Məhkəmə qərarları › İş №e-2(004)-3418/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3418/2025

05.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3418/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1760 (min yeddi yüz altmış) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini, 38 (otuz səkkiz) manat dövlət rüsumu, ümumilikdə 1798 (min yeddi yüz doxsan səkkiz) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2024-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Range Rover” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Hyundai Elantra” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPŞ tərəfindən tərtib olunan qərara əsasən “Range Rover” markalı, **- AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 1760 (min yeddi yüz altmış) manat məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsi üzrə İAS250042 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 1760 (min yeddi yüz altmış) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan icbari sığorta şəhadətnaməsindən görünür ki, PME********** nömrəli icbari sığorta müqaviləsi ilə “X1” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə kimi bir il müddətinə 55000 (əlli beş min) manat həcmində icbari sığorta edilmişdir. İş materiallarında olan icbari sığorta şəhadətnaməsindən görünür ki, PME********** nömrəli icbari sığorta müqaviləsi ilə “Hyundai Elantra” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə kimi bir il müddətinə icbari sığorta edilmişdir. İş materiallarında olan İAS250042 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2024-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi zamanı “Hyundai Elantra” minik markalı, **-XF- *** dövlət qeydiyyat nişanlı avtomobilinə 1760 (min yeddi yüz altmış) manat miqdarında maddi zərər vurmuşdur. İş materiallarında olan Bakı şəhər DYPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi ərazisində “X1” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozmuş, eyni zamanda hadisə yerindən yayınmış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və 100 (yüz) manat inzibati cərimə edilmişdir. İş materiallarında olan “AVTOPROJECT” yekun qüsur aktın surətindən görünür ki, “Hyundai Elantra” minik markalı, **-XF-*** dövlət nömrə nişanlı avtomobilə ehtiyat hissələri 640 (altı yüz qırx) manat, işçilik 1120 (min yüz iyirmi) manat olmaqla, cəmi 1760 (min yeddi yüz altmış) manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan cari hesabdan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə İAS250042 saylı sığorta aktı üzrə 1760 (min yeddi yüz altmış) manat məbləğində pul ödənilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 12 mart 2025-ci il tarixli məktubun surətindən görünür ki, baş vermiş hadisə nəticəsində hesablanaraq ödənilmiş 1760 (min yeddi yüz altmış) manat məbləğində sığorta ödənişinin 10 (on) iş günü müddətində "xxxx" ASC-nin bank hesablarına ödənilməsi, əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında geri tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, "xxxx" ASC sığortalı avtomobilə dəymiş zərərə görə 1760 (min yeddi yüz altmış) manat sığorta ödənişini ödədiyinə görə, həmin məbləği subroqasiya qaydasında zərərvuran Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdeh avtomobilə dəymiş zərərin əvəzi kimi ödənilmiş 1760 (min yeddi yüz altmış) manat məbləğində sığorta ödənişi və ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Hyundai Elantra” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi ödənilmiş 1760 (bir min yeddi yüz altmış) manat məbləğində sığorta ödənişi və ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar