvafiq arayışın qalıq borc məbləğ barədə məlumatların təqdim edilməsi xahişlərinə baxmayaraq, kredit təşkilatı tərəfindən müxtəlif bəhanələrlə ona arayış təqdim edilməmişdir. Həmçinin tərəfindən öncədən ödənilmiş 3 aylıq kredit ödənişinin hansı üsulla hesablanması, öncədən ödəmə olduğu təqdirdə həmin aylara niyə fazilərin də hesablanaraq çıxılması, eyni zamanda öncədən ödəmə edilən məbləğlərin hansı əsaslarla faiz hesabına köçürülməsinin açıqlanması tələb edilsə də "xxxx" MMC buna əhəmiyyət verməmiş və hazırki vaxtadək müraciətini cavablandırmamışdır. Aşağıda qeyd olunanlara əsasən "xxxx" MMC-nin qeyd olunan müqaviləsi üzrə tələblə razı deyil. Belə ki, müqavilədə illik faiz 32% (faiz) göstərilib, ancaq faktiki illik faiz 43.80 % (faiz) olaraq qeyd olunub. (müqavilə 1.6-cı bənd). Bu, “istehlak kreditləri haqqında” Qanun və Mərkəzi Bankın təlimatları ilə ziddiyyət təşkil edir. Çünki kredit təşkilatları real və nominal faizləri aydın şəkildə və şəffaf formada təqdim etməlidirlər. Müqavilədə illik faiz 32% (faiz) dərəcəsi və gecikməyə görə 64 % (faiz) cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Eyni müqavilədə iki fərqli faiz göstəricisi istehlakçının aldadılması və ya çaşdırılması kimi qiymətləndirilməlidir. Həmçinin müqavilədə “faktiki illik faiz dərəcəsi” ifadəsi yer alsa da, həmin faiz dərəcəsinin hesablanma qaydası, komissiya və ya digər xərclərin daxil edilibedilmədiyi göstərilməmişdir. Bu isə Mərkəzi Bankın 2020-ci il tarixli müvafiq tələblərinə uyğun deyil, çünki BOKTlar istehlakçıya aydın və şəffaf məlumatlar təqdim etməlidirlər. Kreditin verilməsi zamanı 13.5 % (faiz) komissiya haqqı tutulub (müqavilə 1.9-cu bənd). Bu, bank olmayan kredit təşkilatları üçün ağlabatan səviyyədən yüksəkdir və şəffaflıq prinsipini pozur. Müqavilədə cərimə faizləri 0.1% (faiz) gündəlik olaraq hesablanır, bu da illik 36%-ə (faizə) yaxın əlavə faiz yükü yaradır. Bu qeyri-proporsional məsuliyyət təşkil edir ki, bu da məhkəmə tərəfindən ədalətsiz hesab edilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsi). Bundan başqa müqavilədə qeyd olunur ki, ipoteka yəni, ünvan 1 ünvanında yerləşən 111 nömrəli mənzili bazar dəyəri ilə qiymətləndirilmişdir. Lakin həmin mənzilin həm 2023-cü il tarixdə həm də hazırda real bazar dəyəri həddindən artıq çoxdur. Eyni zamanda qiymətləndirməni həyata keçirən təşkilat və hesabatın surəti ona təqdim edilməyib. Bundan başqa müqavilədə ipotekanın tərəfindən borc tam ödənildikdən sonra avtomatik ləğvi barədə müddəa yoxdur. Bu isə onun üçün risklidir. Müqavilənin 2.3.5-ci və 3.2-ci bəndlərində onun hüquqları zəiflədilmişdir. Belə ki, müqavilədə kredit təşkilatına notarial qaydada borcu tələb etmə, cərimə tətbiq etmə və icra vərəqəsi çıxartma kimi hüquqlar verilib. Bu da onun konstitusion mülkiyyət hüququna və müdafiə hüququna ziddir. Müqavilənin bəzi müddəaları hüquqi dildə çox dolaşıq və anlaşılmaz verilib. Bu isə istehlakçının məlumatlandırılmış qərar verməsinə mane ola bilər. Məsələn: müqavilənin 3.4-cü bəndində “... borc verənin əlavə sənədləri təqdim etmədən tutulmasına razılıq verir....” ifadəsi konkret hüquqi mexanizm olmadan razılıq alınmış kimi yazılıb, bu da hüquqi etibarsızlıq yaradır. Müqavilədə birmənalı şəkildə göstərilməyib ki, kredit üzrə hansı xərclər (komissiyalar, xidmət haqları və s.) kredit məbləğinə daxildir, hansılar əlavədir. Hesab edir ki, bütün bunlar onun hüquqlarının pozulmasıdır. Beləliklə hesab edir ki, xx.xx.2023-cü il tarixdə cavabdeh “X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanmış 4129/2023 saylı kredit müqaviləsi üzrə tərəfindən öhdəlik tam icra olunduğundan, borcunun olmamasının tanınması, qeyd olunan kredit müqaviləsinin ərizədə göstərdiyi şərtləri etibarsız hesab edilməli, müqaviləyə xitam verilməli və mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 111 nömrəli mənzilin ipoteka yüklülüyü ləğv edilməlidir. Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə izahat ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-nə qarşı tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 4129/2023 saylı kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduğundan qeyd olunan müqaviləyə xitam verilməsi, iddiaçı tərəfindən 4129/2023 saylı kredit müqaviləsi üzrə ödənilmiş məbləğlərin tanınması, ünvan 1 ünvanında yerləşən 111 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, ipoteka müqaviləsinin ləğv edilməsi öhdəliyinin "xxxx" BOKT MMC-nin üzərinə qoyulması o cümlədən, hüquqi yardım üçün vəkillə bağlanmış müqaviləyə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin və 100.00 manat ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4129/2023 saylı kredit müqaviləsinə əsasən, İddiaçı "xxxx" BOKT MMC tərəfindən illik 32 faiz olmaqla 36 ay müddətinə 34000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı mülkiyyətində ünvan 3, mənzil 111 xx.xx.2023-cü il tarixdə notarial qaydada bağlanmış 4129/2023-İP saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, X2 ilə "xxxx" BOKT MMC ilə xx.xx.2023-cü il tarixli 4129/2023 saylı zaminlik müqaviləsi imzalanaraq, X2 xx.xx.2023-cü il tarixdə bağlanmış 4129/2023 saylı kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinə zamin durmuşdur. İddiaçı müəyyən vaxt aralığında (hesabdan çıxarışa əsasən) gecikməyə düşmüş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixə qədər 172 gün gecikmədə olmuş, həmin tarixdə iddiaçı tərəfindən 16000 manat ödənilmiş və gecikmə günü sıfırlanaraq, qrafikə düşmüşdür. Bu günədək İddiaçı tərəfindən ümumilikdə 43816 manat kredit borcundan ödəniş etmiş, eləcə də həmin ödəniş etdiyi məbləğlərdən gecikmədə olduğu günlərə nisbətən və kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən cəmi 3334.04 manat məbləğində dəbbə tutulmuşdur (43816-3334.04=40481.96 manat). Kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafikində isə 53310.58 manat müqavilə müddətinin sonuna ödəməli olduğu məbləğ göstərilmiş, iddiaçı bununla razılaşmış və öz iradə ifadəsini göstərərək öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi İddiaçı xx.xx.2025ci il tarixli maliyyə arayışında göstərilən məbləğlə kredit borcunu bağlasa belə ödəniş qrafikində göstərilən məbləğdən daha az ödəniş etmiş sayılacaqdır. Belə olan halda təşkilat tərəfindən iddiaçıya kredit borcunu ödənilməsi üçün şəraitlər yaradılmış və güzəştlər edilmişdir. Lakin buna baxmayaraq İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirdiyini iddia edir. Buna görə də yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin xahiş etdi hissəsinin 1-ci abzasında göstərilən xüsusatların tam əsassız olduğu ortaya çıxır. İddiaçının ikinci tələbinə gəldikdə isə, qeyd etmək lazımdır ki, kredit müqaviləsinin bağlanma tarixi olan xx.xx.2023-cü ildən bu günə qədər olan müddət ərzində iddiaçı tərəfindən həyata keçirilən bütün ödənişlər, təqdim edilmiş hesabdan çıxarışda aydın şəkildə göstərilmiş və təsdiq edilmişdir. Bu ödənişlər heç bir qeyrimüəyyənlik və ya mübahisə doğurmadan, müqavilə şərtlərinə uyğun şəkildə həyata keçirilmişdir. Nəticə etibarilə, həmin ödənişlərin artıq yerinə yetirildiyi və hər hansı əlavə ödəniş tələbinin əsassız olduğu aydın şəkildə ortadadır. Beləliklə, iddiaçının bu hissəyə dair irəli sürdüyü tələbin hüquqi və faktiki əsaslardan məhrum olduğunu vurğulamaq vacibdir. İddiaçının 3-cü tələbinə gəldikdə isə, ünvan 3 ünvanında yerləşən 111 nömrəli mənzilə dair ipoteka müqaviləsinin ləğv edilməsi öhdəliyinin təşkilatın üzərinə qoyulması tələbi hüquqi və faktiki cəhətdən əsassızdır və qəbul edilə bilməz. Əvvəla, ipoteka müqaviləsi əsas öhdəliyin icrasının təminatı məqsədilə bağlanır və yalnız əsas öhdəlik tam şəkildə yerinə yetirildikdə və ya digər qanuni əsaslar mövcud olduqda xitam verilə bilər. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 48-ci maddəsinə əsasən, ipotekaya yalnız aşağıdakı hallarda xitam verilə bilər: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda. Hazırda əsas öhdəliklər tam şəkildə yerinə yetirilmədiyi halda, yalnız tərəflərin razılığı ilə ipotekaya xitam verilə bilər. Bundan əlavə, ipoteka müqaviləsinin ləğvi tələbi təşkilatın hüquqlarını və maraqlarını ciddi şəkildə pozar. İpoteka, kreditin təminatı olaraq təşkilata hüquqi üstünlük verir və borcun ödənilməməsi halında əmlakın realizasiyasına imkan yaradır. İpoteka müqaviləsinin ləğvi, təşkilatın hüquqlarının zəifləməsinə və gələcəkdə mümkün borc öhdəliklərinin təminatsız qalmasına səbəb ola bilər. Nəticə etibarilə, ipoteka müqaviləsinin ləğv edilməsi tələbi hüquqi əsaslardan məhrumdur və təşkilatın hüquqlarına ziddir. Bu səbəbdən, iddiaçının bu tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçının iddia ərizəsində mənzilin qiyməti ilə razılaşmadığını göstərməsi, hüquqi baxımdan əsassızdır. Çünki xx.xx.2023-cü il tarixdə notarial qaydada bağlanmış 4129/2023-İP saylı ipoteka müqaviləsinin 2.3-cü bəndində ipoteka predmetinin qiyməti aydın şəkildə müəyyən edilmişdir. Bu bəndə əsasən, ipoteka predmetinin qiyməti tərəflərin razılığı ilə müəyyən olunmuşdur. Əgər iddiaçı qiymət ilə razılaşmırdısa, o zaman müqaviləni bağlamaqdan imtina edə bilərdi. Lakin o, müqaviləni bağlayaraq kredit götürmüş və mənzilini ipoteka ilə təmin etmişdir. Bu halda, müqavilənin şərtləri ilə bağlı hər hansı mübahisə irəli sürmək hüquqi baxımdan mənasızdır. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 10.5-ci maddəsinə əsasən, ipoteka müqaviləsində ipoteka predmetinin qiyməti müəyyən edilməli və tərəflərin razılığı ilə təsdiq olunmalıdır. Eyni zamanda, həmin qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılığı ilə müəyyən edilməli, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməlidir. Bu müddəalar göstərir ki, ipoteka müqaviləsində qiymət müəyyən edildikdə və tərəflər razılaşdıqda, sonradan bu qiymət ilə bağlı mübahisə irəli sürülməsi hüquqi baxımdan mümkün deyil. Nəticə etibarilə, iddiaçının mənzilin qiyməti ilə bağlı irəli sürdüyü iddia hüquqi baxımdan əsassızdır və məhkəmə tərəfindən nəzərə alınmamalıdır. İddiaçı tələbləri hüquqi əsaslardan məhrumdur və bu səbəbdən də məhkəmə tərəfindən rədd edilməlidir. Əlavə olaraq, qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il 31 may tarixli qərarında ipoteka müqaviləsinin şərtlərinin yalnız tərəflərin razılığı ilə dəyişdirilə biləcəyini və ipoteka qoyanın razılığı olmadan bu şərtlərin dəyişdirilməsinin onun məsuliyyətini artırmayacağını qeyd edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 48-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə yalnız müəyyən edilmiş hallarda xitam verilə bilər. Bu hallara əsas öhdəliyə xitam verilməsi, ipoteka predmetinin məhv olması və ya digər qanunla nəzərdə tutulmuş hallar daxildir. İpoteka müqaviləsinin ləğv edilməsi yalnız ipoteka qoyanın razılığı ilə mümkündür. Nəticə etibarilə, İddiaçı tələbləri hüquqi əsaslardan məhrumdur və məhkəmə tərəfindən rədd edilməlidir. Bu səbəbdən, yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı "xxxx" BOKT MMC-nə qarşı irəli sürdüyü kredit müqaviləsinə xitam verilməsi, ödənilmiş məbləğlərin tanınması, ipoteka yüklülüyünə xitam verilməsi və ipoteka müqaviləsinin ləğv edilməsi öhdəliyinin təşkilatın üzərinə qoyulması tələblərinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdeh xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizələr ünvanlayaraq qeyd etmişdir ki, iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələri bir daha təsdiq edir ki, iddiaçının iddia tələbləri heç bir hüquqi və faktiki əsasa malik deyil. Ekspertiza rəyindən açıq şəkildə görünür ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etməmişdir. Bundan əlavə, məhkəmə araşdırması dövründə iddiaçının cavabdeh "xxxx" BOKT MMC-yə kredit ödənişləri etməsi də bu halı təsdiqləyir. İddiaçının bu ödənişləri könüllü şəkildə etməsi onun iddia tələblərini özü tərəfindən təkzib edilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin müddəalarına əsasən, hər bir tərəf iddia və etirazlarını əsaslandıran halları sübut etməlidir. İş üzrə aparılmış məhkəmə araşdırması və təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini icra etməmiş, iddia tələblərini təsdiqləyən heç bir hüquqi və ya iqtisadi əsas təqdim etməmişdir. Bu səbəbdən, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq, iddianın rədd edilməsi zəruridir. Məhkəmə iclasının iştirakları olmadan keçirməyi, yuxarıda qeyd olunanları və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatları çıxış kimi qəbul etməyi, əsassız iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2023/4129 saylı kredit müqaviləsinə əsasən İddiaçı 36 (otuz altı) ay müddətinə illik 32 faiz dərəcəsi ilə 34000 (otuz dörd min) manat məbləğində krеdit verilmişdir. - İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2023/4129-İP saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 35.40 kv.m. ümumi, 16.60 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 111 nömrəli mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. - X2 ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli 2023/4129 saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasını təmin еtmək məqsədilə X2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin İddiaçı ünvanladığı 4966 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən xx.xx.2023-cü il tarixli 4129/2023 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 14085,67 manat əsas və 465,24 manat faiz borcu olmaqla ümumilikdə 14550,91 manat kredit borcu mövcuddur. - "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdalıq məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 2023/4129 saylı kredit müqaviləsinə əsasən borcun 3 (üç) gün müddətində ödənilməsi, əks təqdirdə, iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə borclu xəbərdar edilmişdir. - "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən tərtib edilmiş 02 may 2025ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli 2023/4129 saylı kredit müqaviləsinə əsasən İddiaçı 02 may 2025-ci il tarixə 12611,87 (on iki min altı yüz on bir manat səksən yeddi qəpik) manat və ona hesablanmış faiz borcu 100,89 (yüz manat səksən doqquz qəpik) manat olmaqla, ümumilikdə 12712,76 (on iki min yeddi yüz on iki manat yetmiş altı qəpik) manat məbləğində borcu vardır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2025-ci il tarixli 9/3401 saylı ekspert rəyindən görünür ki, İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış 4129/2023 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən edilmiş ödənişlər hazırki tədqiqatla kredit müqaviləsinin şərtlərinə uyğun olaraq silinmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı arasında bağlanmış 4129/2023 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə (2-ci sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 11074,88 manat məbləğində müəyyən edilir. O, cümlədən: xx.xx.2025-ci il tarixə (2-ci sualda soruşulan tarixə): əsas borc üzrə - 10443,62 manat; faiz borcu üzrə - 631,26 manat. Məhkəmə araşdırması nəticəsində işin müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında 4129/2023 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı 36 (otuz altı) ay müddətinə illik 32 faiz dərəcəsi ilə 34000 (otuz dörd min) manat məbləğində krеdit götürmüş, həmin kreditin təminatı olaraq özünə məxsus ünvan 3 ünvanında 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 35.40 kv.m. ümumi, 16.60 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 111 nömrəli mənzili xx.xx.2023-cü il tarixli 2023/4129-İP saylı ipoteka müqaviləsinə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-də ipoteka ilə yüklü etmişdir. İddiaçı tərəf bildirmişdir ki, xx.xx.2023-cü ildə cavabdehlə arasında bağlanmış 4129/2023 saylı kredit müqaviləsi üzrə 2025-ci ilin mart ayına kimi tərəfindən faktiki olaraq ümumilikdə 73.805 (yetmiş üz min səkkiz yüz beş manat) manat (bu məbləğə kreditin əsas məbləği - 34.000 manat da daxildir) məbləğində ödəniş edilmişdir. Tərəfindən dəfələrlə kredit təşkilatına şifahi və yazılı müraciət etməyinə, müvafiq arayışın qalıq borc məbləğ barədə məlumatların təqdim edilməsi xahişlərinə baxmayaraq, kredit təşkilatı tərəfindən müxtəlif bəhanələrlə ona arayış təqdim edilməmişdir. Həmçinin tərəfindən öncədən ödənilmiş 3 aylıq kredit ödənişinin hansı üsulla hesablanması, öncədən ödəmə olduğu təqdirdə həmin aylara niyə fazilərin də hesablanaraq çıxılması, eyni zamanda öncədən ödəmə edilən məbləğlərin hansı əsaslarla faiz hesabına köçürülməsinin açıqlanması tələb edilsə də "xxxx" MMC buna əhəmiyyət verməmiş və hazırki vaxtadək müraciətini cavablandırmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2025-ci il tarixli 9/3401 saylı ekspert rəyindən görünür ki, İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış 4129/2023 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən edilmiş ödənişlər hazırki tədqiqatla kredit müqaviləsinin şərtlərinə uyğun olaraq silinmiş və hal-hazırda İddiaçı 4129/2023 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə ümumilikdə 11074,88 manat məbləğində (əsas borc üzrə - 10443,62 manat; faiz borcu üzrə - 631,26 manat) borcu var. Hal-hazırda iddiaçı cavabdeh “X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 4129/2023 saylı kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduğundan qeyd olunan müqaviləyə xitam verilməsi; tərəfindən 4129/2023 saylı kredit müqaviləsi üzrə ödənilmiş məbləğlərin tanınması; ünvan 1 ünvanında yerləşən 111 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi; ipoteka müqaviləsinin ləğv edilməsi öhdəliyinin “X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması; o cümlədən, hüquqi yardım üçün vəkillə bağlanmış müqaviləyə ödənilmiş 320,00 (üç yüz iyirmi manat 00 qəpik) manat məbləğində pul vəsaitinin və 5.100,00 manat ödənilmiş dövlət rüsumunun əvəzinin xeyrinə tutulmasını tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə, əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. Həmin Qanunun 4.2-ci maddəsinə görə bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 14.1.1-ci maddəsinə görə ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə görə əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2025-ci il tarixli 9/3401 saylı ekspert rəyinə əsasən İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış 4129/2023 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən edilmiş ödənişlər hazırki tədqiqatla kredit müqaviləsinin şərtlərinə uyğun olaraq silinmiş və iddiaçının ödənilməmiş borcu qalmışdır. Buna görə də, iddiaçının ödənilməmiş borcu qaldığından İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı cavabdeh “X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 4129/2023 saylı kredit müqaviləsi üzrə öhdəlik tam icra olunmadığından qeyd olunan müqaviləyə xitam verilməsi, tərəfindən 4129/2023 saylı kredit müqaviləsi üzrə ödənilmiş məbləğlərin tanınması, ünvan 1 ünvanında yerləşən 111 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, ipoteka müqaviləsinin ləğv edilməsi öhdəliyinin “X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80 və 81ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbləri rədd olunduğundan, ödənilmiş hüquqi yardım üçün vəkillə bağlanmış müqaviləyə 320 manat və ödənilmiş 100 manat dövlət rüsumu da iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı cavabdeh “X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 4129/2023 saylı kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduğundan qeyd olunan müqaviləyə xitam verilməsi, tərəfindən 4129/2023 saylı kredit müqaviləsi üzrə ödənilmiş məbləğlərin tanınması, ünvan 1 ünvanında yerləşən 111 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, ipoteka müqaviləsinin ləğv edilməsi öhdəliyinin “X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, o cümlədən, hüquqi yardım üçün vəkillə bağlanmış müqaviləyə ödənilmiş 320,00 (üç yüz iyirmi manat 00 qəpik) manat məbləğində pul vəsaitinin və 5.100,00 manat ödənilmiş dövlət rüsumunun əvəzinin xeyrinə tutulması barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-3392/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3392/2025
12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver