Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3435/2023 07.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/124951/14 saylı kredit müqaviləsi üzrə 227,76 manat əsas borc, 24 manat faiz borcu, 59,3 manat cərimə borcu, 70,98 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz borcu olmaqla, ümumilikdə 382,04 manat borc və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/124951/14 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 592 (beş yüz doxsan iki) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 227,76 (iki yüz iyirmi yeddi manat, 76 qəpik) manat məbləğində əsas borc, 24 (iyirmi dörd) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 59,3 (əlli doqquz manat, 30 qəpik) manat məbləğində cərimə borcu, 70,98 (yetmiş manat, 98 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 382,04 (üç yüz səksən iki manat, 04 qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, bank tərəfindən 2019-cu ildə həmin iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, lakin iddia ərizəsi məhkəmənin qərardadına əsasən baxılmamış saxlanılmışdır. Baxılmamış saxlanılmasına əsas xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bağlı müəyyən edilmiş güzəştli və məhkəmədən kənar həlli qaydaların müəyyən edilməsi olmuşdur. Odur ki, qeyd olunanların nəzərə alınması və iddia müddətinin ötürülməmiş hesab edilərək tələbin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, cəza çəkmə müəssisəsində olduğundan onun məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə cavabdehin ərizəsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və cavabdehin ərizəsini araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materallarında olan iddiaçının istinad etdiyi "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/124951/14 saylı kredit müqaviləsinə əsasən "xxxx" KB QSC Cavabdeh 24 ay müddətinə illik 25% faiz dərəcəsi ilə 592 manat məbləğində kredit verməyi, Cavabdeh isə borcu müqavilə ilə müəyyən edilmiş müddətdə faizləri ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********353 saylı maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsi üzrə 227,76 manat əsas borc, 24 manat faiz borcu, 59,3 manat cərimə borcu, 70,98 manat gecikdirilmiş vaxt üçün hesablamış illik faiz borcu olmaqla, ümumilikdə 382,04 manat məbləğində borcu yaranmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Bankla Cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış və Cavabdeh bank qarşısında öhdəliyini pozmuşdur. Məhkəmə qeyd edir ki, bankın Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi əsaslı olsa da, iddiaçı iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Belə ki, "xxxx" KB QSC ilə Cavabdeh arasında müqavilə xx.xx.2014-cü ildə bağlanmışdır. Müqavilə müddəti 24 ay – xx.xx.2016-cı ildə bitmişdir. İddiaçı isə 2023-cü ildə - müqaviləni müddəti bitdikdən 7 il sonra iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla da məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ağlabatan müddətdə müraciət etməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Həmin vaxtdan 3 üç ildən artıq müddət keçmiş, bu müddət ərzində bank tərəfindən borcla bağlı hər hansı tədbir görülməmişdir. Ona görə də göstərilən müddət ağlabatan hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli, 1xx/xx/124951/14 saylı kredit müqaviləsi üzrə 227,76 manat əsas borc, 24 manat faiz borcu, 59,3 manat cərimə borcu, 70,98 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz borcu olmaqla, ümumilikdə 382,04 manat borc və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulması barədə iddia tələbi müddət ötürüldüyündən təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-3435/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3435/2023
07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver