Məhkəmə qərarları › İş №e-2(004)-3423/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3423/2025

19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3423/2025 19.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "X5 Azərbaycan" QSC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "X5 Azərbaycan" QSC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Piri Cavabdeh "X5 Azərbaycan" QSC -nin xeyrinə 34468,65 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümümilikdə 11628,64 ABŞ dolları pul vəsaitinin və 149,3 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 12 sentyabr 2013-cü il tarixində «X5 Azərbaycan» QSC ilə Cavabdeh arasında 114105 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh 36 (otuz altı) ay müddətinə 64 000 USD (altmış dörd min ABŞ dolları) məbləğində kredit ayrılmışdır. Borcalan yuxarıda qeyd olunan müqavilə üzrə götürdüyü vəsaiti və ona illik 16% (on altı faiz) dərəcəsi olmaqla hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada «X5 Azərbaycan» QSC-nə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin qaytarılması üçün cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürmüşdür. Borcalanın 114105 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 12 sentyabr 2013-cü il tarixində «X5 Azərbaycan» QSC ilə Cavabdeh arasında 114105 nömrəli İpoteka (girov) müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan buraxılış ili-2011, şassi/ban: WPOZZZ97ZCL000486, mühərrik: C01455, ağ rəngli «Porsche Panamera» minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobili «X5 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. 14 aprel 2015-ci il tarixində «X5 Azərbaycan» QSC ilə Cavabdeh arasında 12 sentyabr 2013-cü il tarixli 114105 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə Razılaşma bağlanmışdır. Həmin Razılşamaya əsasən Borcalan yuxarıda qeyd olunan müqavilə üzrə götürdüyü vəsaiti və ona illik 14% (on dörd faiz) dərəcəsi olmaqla hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada «X5 Azərbaycan» QSC-nə qaytarmağı öhdəsinə götürmüşdür. «X5 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi «X5 Azərbaycan» QSC-ə olan borcunu ödəməmişlər. Lakin, öhdəliklər cavabdeh tərəfinizdən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş vəBakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(004)-3366/2016 saylı qətnaməsi ilə iddiaçı "X5 Azərbaycan" QSC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh "X5 Azərbaycan" QSC-nin xeyrinə 12 sentyabr 2013-cü il tarixli, 114105 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 32.429 (otuz iki min dörd yüz iyirmi doqquz) ABŞ dollari 39 (otuz doqquz) sent, faiz borcu qismində 1.939 (min doqquz yüz otuz doqquz) ABŞ dolları 26 (iyirmi altı) sent cərimə borcu qismində 100( yüz) ABŞ dolları, cəmi 34.468 (otuz dörd min dörd yüz altmış səkkiz) ABŞ dolları 65 (altmış beş) sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə, habelə məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 (iyirmi doqquz) manat və poçt xərci qismində 5 (beş) manat, cəmi 34 (otuz dörd) manat məbləğində pul vəsaitinin tutulması, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan, 2011-ci il buraxılışlı, ban nömrəsi WPOZZZ97ZCL000486, mühərrikin nömrəsi C01455 olan "Porsche Panamera" minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobillə yönəldilməsi, "Porsche Panamera" minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılması üçün ixtisaslaşdrırlmış hərrac təşkilatının sərəncamına verilməsi, "Porsche Panamera" minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh "X5 Azərbaycan” QSC-nə olan borcunun ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx/xx- 7286/5-11771 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən 05 iyun 2017-ci il tarixdə saat 11:00-da "X3" MMC tərəfindən hərrac keçirilərək Cavabdeh mülkiyyətində olan "Porshe Panamera" markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil 23.000 AZNə ilkin qiymət ilə satışa çıxarılmış və nəticədə 23.600 AZN vəsaitə vətəndaş (qalib alıcı) X2 tərəfindən alınaraq 05 iyun 2017-ci il tarixli hərracın yekunları barədə 30 saylı Protokol tərtib edilmişdir. Məlumat üçün bildiririk ki, Yasamal Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində borclu Cavabdeh təqaüdünə inkasso sərəncamı qoyulmuşdur. Lakin, aldığı aylıq pensiyadan xırda-xırda ödəməsi bankı yuxarıda göstərilən zərər çəkmə reallığından qurtarmır və borc tam həcmdə qaytarılmadıqca həmin zərər artmaqda davam edir. Göründüyü kimi, cavabdeh(lər)in 18 aprel 2016-cı il tarixə borc üzrə 34468,65 (otuz dörd min dörd yüz altmış səkkiz ABŞ dolları 65 sent) ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) 18 aprel 2016-cı ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 11628,64 ABŞ dolları məbləğində Banka maddi zərər dəymişdir. Cavabdeh(lər)in Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla : 1) xx.xx.2016 tarixindən xx.xx.2019 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 1023 gün - 4897.42 ABŞ dolları 2) xx.xx.2019 tarixindən xx.xx.2023 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 1771 gün - 5230.05 ABŞ dolları 3) xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 63 gün – 185,45 ABŞ dolları 4) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 90 gün – 262.79 ABŞ dolları 5) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 154 gün – 446.41 ABŞ dolları 6) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 32 gün – 92.42 ABŞ dolları 7) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 31 gün – 89.21 ABŞ dolları 8) xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 29 gün – 83.14 ABŞ dolları 9) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 30 gün – 85.69 ABŞ dolları 10) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 26 gün – 73.97 ABŞ dolları 11) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 64 gün – 182.08 ABŞ dolları olmaqla ümumilikdə cəmi 11628,64 ABŞ dolları təşkil edir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı üçün iddia müddətinin axımı 19 04.2016-cı il tarixdən başlamışdır. Lakin iddiaçı X6 Azərbaycan QSC 2025-ci ildə iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etməklə qanunla müəyyən edilmiş iddia müddətim buraxmışdır Belə ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçı uçun iddia müddətinin axımının başlandığı tarix, hüququnun pozulduğunu aşkar etdiyi tarixidir. Beləliklə müəyyən olunur ki, iddiaçı tərəfindən 9 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddəti buraxılmışdır. Odur ki, iddia müddətinin keçməsini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı “X5 Azərbaycan" QSC məhkəməyə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz ünvanlayaraq bildirmişdir ki, Cavabdeh məhkəməyə ayrıca ərizə təqdim edərək, iddia müddətinin başa çatması məsələsinə istinad edir, lakin hazırkı tələb kredit müqaviləsi üzrə deyil, banka vurulmuş maddi ziyan xarakteri daşıyır. MM-in tələblərinə əsasən, zərərin ödənilməsi ilə bağlı iddialar ayrı qaydada və əsaslarla təqdim oluna bilər. Bu hallarda iddia müddəti ya tətbiq edilmir, ya da ümumi 10 illik müddət tətbiq olunur (MM 373). Odur ki, cavabdehin bu iddiası da zəif və hüquqi əsassızdır. Digər tərəfdən, iddia müddətinin axımının kəsilməsi - Azərbaycan Respublikası Mülki Məcəllənin 380.1 -ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Cavabdehin kredit hesabı üzrə fəaliyyəti aydın şəkildə göstərir ki, o, borcu mütəmadi olaraq etiraf etmiş və bu borcun mövcudluğunu tanımaqla müxtəlif tarixlərdə hissə-hissə ödənişlər etmişdir. Cavabdehin borcu etiraf edən hərəkətləri iddia müddətinin axımını qanunvericiliyə uyğun olaraq kəsmişdir. Belə olduqda, iddia müddəti ötürülməmiş hesab edilməli və cavabdehin ərizəsi əsassız sayılmalıdır. Banka dəymiş maddi ziyanın yaranmasında cavabdehin səhlənkarlığı əsas səbəb olmuşdur. Cavabdeh Kredit və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmiş; girov predmeti olan avtomobili üçüncü şəxsə etibarnamə ilə verərək məsuliyyətlərini qeyri-rəsmi şəkildə ötürmüşlər. Bu hal banka kommersiya və hüquqi ziyan vurmuşdur. Məhkəmə təcrübəsi bu kimi hallarda iddiaların təmin edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası məhkəmələrinin son illərdəki praktikasına uyğun olaraq Zərər çəkən bankın maddi ziyan tələbləri mütəmadi təmin edilir. Bu, bankın kredit riski daşımasına yox, müqavilə üzrə öhdəliklərin icrasına əsaslanır. Cavabdeh şifahi olaraq iddia edir ki, “faizdən faiz yolverilməzdir”. İddia ərizəsində faizdən faiz deyil, qanuni qüvvəyə minmiş qətnamədə qeyd olunan ümumi məbləğin gecikdirilmiş hissəsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% tələb olunmuşdur. Bu, gecikmə sanksiyasıdır, yəni kompensasiya xarakteri daşıyır və faizdən fərqli hüquqi təbiətə malikdir. Bu səbəbdən, 445.7-ci maddənin tətbiqi hüquqazidd deyil və geniş məhkəmə təcrübəsi ilə təsdiqlənmişdir (29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). İddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borcun ödənilməsinin gecikdirilməsi səbəbindən illik 5% miqdarında kompensasiya tələbi irəli sürmək hüququ mövcuddur. Bu hüququn həyata keçirilməsi üçün əlavə sübutlara və ya borclunun təqsirinin sübuta yetirilməsinə ehtiyac yoxdur. Maddənin dispozisiyası yalnız borcun gecikdirilməsi faktı ilə kifayətlənmiş və bu əsasda kreditorun müvafiq tələb irəli sürmək hüququnu tanımışdır. Yəni, borcun təqsirli və ya təqsirsiz şəkildə gecikdirilməsi hüquqi əhəmiyyət daşımır və bu, kompensasiya tələbinin əsaslılığına təsir göstərmir. Təkcə öhdəliyin icra müddətinin başa çatması və pul borcunun qaytarılmaması faktı kompensasiya tələbini hüquqi cəhətdən əsaslandırmaq üçün kifayət edir. Həmçinin, bu tələbin başlanğıc anı borc üzrə çıxarılan məhkəmə qərarının qanuni qüvvəyə minməsi anı deyil, pul öhdəliyinin müqavilə ilə müəyyən edilmiş icra müddətinin bitdiyi tarix hesab olunur. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanan illik 5% məbləğ pul vəsaitindən qanunsuz istifadəyə görə tutulur və bu tələbin yaranması yalnız gecikdirilmiş borcla bağlıdır. Bu mənada, əvvəlki mübahisə üzrə keçirilmiş ilkin məhkəmə icraatının uzun müddət davam etməsi və ya çıxarılan məhkəmə qərarlarının tərəflərdən biri tərəfindən apellyasiya və ya kassasiya qaydasında mübahisələndirilməsi də borcun ödənilməməsinə dair üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Əksinə, borcun qaytarılmaması səbəbindən bank aşağıdakı 4 istiqamətdə maddi itkilərə məruz qalır: 1. Pul vəsaitindən istifadə imkanının itirilməsi - Bank öz vəsaitindən faktiki istifadə edə bilmədiyindən, maliyyə çevikliyini itirmiş olur. 2. Alternativ gəlir imkanının əldən çıxması - Borc vaxtında qaytarılsaydı, həmin vəsait digər fiziki və ya hüquqi şəxslərə kredit kimi verilməklə faiz gəliri əldə edilə bilərdi. 3. Pulun real dəyərinin inflyasiya səbəbilə azalması - Zaman keçdikcə pulun alıcılıq qabiliyyəti azalır və bankın əlinə çatan məbləğ ilkin nominal dəyəri qoruyub saxlamır. 4. Kapital dövriyyəsinin pozulması və kredit portfelinin zədələnməsi - Bu kimi gecikmələr bankın ümumi maliyyə sabitliyinə və yeni kreditlərin ayrılması imkanlarına mənfi təsir göstərir. Bu səbəbdən də, cavabdeh kredit müqaviləsi üzrə müəyyən məbləğdə vəsait alsalar da, həmin vəsaiti müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmayıb. Nəticədə, iddiaçı öz maliyyə vəsaiti üzərində sərəncam vermək və ondan gəlir əldə etmək imkanından məhrum olub. Halbuki əgər cavabdeh öhdəliklərini vaxtında yerinə yetirmiş olsaydılar, iddiaçı həmin vəsaiti daha yüksək faizlə dövriyyəyə buraxaraq əlavə qazanc əldə edə bilərdi. Müqavilə müddətinin başa çatmasından sonra artıq konkret müqavilə şərtlərinə əsasən daha yüksək faiz və ya cərimə tələb etmək mümkün olmadığından, iddiaçının AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5% miqdarında kompensasiya tələbi hüquqi və iqtisadi cəhətdən tam əsaslıdır. Yuxarıda göstərilən hüquqi arqumentlərə əsasən, cavabdehin təqdim etdiyi iddia müddəti barədə ərizəsi hüquqi cəhətdən əsassız; sübuta yetirilməmiş; təhrif olunmuş məlumatlara əsaslanan; məhkəmə təcrübəsinə zidd hesab edilməlidir. Bu səbəbdən, cavabdehin iddia müddəti barədə ərizəsinin rədd edilməsini və iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirik. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 2017-ci ildə ona məxsus avtomobil satılmış, lakin satışdan əldə olunan vəsait yalnız 2019-cu ildə bankın hesabına köçürülmüşdür. Bundan başqa 2023-cü ilə kimi ona icra ilə bağlı hər hansı bildiriş gəlməmişdir. 2023-cü ildə isə İcra məmuru tərəfindən ona bildiriş göndərilmiş, ödəniləcək vəsait onun əmək pensiyasından 20 faiz tutulmaqla, 2023-cü ilin dekabrından hazırki vaxtadək bankın hesabına köçürülmüşdür. Bu barədə "xxxx" ASC tərəfindən verilmiş bank hesabından çıxarışı məhkəməyə təqdim etmişdir. İddiaçı “X5 Azərbaycan" QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(004)- 3366/2016 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmuş, “X5” açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilərək, Cavabdeh “X5 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin xeyrinə 12 sentyabr 2013-cü il tarixli, 114105 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 32.429 (otuz iki min dörd yüz iyirmi doqquz) ABŞ dolları 39 (otuz doqquz) sent, faiz borcu qismində 1.939 (min doqquz yüz otuz doqquz) ABŞ dolları 26 (iyirmi altı) sent, cərimə borcu qismində 100 (yüz) ABŞ dolları, cəmi 34.468 (otuz dörd min dörd yüz altmış səkkiz) ABŞ dolları 65 (altmış beş) sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə, habelə məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 (iyirmi doqquz) manat və poçt xərci qismində 5 (beş) manat, cəmi 34 (otuz dörd) manat məbləğində pul vəsaiti tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan, 2011-ci il buraxılışlı, ban nömrəsi WPOZZZ97ZCL000486, mühərrikinin nömrəsi C01455 olan «Porsche Panamera» minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, «Porsche Panamera» minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması üçün, ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməsi, «Porsche Panamera» minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh “X5 Azərbaycan” qapalı səhmdar cəmiyyətinə olan borcunun ödənilməsi, “X5” açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən "xxxx" QSC-yə ünvanlanmış 2(004)-3366/2017 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3366/2017 nömrəli xx.xx.2016-cı il tarixli icra vərəqəsi icra olunması üçün Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Daha sonra xx.xx.2016cı il tarixdə Yasamal Rayon İcra və X1 Rayon Məhkəməsinə icra sənədi üzrə icraata başlamaq haqqında qərar daxil olmuşdur. Qeyd olunan icra sənədinin geri qaytarılması ilə bağlı Yasamal Rayon Məhkəməsinə heç bir sənəd daxil olmamışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli “icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3366/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılması və borcluya 10 gün müddətində icra könüllü olaraq təmin etməsi barədə təklif edilməsi qərara alınmışdır. İcra sənədinə əsasən borclu Cavabdeh 34468,65 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar “X5 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin xeyrinə ödənilməlidir. “X3" MMC-nin 05 iyun 2017-ci il tarixli, 30 saylı Hərracın Yekunları barədə Protokolundan görünür ki, Cavabdeh mülkiyyətində olan "Porshe Panamera" markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil 23.000 AZN-ə ilkin qiymət ilə satışa çıxarılmış və nəticədə 23.600 AZN vəsaitə vətəndaş (qalib alıcı) X2 tərəfindən alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 67893/2016-53-9/1 nömrəli, 5 dekabr 2024-cü il tarixli inkasso sərəncamından görünür ki, 2(004)-3366/2016 nömrəli icra sənədi üzrə borclu Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin hesabına 116.34 manat köçürülməlidir. Maliyyə arayışdan görünür ki "X5 Azərbaycan" QSC ilə cavabdeh Məm”mədov Saqif Kamil oğlu arasında bağlanmış 12 sentyabr 2013-cü il tarixli 114105 nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə banka xx.xx.2025-cil tarixə illik 5 faizlə hesablanmış ümumilikdə cəmi 11.628,64 ABŞ dolları məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, **********56 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 149,30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh aid hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən "X5 Azərbaycan" QSC-yə xx.xx.2023-cü il tarixində 116,34 manat, xx.xx.2024-cü il tarixində 290,86 manat, xx.xx.2024-cü il tarixində 258,75 manat, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində 129,37 manat, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində 139,85 manat məbləğində ödənişlər edilmişdir. Belə ki, AR Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-cı maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.3-cü maddəsinə əsasən, Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4-cü maddəsinə əsasən, Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 427.3-cü maddəsinə əsasən, Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə əsasən, İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasəb, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 445.3-cü maddəsinə əsasən, Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır. Bu baxımdan hazırki iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması ilə bağlı məhkəmə qətnaməsi mövcud olduğundan və borc məbləği tam şəkildə ödənilmədiyindən, iddiaçının gecikdirilmiş faizin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, “…Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. ... Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin”. Məhkəmə iddia tələbini qismən əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(004)-3366/2016 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən, yəni 19 may 2016-cı il tarixdən əmlak hərracda satıldığı 05 iyun 2017-ci il tarixədək borclu tərəfindən 34.468,65 (otuz dörd min dörd yüz altmış səkkiz dollar altmış beş sent) ABŞ dolları məbləğində pulun ödənilməsi gecikdirildiyindən, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% hesablanmaqla 1723,48 (bir min yeddi yüz iyirmi üç ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, işin hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(004)-3366/2016 saylı qətnaməsi 21 may 2016-cı il tarixdə qanuni qüvvəsini almış, borclunun əmlakı 05 iyun 2017-ci il tarixdə hərracda satılmışdır. Əmlak satıldıqdan sonra qalan borcun ödənilməsi üçün Yasamal rayon İcra şöbəsi tərəfindən pulun hər ay borclunun pensiyasından tutulması ilə bağlı xx.xx.2023-cü il tarixdə İnkasso sərancamı verilmişdir. "xxxx" tərəfindən verilmiş bank hesabından çıxarışdan da görünür ki, xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək hər ay cavabdehin pensiyasından pul tutularaq iddiaçıya ödənilir. Həmin borcun hissə-hissə ödənilməsinə münasibətdə iddiaçı tərəfindən etiraz edilməmişdir. Qeyd olunan hallara əsasən, məhkəmə qeyd edir ki, borcun ödənilməsinin gecikdirilməsi məhz əmlak hərracda satıldığı 05 iyun 2017-ci il tarixədək hesablanmalı, ondan sonrakı dövrdə qalan borcun hər ay borclunun pensiyasından tutulması nəzərə alınaraq, icranın borclunun təqsiri üzündən gecikdirilməsi kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 49,30 (qırx doqquz manat otuz qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1723,48 (bir min yeddi yüz iyirmi üç ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) və 49,30 (qırx doqquz manat otuz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "X5 Azərbaycan" QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin olunmasın. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1723,48 (bir min yeddi yüz iyirmi üç ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) və 49,30 (qırx doqquz manat otuz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "X5 Azərbaycan" QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar