Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3444/2025 29.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5812.92 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 928,78 manat borcun və ödənilmiş dövlət rüsumu 30 manat iddiaçı “X6 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 avqust 2013-cü il tarixində "X6 Azərbaycan" QSC ilə Cavabdeh1 (Borcalan) arasında imzalanmış 111411/1 nömrəli kredit müqavilə şərtlərinə əsasən kreditalan Cavabdeh1 Bank tərəfindən illik 16% (on altı faiz) dərəcəsi olmaqla, 36 (otuz altı) ay müddətinə hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəmək şərti ilə 11310 AZN (on bir min üç yüz on manat) məbləğində kredit ayrılmışdır. Borcalanın 111411/1 nömrəli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 16 avqust 2013-cü il tarixində Bank ilə Cavabdeh1 arasında İpoteka (Girov) müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka (Girov) müqaviləsinə əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus olan 2013-cu il buraxılış tarixli, ban/şassi nömrəsi VSSSZZZ6JZDR184417, mühərrik CGGA22504, ağ rəngli «Seat İbiza ST» minik markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobili «X6 Azərbaycan» QSC-nin xeyrinə İpoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair 16 avqust 2013-cü il tarixili İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 097414 №-li Çıxarış verilmişdir. Bununla yanaşı borcalanın 111411/1 nömrəli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin Cavabdeh2 ilə bank arasında 16 avqust 2013-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşıdıqlarına dair öhdəliklər götürmüşdülər. “X6 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etmiş, lakin borcalan Cavabdeh1 və zamin Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh(lər)ə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günə kimi olan borcu ödəməmişdir. Lakin, öhdəliklər cavabdeh(lər) tərəfinizdən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 fevral 2016-cı il tarixli 2(004)-954/2016 nömrəli qətnaməsinə əsasən ümumilikdə 5812.92 AZN (beş min səkkiz yüz on iki manat 92 qəpik) məbləğində borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə (müştərək) qaydada tutulması və eyni zamanda tutmanın banka kreditin təminatı kimi girov qoyulmuş, ipoteka predmeti olan “Seat İbiza ST” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borcun bankın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə yönəlmiş və prosessual ardıcıllığa, həmçinin Qanunverciliyin tələblərinə əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. İpoteka predmeti olan “Seat İbiza ST” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobil 15 fevral 2017-ci il tarixə saat 11:00-a təyin edilmiş açıq hərrac prosesində 4250 azn vəsaitə qalib alıcı X3 tərəfindən əldə edilmişdir. Yasamal Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində borclu Cavabdeh2 təqaüdünə inkasso sərəncamı qoyulmuşdur. Lakin, aldığı aylıq pensiyadan xırda-xırda ödəməsi bankı yuxarıda göstərilən zərər çəkmə reallığından qurtarmır və borc tam həcmdə qaytarılmadıqca həmin zərər artmaqda davam edir. Göründüyü kimi, cavabdeh(lər)in 01 fevral 2016-cı il tarixə əsas borc üzrə 5812.92 AZN ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) 01 fevral 2016-cı ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik beş faiz olaraq 928,78 manat hissəsi ödənilməmiş qalmaqdadır. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla: 1) xx.xx.2016 tarixindən xx.xx.2017 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 388 gün - 313.25 ₼ 2) xx.xx.2017 tarixindən xx.xx.2019 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 790 gün - 171.49 ₼ 3) xx.xx.2019 tarixindən xx.xx.2023 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 1,672 gün - 348.28 ₼ 4) xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 35 gün - 6.81 ₼ 5) xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 34 gün - 6.46 ₼ 6) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 49 gün - 9.08 ₼ 7) xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 332 gün - 60.03 ₼ 8) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 90 gün - 13.38 ₼ olmaqla ümumilikdə cəmi 928,78 manat təşkil edir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3444/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı sadələşdirilmiş icraat qaydasında baxılması üçün verilmiş pul tələbinə dair kiçik iddiası üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iş yükünün çox olması ilə əlaqədar iddiaçı “X6 Azərbaycan” QSC-nin nümayəndəsinin məhkəmə baxış iclasında iştirakının təmin olunmasının mümkün olmayacağı, iddianı tam müdafiə etdiklərini və iddia tələbi ilə əlaqədar sənədlər elektron məhkəmə sistemində olan elektron kabinetə əlavə edildiyini bildirmişdir. Bunu nəzərə alaraq, məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddiaçı “X6 Azərbaycan” QSC-nin iddiasının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-954/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, 5349.85 manat əsas borc, 375.57 manat faiz borcu, 50 manat cərimə borcu, cəmi 5775.42 və 37.50 manat məbləğində məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank “X6 Azərbaycan” QSC-yə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan 2013-cü il buraxılış tarixli, ban/şassi nömrəsi VSSSZZZ6JZDR184417, mühərrik CGGA22504, ağ rəngli “SEAT İBİZA ST” minik markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, həmin avtomobilin açıq hərracdan satılması və onun dəyərindən 5349.85 manat əsas borc, 375.57 manat faiz borcu, 50 manat cərimə borcu, cəmi 5775.42 və 37.50 manat məbləğində məhkəmə xərci “X6 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şabran rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli, 1179/16 nömrəli icra vərəqəsinə əsasən, Şabran rayon İcra Şöbəsinin icraatında olan Bakı şəhəri, Yasamal rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-13166/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi icra tədbirləri davam etdirilməsi üçün “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 10.1 və 24-cü maddəsinə əsasən icra sənədi ərazi aidiyyatı üzrə icra edilməsi üçün Yasamal rayon İcra Şöbəsinə göndərilir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “İcra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında” Qərara əsasən, Bakı şəhəri, Yasamal rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-13166/2015 saylı, 01 dekabr 2015-ci il tarixli icra vərəqəsi Yasamal rayon İcra Şöbəsinə göndərilsin. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-13166/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadına əsasən, X2 məxsus və ipoteka predmeti olan 2013-cü il buraxılışlı, ban/şassi nömrəsi VSSSZZZ6JZDR184417, mühərrik CGGA22504, ağ rəngli “Seat ibiza ST” minik markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişə (borcun ödənilməsinə dair pretenziya) əsasən, iddiaçı cavabdehlərə məhkəməsi qətnaməsi xx.xx.2025-ci il tarixinə qədər icra olunmadığından, həmin tarixə ümumilikdə 928.78 manat məbləğində Banka maddi zərər dəydiyini bildirmiş, 3 gün ərzində bu borcun ödənilməsini tələb etmiş, əks təqdirdə, öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə Banka dəymiş maddi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-25687/24 nömrəli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-954/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanmış və “Elektron icra” informasiya sistemi vasitəsilə aparılan araşdırma zamanı borcluda tələbə yönəldilə biləcək əmlak və gəlir yeri aşkar olunmamışdır. İş materiallarında olan çıxarışa əsasən, Cavabdeh1 məhkəmə qərarı üzrə gələn vəsait xx.xx.2017-ci il tarixində 4250 manat, xx.xx.2019-cu il tarixində 63.17 manat, xx.xx.2023-cü il tarixində 99 manat, xx.xx.2023-cü il tarixində 33 manat, xx.xx.2024-cü il tarixində 33 manat, xx.xx.2024-cü il tarixində 33 manat, xx.xx.2025-ci il tarixində 231 manat olmuşdur və xx.xx.2025-ci il tarixinə qalıq borc 1070.75 manat təşkil edir. İş materiallarında olan maliyyə arayışına əsasən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2013-cü il tarixli 111411/1 nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmış ümumilikdə 928.78 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Məhkəmə Ekspertiza Mərkəzinin 9/3208 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən “X6 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixədək olan ödənişləri nəzərə alınmaqla Cavabdeh1 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən gecikdirilmiş vaxt üçün müəyyən edilən illik beş faiz uçot dərəcəsi ilə əsas borcu 1806.97 manat, faiz borcu 251.20 manat müəyyən edilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-ci maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-954/2016 nömrəli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 5349.85 manat əsas, 375.57 manat faiz, 50 manat cərimə borcu, cəmi 5775.42 manat və 37.50 manat məbləğində ödənilmiş məhkəmə xərci tutulmuşdur. Cavabdehlər məhkəmə qətnaməsi ilə tutulan pul məbləğinin ödənilməsini gecikdirdiklərindən hazırda iddiaçı (kreditor) məhkəməyə müraciət edərək, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edir. Göründüyü kimi, cavabdehlər qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə qətnaməsinin icrasını gecikdirmiş, bununla da, iddiaçının dəymiş zərərin əvəzini, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini cavabdehlərdən tələb etmək hüququ yaranmışdır. Məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspert rəyinə əsasən cavabdehlərin xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixədək “X6 Azərbaycan” QSC-yə gecikdirilmiş vaxt üçün müəyyən edilən illik beş faiz uçot dərəcəsi ilə əsas borcu 1806.97 manat, faiz borcu 251.20 manat müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış borcun tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə ekspert rəyində göstərilmiş gecikdirilmiş vaxt üçün müəyyən edilən illik beş faiz uçot dərəcəsi ilə əsas borcu 1806.97 manat, faiz borcu 251.20 manat borca münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə görə qətnamə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə çıxarılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia, iddia tələbində göstərilən həddə, yəni 928.78 manat məbləğində təmin edilməlidir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin pul məbləğinin ödənilməsini gecikdirdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada gecikdirilmiş vaxt üçün 928.78 manat məbləğində pul tutularaq iddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 100 manat məbləğində məhkəmə-mühasibatlıq ekspertizası xərci cavabdehlərə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada gecikdirilmiş vaxt üçün 928.78 (doqquz yüz iyirmi səkkiz manat yetmiş səkkiz qəpik) manat faiz borcu və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO********************44, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-3444/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3444/2025
29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver